Bu gün Bakının Qafqaz İslam Ordusu tərəfindən bolşevik-daşnak işğalından azad edilməsindən 106 il ötür.
Oxu.Az-a bu tarixi hadisə barədə danışan Azərbaycan Dövlət Pedaqoji Universiterinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərov həmin dövrdə Bakı uğrunda mübarizənin gücləndiyini bildirib:
"1917-ci il oktyabrın 25-də Rusiyada çevriliş yolu ilə hakimiyyəti ələ keçirən bolşeviklərin həll etməli olduğu bir çox məsələlər var idi. Bu məsələlərdən biri də mərkəzi hakimiyyətdə yaranmış boşluqdan faydalanaraq əsarətdən xilas olmağa can atan xalqları yenidən tabe etmək idi. Müstəmləkəçilik zülmündən xilas olmaq şansı əldə etmiş Azərbaycan xalqının azadlığını və müstəqilliyini qəsb etmək məhz bolşevik hökumətinin fəaliyyətinin əsas istiqamətlərindən biri idi. Bəhs olunan dövrdə Azərbaycanın, ələlxüsus Bakının Rusiya üçün nə qədər həyati əhəmiyyət daşıdığını bilən bolşeviklər ilk növbədə, Bakını əldə saxlamaq planını həyata keçirdilər. 1917-ci il oktyabrın 31-də Bakıda "Sovet hakimiyyəti" adı altında mürtəce bolşevik rejimi yaradıldı və noyabrın 2-də elan edildi. Bakı Sovet Rusiyası üçün təkcə iqtisadi əhəmiyyət daşımırdı. Eyni zamanda Rusiya Bakıya sahib olmaqla həm Xəzər dənizinə nəzarət imkanlarını saxlayır, həm cənub sərhədlərinin təhlükəsizliyini təmin etmiş olur, həm ingilislərin Şimala irəliləməsinin qarşısını alır, həm də Osmanlı dövlətinin Mərkəzi Asiyaya yolunu bağlayırdı. Rusiya Bakını əldə saxlamaq üçün diplomatik addımlarını daha da artırdı. Belə diplomatik addımlardan biri 1918-ci il martın 3-də imzalanmış Brest-Litovsk müqaviləsi idi. Müqaviləni imzalamaqla Sovet Rusiyası aşağıdakılara nail olmuş olurdu:
1. Müharibədən çıxmaqla hərbi və iqtisadi itkilərini minimuma endirmək şansı qazanırdı.
2. Daha çox ərazi itkisi təhlükəsini aradan qaldırırdı.
3. Şərqi Avropa və Qafqaz üzərindəki hakimiyyətini saxlamış olurdu.
4. Azadlıq mübarizəsinə qalxmış milli azlıqların xarici köməkdən məhrum olmasına nail olmağa çalışırdı. Məhz buna görə də 1918-ci il mayın 15-də Osmanlı ordusu Gümrünü tutarkən RSFSR Xalq Xarici İşlər komissarı G.Çiçerin Moskvadakı Osmanlı səfiri Q.Kamal bəyə etiraz notası təqdim edərək açıqca bildirmişdi ki, Sovet Rusiyası Brest-Litovsk müqaviləsi ilə Osmanlı dövlətinə qaytardığı ərazilərdən başqa heç bir ərazini güzəştə getməyəcəyini bildirir.
Alim baş verən hadisələr fonunda Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını tarixi zərurət olduğunu qeyd edib:
"Lakin hadisələrin sonrakı inkişafı bir daha göstərdi ki, mart soyqırımından sonra Rusiyaya olan bütün ümidləri qırılmış Azərbaycan xalqının yeganə çıxış yolu müstəqilliyə nail olmaq idi. 1918-ci il mayın 28-də istiqlaliyyətinə qovuşan Azərbaycana qarşı Sovet Rusiyasının münasibəti düşmənçilik xarakteri aldı. V.İ.Lenin Azərbaycan Xalq Cümhuriyyətinin öz hakimiyyətini bütün Azərbaycanda, xüsusilə də Bakıda bərqərar edəcəyindən bərk narahat idi. Çünki, 1918-ci il iyunun 4-də imzalanmış Batum müqaviləsinə görə Osmanlı dövləti AXC-ni tanımaqla yanaşı, ona hərbi yardım göstərməyə də razılıq vermişdi. Ona görə də ilk növbədə Bakı XKS-nin rəhbəri S.Şaumyana Gürcüstanla danışıqlara getmək və Osmanlı dövlətinin AXC-yə yardım etməsinə mane olmaq tapşırığı verildi. S.Şaumyan 1918-ci il iyunun 6-da Gürcüstan hökumətinin başçısı N.Jordaniyaya müraciət etdi. Müraciətdə göstərilirdi ki, əgər Gürcüstan hökuməti Osmanlı qoşunlarını öz ərazisindən Azərbaycana buraxmasa, RSFSR XKS-nin hakimiyyəti bütün Cənubi Qafqazda bərqərar edildikdən sonra Gürcüstana muxtariyyət veriləcək".
