Kəskin respirator xəstəliklər zamanı bir çox insanlar dərhal müxtəlif dərmanları - qızdırmasalıcılar, antibiotiklər, virus əleyhinə vasitələr, vitaminlər və digər preparatları bir yerdə qəbul etməyə tələsirlər. Lakin bu cür üsul xəstəliyin tez sağalmasına təminat vermir və bəzi hallarda orqanizmə ciddi ziyan vura bilər.
Oxu.Az xəbər verir ki, rusiyalı terapevt Aleksandra Vişnyakova Gazeta.ru-ya müsahibəsində bu məsələyə aydınlıq gətirib.
Mütəxəssis qeyd edib ki, əksər vəziyyətlərdə bədənin virus infeksiyasına qarşı müstəqil şəkildə mübarizə aparmasına şərait yaratmaq vacibdir. Dərman preparatlarından yalnız tibbi zərurət yarandıqda istifadə edilməlidir.
"Qrip kimi xəstəliklərin əsas səbəbkarı viruslardır və onlara qarşı insanın öz immun sistemi dirəniş göstərir. Məhz immunitet lazımi anticisimləri yaradaraq infeksiyadan qorunmanı təmin edir. Odur ki, xəstəlik yüngül keçdikdə, müalicədə əsas məqsəd orqanizmə dəstək olmaq və narahatedici simptomları azaltmaqdır", - deyə həkim vurğulayıb.
Həkimlərin məsləhəti olmadan antibiotiklərdən istifadə edilməsi xəstələrin ən çox yol verdiyi yanlışlıqlardan biridir. Bu cür preparatlar viruslara heç bir təsir göstərmir, əksinə, bağırsaqların təbii mikroflorasını zədələyir, əlavə fəsadlar yaradır və gələcəkdə bakteriyaların dərmanlara qarşı dirənişini gücləndirir.
Bununla yanaşı, bədən hərarətini ilk fürsətdə aşağı salmaq hər zaman tövsiyə olunmur. Yüngül qızdırma bədənin təbii müdafiə mexanizmidir və bu halda immunitet daha aktiv şəkildə fəaliyyət göstərir. Qızdırmasalıcı dərmanların qəbulu isə əsasən hərarət 38-38.5 dərəcəni keçdikdə, xəstədə xroniki narahatlıqlar olduqda və ya yüksək hərarətə dözümsüzlük yarandıqda məsləhət görülür.
Yolverilməz hesab edilən digər bir xəta isə oxşar təsiredici maddələrə malik olan bir neçə dərmanın eyni zamanda qəbul edilməsidir. Soyuqdəyməyə qarşı istifadə olunan bir çox tozların tərkibində eyni aktiv maddələr mövcuddur.
Həkimin sözlərinə görə, xəstəliyin fəsadsız gedişində əksər hallarda tam istirahət, kifayət qədər maye qəbulu, yuxu, havanın nəmləndirilməsi və zərurət olduqda simptomatik müalicə kifayət edir. Əgər yüksək temperatur üç gündən çox davam edərsə, təngnəfəslik, sinədə ağrı, şüurun bulanması, kəskin zəiflik yaranarsa və ya yaxşılaşmadan sonra vəziyyət yenidən pisləşərsə, həkimə müraciət etmək lazımdır.
"Virus infeksiyalarının müalicəsinin əsas prinsipi həblərin sayı deyil, ağlabatan yanaşmadır. Əksər hallarda məhz orqanizmin öz immun sistemi virusun öhdəsindən uğurla gəlir, pasiyentin vəzifəsi isə ona mane olmamaq və həyəcanverici simptomlar yarandıqda vaxtında tibbi yardım üçün müraciət etməkdir", - deyə terapevt yekunlaşdırıb.