Qəşəm Nəcəfzadə yazır...
Görəsən, biz niyə bu qədər xaricə meyilliyik? Dil öyrənmək gözəldir, hətta xarici dillərdən birini ən gözəl bilən adam öz dilinə, yəni Azərbaycan dilinə daha sevgili olur, onun bədii imkanlarını, hüdudlarını, leksikonunu daha yaxşı mənimsəyir. Dad yarımçıq əlindən. Kim bir az xarici dillərdən birində “hə” ilə “yox”u bilirsə, o, eyni dərəcədə öz doğma dilinin qol-qabırğasını sındırır. Ana dilinə xor baxır. Qabaq rus dili bizi öz əsarəti altına almışdısa, indi həmin “vəzifəni” ingilis dili yerinə yetirir.
Bunu şəhərimizin küçələrində çox aydın görmək olar. Siz “İçərişəhər” metrostansiyasından çıxıb, Fəvvarələr meydanına gəlsəniz, ordan da, Nizami küçəsinə keçsəniz, bir anlıq Azərbaycanda olduğunuzu unudarsınız. Bütün dükanların, marketlərin adı ingilis dilindədir.
Nəyə görə belə olmalıdır axı? Bura Azərbaycandır, canımız, gözümüz Bakı şəhəridir. Görəsən, dükanlara Azərbaycan dilində adlar qoyulsaydı, nə olardı? Xaricilər gələndə heç olmasa Azərbaycan dilində bir kəlmə söz öyrənə bilərdilər. Hər bir millətin dili, əlifbası onun şəhərindən başlayır.
Bəlkə, biz xaricilərə xoş gəlmək üçün dükanlarımıza, obyektlərimizə ingilis adları qoyuruq. Ya da elə bilirik ki, ingilis adı qoymaqla kənddən gələnlərin diqqətini cəlb edirik, guya obyektin adı ingilis dilindədirsə, içindəki mal da xaricdən gəlib və ya mal yaxşı maldır. Fikir verin hotellərimizin, şadlıq saraylarımızın, şirkətlərimizin adlarına. Nəyə görə onların əksəriyyətinin adı əcnəbi dildədir?
Biz heç, deyək ki, buna göz yuma bilərik. Əgər biz bir gün övladımızın əlindən tutub bu obyektlərin qabağından keçəndə onun suallarına necə nə cavab verəcəyik? O uşağın sualları doğma ana dilimizin bizdən aldığı amansız intiqam olacaq. Sizdən soruşuram, o uşağa nə cavab verəcəyik? O suallar bizə ünvanlanır, onu bizə verən və bizdən də israrla cavab istəyən gələcəkdir.
O uşaq gələcəyin özüdür. Halbuki o uşaq Bakı şəhərinin divarlarından Azərbaycan dilini öyrənə bilərdi. Heç olmasa, xaricdən gələn vətəndaş ölkəmizdən Azərbaycan dilində bir söz aparardı. Hanı, biz bu imkanı onlara verdikmi?
Uşaq dükanları var, adı ingilis dilində. Biz həmin dükanın adını “Cırtdan”, “Göyçək Fatma” və ya “Məlikməmməd” qoya bilmərikmi? Onda həmin adlar lap uzaqdan uşaqları öz ağuşuna çağırardı. İngilis dilində olan şadlıq saraylarının adlarını “Leyli”, “Məcnun”, “Yeddi gözəl”, “Göyçək Fatma” adları qoysaydıq, görəsən, nə olardı, onda kimin xətrinə dəymiş olardıq, ingilis təfəkkürlü insanların, yoxsa əcnəbilərin?
Bir şey mənə çox maraqlıdır. Deyək ki, elə mən ingilis dilinin dəli-divanəsiyəm, şirkətimə, hotelimə, dükanıma ingilis adları qoyuram, bəs onu qeydiyyatdan keçirən aidiyyəti qurumlar buna necə baxırlar? Görəsən, niyə icazə verirlər? Divarlara vurulmuş əcnəbi adları Bakı Şəhər Mədəniyyət İdarəsi görmürmü? Yoxsa onlar kabinetlərindən küçəyə çıxmırlar, dükanlara getmirlər?
Şəhərdəki bütün yazılar Azərbaycan dilinin əlifbasıdır axı. Görəsən, bu adlara icazə verənlər uşaqlara hansı dili öyrədirlər? Axı bura Azərbaycanın paytaxtı Bakı şəhəridir.
Bakı demişkən, şəhərimizə bütün istiqamətlərdən daxil olanda “Bakı şəhəri” sözünü lap kiçik bir lövhədə, o qədər kiçik və solğun yazıblar ki, heç ucqar rayonun ucqar kəndinin adı bu kiçiklikdə deyil.
“Qaradağ” sementinin reklamı on “Bakı” böyüklüyündədir. Axı biz bu istiqamətlərdən paytaxta daxil oluruq, Azərbaycanın paytaxtına, yazdığınız hərflər kimi kiçik olmayan, dünyanın ən böyük, mədəniyyət, neft, iqtisadiyyat mərkəzi, Birinci Avropa Oyunlarının təntənə ilə keçirildiyi bir şəhərə - Bakıya daxil oluruq!