Heç səhər tezdən saat 6-7 radələrində yuxudan durub şəhərimizi gəzintiyə çıxmısınızmı? Əgər çıxmısınızsa siz də mənim gördüklərimin şahidi olmusunuz.
Hər səhər tezdən nənə-babalarımız və ya valideynlərimiz yaşında olan mənzil-kommunal təsərrüffatı birliyinin əməkdaşları əllərində süpürgə yollanırlar şəhərimizin onlar üçün əvvəlcədən təyin olunmuş müvafiq hissələrinə.
Bəs onların əmək fəaliyyəti nədən ibarətdir? Heç bu sualı özümüzə vermişikmi? Onların əmək fəaliyyəti biz insanların gün ərzində şəhərdə zibil qablarına tullamalı olduğumuz, lakin bunun əvəzinə yerə tulladığımız zibil qalıqlarını toplamaqdır. Bununla da məvacib alıb özlərini və ailələrini dolandırmaq.
Görəsən, biz yuxuda olarkən bu yaşlı insanların erkən yuxudan durarkən ilk olaraq düşündükləri nə olur? Məncə bu aşağıdakı fikirlərdir:
“Kaş bugün təmizləyəcəyim hissəni insanlar dünən daha az zibilləmiş olsun”…
Bəlkə də aramızda fiziki işin nə olduğunu bilməyənlər az deyil. Əgər bir gün əlimizə süpürgə alıb öz həyətimizi və ya bağımızın həyətini təmizləsək əminəm ki, bu cür fiziki işin heç də asan olmadığını asanlıqla anlayarıq. Amma gələn dəfə bunu küləkli bir gün təkrarlayaq. Növbəti dəfə isə yağışlı bir gün, növbəti dəfə isə şaxtalı küləkli soyuq qış günündə, növbəti dəfə qızmar yay günündə, növbəti dəfə isə həyətimizi yox, minlərlə maşınların sürətlə keçdiyi magistral yolun kənarında bunu edək. Həyatımız risk altındadır, deyilmi?
Minlərlə insanların anaları, nənələri, babaları hər gün bu ağır və riskli işlə məşğuldur. Və hər səhər tezdən bu ağır iş onları gözləyir.
Bir dəfə onların yanından keçəndə ayaq saxlayıb onların üzünə, gözlərindəki kədərə, əziyyət və ağır iş yükündən xəbər verən üz cizgilərinə diqqətlə baxaq. Baxaq ve özümüzə sual verək:
“Görəsən bu kədərin yaranmasında mənimdə günahım varmı?”
İctimai yerdə zibil qabından başqa istənilən yerə atdığımız hər bir zibil qalığının arxasında bax bu yaşlı həmvətənlərimizin kədərli və əziyyətli həyatı dayanır.
Etik davranış xatirinə olmasa da olar, ən əsas insanlıq xatirinə şəhərimizi zibilləməyək. Gəlin ömrünün ahıl yaşlarını yaşayan, bu əməksevər, üzü nurlu həmvətənlərimizin işini asanlaşdıraq, onlara kömək edək.
Ən böyük köməyimiz isə ən xırda zibil qalığı olsa belə, onu yerə atmamağımızdır.
Sübhi Bektaşi, Vüsalə Abdullayeva
www.uchansichan.livejournal.com
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin