Son bir ay ərzində sərnişin avtobuslarının iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım müşahidə olunur. Təkcə iyul ayı ərzində 5-ə yaxın belə qəzanın qeydə alınması ictimai nəqliyyatda təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.
Maraqlıdır, sərnişin avtobuslarının iştirakı ilə olan qəzaların baş verməsinin əsas səbəbləri nələrdir?
Məsələ ilə bağlı Oxu.Az-ın suallarını cavablayan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, avtobusların iştirakı ilə baş verən qəzalara ümumi kontekstdə yanaşmaq lazımdır:

"Yəni bu gün yol hərəkətində təhlükəsizlik hansı səviyyədədirsə, təbii ki, minik avtomobilləri də, avtobuslar da qəzalara düşəcək. Bu ilin ilk yarısında ötən illərin ilk yarısına nisbətən daha az qəza olub. Bir məsələ də var ki, avtobusların iştirakı ilə olan qəzalarda ölüm hallarının sayı xeyli azalıb.
Bu da o səbəbdən olub ki, hazırda Bakı və ətraf ərazilərdə marşruta buraxılan avtobuslar daha keyfiyyətli, daha təhlükəsiz və ekoloji cəhətdən daha təmiz avtobuslardır. Park getdikcə yenilənir. Əgər 3 il əvvələ, geriyə dönüb baxsaq, görərik ki, bu gün bu işdə xeyli irəliləyiş var".
Onun sözlərinə görə, qəzaların başvermə səbəbləri kimi burada biz yol hərəkəti iştirakçılarının - istər sürücülərin, istərsə də piyadaların bilərəkdən qayda pozmasını qeyd edə bilərik:
"Bu bilərəkdən qayda pozmaları sadalayanda biz görürük ki, sürət həddinin aşılması, ara məsafəsinin saxlanılmaması, nəqliyyat vasitəsini idarə edərkən mobil telefonu əldə tutmaqla danışmaq, əldə tutmaqla mesajlaşmaq da bax bu bilərəkdən qayda pozuntularına aiddir".
Ekspert əlavə edib ki, bizim ölkəmizdə baş verən qəzaların sayının azaldılması, qəza sonrası infrastrukturun bərpası, qəzaya düşmüş insanlara ilk təcili tibbi yardımın və digər yardımların göstərilməsi ilə bağlı geniş bir dövlət proqramı var:
"Bu dövlət proqramı Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair bir yol xəritəsidir. Buna uyğun olaraq müvafiq qurumlar işlərini elə qurmalı idilər ki, 2019-2023-cü illər ərzində (5 il ərzində) bizim ölkəmizdə baş verən qəzaların sayı heç olmasa 30% azalmali idi. Təəssüf ki, bu proqramın bir sıra müddəaları bu günə qədər həyata keçirilməyib. Ona görə də hələ də bu qəza statistikası mövcuddur.
Biz qəzaların sayını azaltmaq, qəza sonrası tədbirlərin operativ həyata keçirilməsini və xəsarət alan şəxslərin sağ qalmasını təmin etmək istəyiriksə, mütləq yenidən həmin proqrama geri dönməliyik. Düşünürəm ki, o proqram qarşıdakı illərdə də aktual olmalıdır və orada qeyd edilən müddəaları hər bir qurum öz üzərinə düşən payı ilə mərhələli şəkillə həyata keçirməlidir".