Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Sumqayıtda baş verən partlayışda zərərçəkənlər: "Dost-tanış evində qalmaq olmur"
Sumqayıt şəhərində, 13-cü mikrorayonda yerləşən beşmərtəbəli binada dekabr ayının 3-də baş verən partlayış zamanı mənzillərinə ziyan dəyən sakinlər onlara diqqət göstərilməməsindən şikayətçidirlər.
Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.
Qeyd olunub ki, partlayış nəticəsində binaya ciddi ziyan dəyib və sakinlərin vəziyyəti ilə maraqlanan yoxdur.
"Bizimlə maraqlanan yoxdur. İndiki vaxtda günlərlə gedib dost-tanış evində qalmaq olmur. Binaya girməyə icazə vermirlər. Harada qalmalıyıq, nə etməliyik - bilmirik. Uşaqlarımız məktəbə gedə bilmirlər, özümüz də çarəsizlikdən hərəmiz bir yerə dağılışmışıq. Bəs bunun sonu nə olacaq?" - deyə şikayətdə qeyd olunur.
Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib ki, hadisənin nəticələrinin aradan qaldırılması üçün icra hakimiyyəti və aidiyyəti qurumlar tərəfindən müvafiq tədbirlər davam etdirilir.
"Qeyd edək ki, hadisə baş verən bina altı girişdən ibarətdir və mütəxəssislərin rəyi əsasında dünən günorta saatlarından etibarən üç girişdə yaşayış tam bərpa olunub. Digər girişlərlə bağlı da tədbirlər davam etdirilir. Mütəxəssislərin rəyi əsasında bu girişlərlə bağlı da addımlar atılacaq.
Gün ərzində Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları ərazidə olublar. Sakinlərin müraciəti əsasında onlar müvəqqəti olaraq müvafiq yerlə təmin olunublar. Növbəti qərarlara uyğun olaraq, Sumqayıt Şəhər İcra Hakimiyyəti tədbirlər görəcək", - deyə açıqlamada bildirilir.
Xatırladaq ki, Sumqayıtda, 13-cü mikrorayonda baş verən partlayış nəticəsində 100-ə yaxın sakin binadan təxliyə edilib.
Əzizə İsmayılova
Rəylər