Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, "Astara" gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına "bibər" yükü aparan nəqliyyat vasitəsi, stasionar rentgen qurğusu və kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlamaya cəlb edilib.
Yoxlama zamanı bibər yüklü yeşiklərin alt hissəsindən üzəriləri bibərlə örtülərək gömrük nəzarətindən gizlədilən dördbucaqlı formalı 55 ədəd bağlamada xalis təmiz çəkisi 25 kiloqram 75 qram narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.