Taleh Cəfərov Sovet Rusiyasının Almaniya vasitəsilə Bakının azad olunmasına mane olduğunu deyib:
"Osmanlı dövləti ilə müttəfiq olmasına baxmayaraq Rusiya ilə münasibətləri pozmaq istəməyən və Osmanlı dövlətinin Qafqazda möhkəmlənmək cəhdlərinə qısqanclıqla yanaşan Almaniya və Gürcüstan hökumətinə osmanlıları buraxmamaq üçün təzyiq göstərirdi. Lakin bu cəhdlərin heç biri AXC-Osmanlı birliyini poza, Osmanlı ordusunun Azərbaycana gəlməsinə mane ola bilmədi. Belə olduqda Bakı XKS AXC üzərinə açıq müdaxilə yolunu seçdi və Bakı XKS-in ordu və donanma işləri üzrə komissarı Q.Korqanov iyunun 6-da Gəncə üzərinə yürüş haqqında əmr verdi. Məqsəd Osmanlı orduları toparlanana qədər Gəncəni ələ keçirmək idi. Bunun qarşısını almaq üçün ilk növbədə Gəncədə möhkəmlənməyi zəruri hesab edən Milli hökumət iyunun 16-da Gəncəyə köçdü. İyunun 26-da milli Azərbaycan korpusunun yaradılması haqqında fərman verildi. Milli hökumətin qarşısında duran əsas vəzifə Bakını azad etmək idi. Çünki Azərbaycanı Bakısız təsəvvür etmək mümkün deyildi. Azərbaycan-Osmanlı hərbi birləşmələrindən təşkil edilmiş "Qafqaz İslam Ordusu" Göyçay yaxınlığında iyunun 27-dən iyulun 1-nə qədər davam edən 4 günlük döyüşdə əksəriyyəti ermənilərdən ibarət olan 18 minlik Bakı Soveti qoşunlarını ağır məğlubiyyətə uğradaraq geri çəkilməyə məcbur etdi. Lakin Sovet Rusiyasının Almaniya vasitəsilə işə qarışması Bakının azad edilməsi prosesini bir qədər təxirə saldı. Belə ki, hərbi yolla Bakını əldə saxlamağın mümkün olmadığını başa düşən Sovet Rusiyası Almaniya ilə danışıqlara gedərək diplomatik yolla Osmanlı dövlətinə təzyiq göstərmək istəyirdi. Bolşeviklər belə hesab edirdilər ki, Osmanlı dövləti Almaniyanın razılığı olmadan hərbi əməliyyatları davam etdirməyə cəsarət etməyəcək. İ.V.Lenin iyunun 30-da və iyulun 7-də Stalinə göndərdiyi teleqramlarda bildirirdi ki, Qafqaz İslam Ordusunun hücumunun qarşısı alınarsa, neftin bir hissəsinin Almaniyaya verilməsi mümkündür və bu barədə S.Şaumyanın məlumatlandırılmasını istəyirdi. Bakının itirilməsi ilə heç cür barışmayan Sovet Rusiyası Osmanlı dövlətinə təzyiqləri artırdı. RSFSR Xalq Xarici İşlər Komissarı G.Çiçerin 1918-ci il avqustun 8-də Moskvadakı Osmanlı səfiri Q.Kamal bəylə görüşərək yaranmış vəziyyətdən narahatlığını bildirdi və Bakıya hücumun dayandırılmasını tələb etdi. Eyni zamanda Osmanlı səfiri də Sovet Rusiyasını erməni quldur dəstələrini silahlandırmaqda günahlandırdı və bunun Brest-Litovsk müqaviləsinin şərtlərinə zidd olduğunu bildirdi".
