Azərbaycanda su təchizatı tariflərinin artacağı gözlənilmir.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı jurnalistlərə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov deyib.
Q.Hüseynov bildirib:
“Tariflərin bugünkü səviyyəsi müəssisənin gəlirli işi üçün yetərlidir”.
Onun sözlərinə görə, əhalidən ödənişlərin yığım səviyyəsi kifayət qədər yüksəkdir və 94% təşkil edir:
“Bu gün problem başqadır - biz istehsal olunan suyun 40%-dən azacıq çoxunu sata bilirik, itki 56% təşkil edir. Bunun əsas səbəbləri yenilənmə tələb edən köhnə infrastrukturun işi ilə bağlıdır, eləcə də əhalinin su üçün çənlərdən gündəlik istifadəsidir. İçməli suyun verilməsində tədricən fasiləsiz rejimə keçməklə biz bu çənlərin istifadədən çıxarılacağına nail olacağıq. Biz bu istiqamətdə Bakı Şəhər İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi ilə işləyirik”.
2011-ci il yanvarın 1-dən Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Xırdalan və Abşeron rayonunun sakinləri üçün ƏDV nəzərə alınmaqla suyun hər kubmetrinə görə qiyməti 30 qəpik təşkil edir (əvvəlki tarif 18 qəpik idi). Digər rayonlarda isə bu tarif 25 qəpik təşkil edir.
Sayğacı olmayan abonentlər isə hər kubmetrinə görə 1 manat ödəyirlər. Kanalizasiya xidməti tarifi isə həmin kateqoriyalı abunəçilər üçün bir kubmetrinə görə 30 qəpikdir. (Trend)