Kubra Məhərrəmova yazır...
Nə qədər müasirliyin, inkişafın tərəfdarı olsam da, bəzi şeylər var ki, bizə yaraşmır.
Son illərdə paytaxtımızda tətbiqinə başlanılan mikromobillik hər nədirsə, bizdə alınmır.
Yeni zolaqlar çəkilir, işıqforlar quraşdırılır amma nəsə yerində deyil sanki, qaydasına düşmür ki, düşmür.
Söhbət motosiklet, moped, skuter və velosipedlərin paytaxt küçələrində nizamsız hərəkətindən gedir.
Bu gün Daxili İşlər Nazirliyinin (DİN) təqdim etdiyi videoçarxda yer alan dəhşətli qəzaların görüntülərini izlədik. Durduq yerdə qəzaya səbəb olanlara, qırmızı işıqda keçənlərə, ara məsafəni qorumayanlara, qəza zamanı uçanlara şahidlik etdik.
Əvvəla ondan başlayaq ki, bu vasitələr avtomobildən daha təhlükəlidir. Çünki qəza anında onu saxlayan kəmər, hava yastığı və s. yoxdur. Bir səhv və motosiklet, moped, skuter, velosiped sürücüsü yerə çırpılır, 70-80% hallarda ağır xəsarətlər alır. Nəzərə alaq ki, bizdə bu vasitələri heç də qayda-qanunla idarə etmirlər. Necə gəldi sürüb keçirlər.
Üstəgəl, sürücülərin çoxu heç qoruyucu geyimlərdən, dəbilqədən istifadə etmirlər.
İndi isə gəlin əlahəzrət statistikaya baxaq.
Diqqətinizə dünyanın bir nömrəli ölkəsində baş verənləri çatdırmaq istərdim. Belə ki, 2023-cü ildə ABŞ-də 6 335 motosiklet sürücüsü avtomobil qəzası nəticəsində həyatını itirib. Bu, 1997-ci ildən bəri ən yüksək illik ölüm sayıdır. Əlavə olaraq qeyd edim ki, motosikletlər ABŞ-də bütün avtomobil qəzaları nəticəsində baş verən ölümlərin təxminən 15.5%-ni təşkil edir.
İndi isə başqa qütbə - Qərbi Afrika ölkəsi Toqoya nəzər salaq. Toqo dünyada motosikletlə bağlı ən yüksək ölüm nisbətinə sahibdir. Ölkədə yol-nəqliyyat hadisəsi zamanı baş verən ölüm hadisələrinin 72%-i motosikletlərlə bağlıdır.

Yəni diqqətinizə onu çatdırmaq istəyirəm ki, istər dünyanın bir nömrəli inkişaf etmiş ölkəsi olsun, istərsə də qeyri, motosiklet öldürür və səhvi bağışlamır. Madam ki, bu "şeytan arabasına" minmisiniz heç olmasa özünüzə yazığınız gəlsin. Təhlükəli manevrləri etmədən hərəkət edin.
Əfsuslar olsun ki, biz tam başqa bir mənzərəyə şahidlik edirik. Gecə vaxtı "bir təkərə" qaldırmaq, sürətlə idarə etmək artıq nadir hadisə deyil, kütləvi hal alıb. Hamısı "farmazonluq" edir.
Son günlər DİN-nin ictimaiyyətə təqdim etdiyi videolarda polis əməkdaşları tərəfindən ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə nəzarət və profilaktik tədbirlər gördüklərinə şahid oluruq. Polis əməkdaşları sürücüləri baş verə biləcək ağır qəzalardan xəbərdarlıq edir, tövsiyələr verirlər. Bu videolar sosial şəbəkələrdə paylaşıldıqca, şərhlərə baxıram.
Birinci yerdə isə çox maraqlı bir şərh var, "Çörək qazanır da, kasıb adamdır, nə istəyirsiniz onlardan?"
Daha sonra "əvvəl soruşun ki, o niyə kuryer işləyir?" kimi şərhlər gəlir.
"Ölkədə hamının dərdi kuryer və taksi sürücüləridir, kuryer və taksi sürücüləri boyda daş düşsün təpənizə".
Cəmiyyətin yazdığından, danışığından (çoxluq belə yazır, deyir) belə çıxır ki, əgər bir kimsə kasıbdırsa, kuryer işləyirsə, taksi sürücüsü çalışırsa o zaman bütün mövcud qaydaları poza bilər. Bunun üçün onlara heç nə deyilməməlidir. Çünki insanlar "çörək pulu" qazanırlar.
Məsələn, səhər evindən çıxıb xəstəxanaya gedən tibb bacısının yoluna kuryer də, moped, skuter, velosiped idarə edən də çıxa və onu vurub keçə bilər. Nə böyük iş olub ki? O ki, çörək qazanmağa getmir?! Sadəcə küçəyə çıxıb.
O günlərdə metronun "İçərişəhər" stansiyasının yaxınlığında 14 yaşlı oğlan skuterlə hərəkətdə olarkən piyada qadını vurmuşdu. Hadisə şahidinin sözlərinə görə, qadın üz nahiyəsindən xəsarət alaraq, dişləri qırılmışdı.
Nə olsun ki? Səhv qadındadır ki, ümumiyyətlə küçəyə çıxır, çıxmasın.
Nəzərinizə çatdırım ki, motosiklet, moped, skuter və velosiped sürücüləri təkcə avtomobil sürücüləri üçün deyil, piyadalar üçün də böyük təhlükə yaradırlar. Bir də görürsən, səkidə yeridiyin halda qulağının dibindən nəsə ötdü. Baxırsan ki, skuter idi. Ya da pik saatlarda, yolda tıxacdır bir də görürsən ki, motosiklet, moped, skuter və velosiped sürücüləri səkidə hərəkət edir. Deyəndə ki, səki piyadalar üçün, üzünə hırıldayıb keçirlər.
Dənizkənarı bulvar isə ayrı biabırçılıqdır. Qocası, uşağı, yaşlısı normal hərəkət edə bilmirlər.
İndi təklif etsək ki, bu nəqliyyat vasitələrinin ölkəyə gətirilməsinə qadağa qoyulsun, deyəcəklər ki, "kasıbı boğursunuz!"
Desək ki, yaxşı ,cərimələr artsın və daha ciddi nəzarətə götürülsün, yenə deyəcəklər ki, "ölkədə hamının dərdi moto kuryer və taksi sürücüləridir, moto kuryer və taksi sürücüləri boyda daş düşsün təpənizə".
Yaxşı bəs, necə edək? Maarifləndirməklə alınmır axı?
Adamlar özü anlamır ki, bir səhv onun həyatının sonu ola bilər. Görünür cəhənnəmə özləriylə bərabər hələ bir-iki nəfər də aparmaq istəyirlər.
Bu kimi hadisələr hər gün baş verir. Gecə-gündüz, say bitmir. Məsuliyyətə cəlb edəndə isə "pulum yoxdur, vur öldür" deyə heç nə olmamış kimi davranırlar. Belə çıxır ki, bu ölkədə pulun yoxdursa, istədiyini edə bilərsən.
