Dünyada iğtişaşlar yaranıb. Məzhəb adından istifadə edirlər. Allahu Əkbər sədaları ilə insanı öldürürlər. Bu gün Azərbaycanda sünnilər, şiələr və digər cərəyanların nümayəndələri qardaş kimi yaşayır. Bu illərdir ki, belə davam edir.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Şeyxülislam Hacı Allahşükür Paşazadə QMİ-də keçirilən tədbirdə söyləyib. O, qeyd edib ki, Azərbaycanda uzun illər müxtəlif təriqətlərin nümayəndələrinin ibadətləri də bir yerdə olub.
“Azərbaycanlıların da xaricdə vuruşması xəbərlərini eşidirik. Biz öz vətənimizə qiymət verməliyik. Bizim dövlətimiz insanlara hər bir şəraiti yaradıb”.
O, bildirib ki, məhzəb ayrı-seçkiliyi, sünnilərə və şiələrə qarşı küfr edilməsi halları mövcuddur.
“Hətta şiələr belə radikallığa gedirlər. Belə hallara yol verilməməlidir. Din xadimləri camaatı belə əməllərdən uzaq olmağa çağırmalıdırlar”.
Bundan əlavə, şeyx saqqallılar barədə danışıb:
“Bizdə saqqallı mollaların sayı artıb”.
Şeyxülislam Allahşükür Paşazadə qeyd edib ki, Azərbaycanda kimliyi bəlli olmayan saqqallı mollalara qarşı mübarizə aparılmalıdır.
“Bizdə o qədər saqqallı mollalar var ki, onların kim olduğunu da bilmirik. Onlar kimdir, hansı məzhəbə qulluq edirlər? Bunu öyrənmək lazımdır. Onlarla mübarizə aparacağıq. Dini komitənin də onlar barəsində məlumatı yoxdur”, - şeyx deyib.