Bakının Yasamal rayonu Tbilisi prospektində yol nəqliyyat hadisəsi baş verib.
Oxu.Az ANSPRESS-ə istinadən xəbər verir ki, qəza zamanı üzü metronun 20 yanvar stansiyasına doğru hərəkət edən Namiq Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomaşınla onunla eyni yolda olan Zaur Rzayevə məxsus “VAZ 21015” markalı nəqliyyat vasitəsi toqquşub.
Qəza zamanı toqquşma o qədər güclü olub ki, hər iki avtomobil yoldan çıxıb, “Chevrolet” markalı avtomaşın isə aşıb. Hadisə nəticəsində “Chevrolet”in sürücüsü və maşında olan 2 sərnişin xəsarət aldığından onlar təcili olaraq xəstəxanaya çatdırılıb.
Hadisə yerinə isə Yasamal rayon polis idarəsi və dövlət yol polis şöbəsinin əməkdaşları cəlb edilib. İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya “Chevrolet” markalı avtomaşının sürücüsü Namiq Əliyevin maşını yüksək sürətlə idarə etməsi səbəb olub.
Şahidlərin sözlərinə görə, hadisə anında “Chevrolet”in sürücüsü Tbilisi prospekti ilə hərəkətdə olan zaman qəfildən dönərək geri qayıtmaq üçün yol ayrıcına daxil olmaq istəyib. Bu zaman isə nəqliyyat vasitəsi “VAZ 21015” markalı avtomobillə toqquşub.
Baş vermiş avtoqəza ilə bağlı rayon polis idarəsində araşdırma başlanıb. Qəzanın dəqiq səbəbləri isə təyin ediləcək avtotexniki və tibbi ekspertizalar rəyindən və hadisə yerində quraşdırılan təhlükəsizlik kamerasındakı görüntülər izlənəndən sonra məlum olacaq.