Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Səlaməddinin anası öldürülmüş rusiyalı gəncin anasına müraciət etdi – Foto
Bu yay Moskva yaxınlığındakı Pexorka çayında boğulan üç qızı xilas edərkən həlak olmuş Səlaməddin Nağıyevin valideynləri Orxan Zeynalovun məsələsi ilə əlaqədar Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından təəssüfləndiklərini bildirirlər.
“Mənim xalqım Rusiyada indi təsəvvür yaradıldığı kimi heç də pis deyil və mən istəyirəm ki, rus xalqı bunu anlasın. Ayrı-ayrı mənfi məişət hadisələrinə görə bütün xalqı ittiham etmək olmaz”, - deyə mərhum S.Nağıyevin Lənkəran rayonunun Viyan kəndində yaşayan anası “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna bildirib, Oxu.Az xəbər verir.
Səlaməddinin anası mərhum Yeqor Şerbakovun anasına başsağlığı verib.
“Mən oğlunu itirmiş ana olaraq onun dərdini çox gözəl başa düşürəm”, - deyə o söyləyib.
S.Nağıyevin atası Həmdulla Nağıyev deyib ki, onun oğlu Pexorka çayında batan qızları görərkən onları xilas etmək üçün düşünmədən suya atılıb və həlak olub. Onun sözlərinə görə, azərbaycanlılar öz cəsurluğu, mərdliyi ilə fərqlənirlər, başqalarının, xüsusilə başqa xalqların nümayəndələrinin həyatını xilas etmək üçün canlarından keçməyə hazırdırlar.
İyulun 10-da onun oğlu həlak olarkən yerli hakimiyyət orqanları baş verənlərə laqeyd münasibət göstərib və S.Nağıyevin valideynləri dalğıcların onların övladının cəsədini axtarması üçün hər saata 1000 dollar ödəməli olublar. Onların sözünə görə, Səlaməddinin cəsədi 3 gün sonra, onun 22 yaşı tamam olan gün tapılıb.
“Biryulevoda baş verənlərdən sonra Rusiyada baş verənlər bizim xalqımıza qarşı təxribatdır. Biz istəyirik ki, bizim Səlaməddin kimi insanlar rus xalqı üçün azərbaycanlıların təcəssümü olsun”, - deyə Səlaməddinin əmisi Etibar Nağıyev bildirib.