Alim Almaniyanın öz mənfəətləri üçün Osmanlı dövlətinə xəyanət etdiyini bildirdi:
"1918-ci il avqustun 9-da Osmanlı dövləti ilə Rusiya arasında diplomatik münasibətlər kəsildi. Rusiya ilə münasibətlər kəsildikdən sonra Osmanlı dövləti Almaniya ilə Bakı məsələsində razılığa gəlmək xəttini götürdü. Bununla Osmanlı dövləti bir tərəfdən Almaniya ilə Rusiya arasında mümkün ola biləcək razılaşmaya mane olmaq, digər tərəfdən ingilislərin Bakıya gəlməsinin qarşısını almaq istəyirdi. Bu məqsədlə Osmanlı dövlətinin hərbi naziri Ənvər paşa alman generalı Lüdendorfa müraciət edərək Bakı üzərinə birgə hücum etməyi təklif etdi. Lakin Bakı məsələsində Almaniya Rusiya ilə razılaşmışdı. Ona görə də Ənvər paşanın təklifinə soyuq yanaşdı. Almaniyanın Bakı məsələsində Rusiya ilə razılaşması, eyni zamanda ingilis generalı Denstervilin Bakıya gəlməsi və ingilislərin Bakıda möhkəmlənmək təhlükəsi Osmanlı dövlətini qəti addım atmağa vadar edirdi. Çünki Berlində Brest-Litovsk müqaviləsinə əlavə olaraq avqustun 27-də alman-rus sazişi imzalanmışdı. Sazişə görə, almanlar ingilisləri Bakıdan qovaraq şəhəri Rusiya idarəçiliyinə qaytaracaq, Osmanlı qoşunlarını Brest-Litovsk müqaviləsində göstərilən demarkasiya xəttinə çəkilməyə məcbur edəcəkdi. Əvəzində isə Rusiya Bakıdan hər ay çıxarılacaq neftin dörddə bir hissəsini Almaniyaya verəcəkdi. Bu müqavilə ilə Almaniya nəinki öz müttəfiqlik öhdəliklərini pozmuşdu, hətta müttəfiqi olan Osmanlı dövlətinə xəyanət etmişdi".
Taleh Cəfərov Bakının bolşevik-daşnak işğalından qurtarılmasının Azərbaycan və Türkiyə qardaşlığının ən möhtəşəm tarixi örnəklərindən biri olduğunu vurğulayıb:
"Hadisələrin bu cür qarışıq məcrada davam etdiyi bir vaxtda Qafqaz İslam Ordusunun komandanı Nuru paşa Bakını azad etmək üçün həlledici hücum planı hazırladı. Sentyabrın əvvəllərində almanlar qəti əmin oldular ki, Sovet Rusiyasının Bakı ilə demək olar ki, heç bir bağlılığı qalmayıb. Belə olduqda, Almaniya yenidən Osmanlı dövləti ilə əməkdaşlığa meyl etməyə başladı və Gürcüstanda yerləşən alman ordu hissələrinin Qafqaz İslam Ordusuna yardıma getməsi barədə qərar qəbul etdi. Lakin artıq Bakını azad etmək ərəfəsində olan Osmanlı dövləti Almaniyanın köməyindən qətiyyətlə imtina etdi. Nəticədə, sentyabrın 14-də səhər saat 4-də Bakının azad edilməsi əməliyyatı başladı və sentyabrın 15-də uğurla başa çatdırıldı. Bakıdakı ingilis qoşunları, general Denstervil və polkovnik Keyvortla birlikdə Ənzəliyə qaçdılar. General Dokuçayev və "hərbi nazir" Baqratuni başçılıq etdiyi Sentrokaspi ordusu da şəhərdən qaçdı. General Denstervil Bakını qoruya bilməyəcəyi təqdirdə neft mədənlərini dağıtmağı planlaşdırmışdı və hətta bu barədə Mesopotamiyadakı ingilis ordusunun komandanı general Marşandan əmr də almışdı. Lakin Qafqaz İslam Ordusunun hücumu o qədər sürətli oldu ki, ingilislər bu bədxah niyyəti həyata keçirə bilmədilər. Sentyabrın 16-da Qafqaz İslam Ordusunun şəxsi heyəti şəhərin mərkəzi küçəsindən paradla keçdi. Şəhər toy-bayrama bürünmüşdü. Ertəsi gün Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya daxil oldu. Bununla da Azərbaycan xalqı öz paytaxt şəhərinə yenidən sahibləndi. Bakının azad edilməsi münasibətilə çıxış edən F.Xoyski bildirdi: "Nə zirehli maşın, nə tikanlı məftil, mina və texniki qurğular, nə də ingilislər və onların əlaltıları tarixin təbii gedişini dayandıra bildilər". Bakı uğrunda mübarizə bir daha sübut etdi ki, Azərbaycan-Türkiyə dostluğu qırılmaz tellərlə bir-birinə bağlı idi və heç bir qüvvə bu birliyi sarsıtmaq iqtidarında deyildi".
Söhrab İsmayıl
Rəylər