Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
"Hər il olduğu kimi, bu il də payız-qış mövsümündə, əsasən, rast gəlinən infeksion xəstəliklər kəskin respirator virus infeksiyalardır".
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov "Report"a müsahibəsində mövzu ilə bağlı ətraflı danışıb.
- Hazırda Azərbaycanda epidemioloji durum nə yerdədir? Payız-qış mövsümünü nəzərə alaraq insanlar arasında hansı növ xəstəliklər müşahidə olunur?
- Hər il olduğu kimi, bu il də payız-qış mövsümündə, əsasən, rast gəlinən infeksion xəstəliklər kəskin respirator virus infeksiyalardır. Bura qriplə yanaşı, bir neçə növ respirator viruslar daxildir. Hər il bu və ya digər viruslar müəyyən qədər artaraq xəstələnmə halları yaradır. Həmin viruslar bütün il boyu mövcud olsa da, soyuq aylarda onların yayılması sürətlənir.
Hansısa infeksiyanın müəyyən dövrlərdə müvəqqəti artımı ola bilər. Bir müddət sonra həmin infeksiya sönür və yerini başqa respirator virus infeksiyasına verir. Proses bu cür davam edir. Lakin bu gün ölkədə ümumi epidemioloji durum olduqca qənaətbəxşdir.
- Qrip əleyhinə peyvəndləmə prosesi hələ də davam edir. Gedişatı necə dəyərləndirirsiniz?
- Qrip əleyhinə peyvəndləmə mövsüm başlamadan öncə aparılmalıdır. Mövsüm başlamadan əvvəl peyvəndləmə aparmaqda məqsəd mövsümi qrip yayılanda insanları ağır gedişatdan, fəsadlardan qorumaqdır. İlk növbədə, risk qrupuna daxil olan insanları nəzərə almaq lazımdır. Risk qrupuna daxil olan şəxslərə beş yaşdan aşağı uşaqlar, hamilə qadınlar, ahıllar (65 yaşdan yuxarı), zəif immunitetə sahib və ağır xroniki xəstəliyi (böyrək, qaraciyər, mərkəzi sinir sistemi və s. problemləri) olan insanlar aiddir.
Sevindirici haldır ki, son illərdə mövsümi qrip infeksiyasının baş qaldırdığı dövrdə Səhiyyə Nazirliyi müvafiq peyvəndlər əldə edir və poliklinik xidmət göstərən müəssisələrə paylayır. Sözügedən proses bu il daha tez başlayıb. Ötən dövrlərdə sentyabr-oktyabr aylarında başlayan prosesə bu il sentyabrın ilk günlərindən başlanılıb. Bununla yanaşı, insanlar arasında müəyyən maarifləndirmə işləri də aparılıb.
Biz bu il peyvəndlərə yetəri qədər tələbat olduğunu müşahidə etdik. Onu da qeyd edək ki, ilbəil peyvənd üçün müraciət edənlərin sayı da artır.
Bir şeyi də xüsusi vurğulamaq istəyirəm ki, hər ölkə peyvəndləməni bu səviyyədə həyata keçirə bilmir. Qürurverici haldır ki, payız-qış mövsümündən öncə keyfiyyətli peyvəndlər ölkəmizə gətirilə bilir. Bu prosesin öz yolunda getməsi üçün əhali arasında təbliğatın aparılması vacibdir.
Peyvəndlənməni mövsümboyu etmək olar. Amma effekt görmək istəyiriksə, bunu mövsüm dəyişikliyi başlamazdan əvvəl etmək lazımdır. Çünki peyvənd vurulandan sonra, ən azı, iki həftə ərzində virusa qarşı immunitet yaranır. Qripin alovlandığı vaxtda virusa yoluxma baş verdikdən sonra vurulmuş peyvənd həmin şəxsi qoruya bilməyəcək.
- COVID-19 pandemiyasının hələ də davam etdiyini nəzərə alsaq, yeni mutasiyaların mövsümi xəstəliklərə təsiri necədir? Ümumilikdə, bu gün ölkədə koronavirus infeksiyasına yoluxma faktları hansı səviyyədədir?
- COVID-19 infeksiyasının qismən davam etdiyini demək daha doğrudur. Son dövrlər statistik məlumatlar açıqlanmır. Çünki yoluxma sayı çox azdır. İkirəqəmli, hətta bəzən birrəqəmli yoluxma sayı müşahidə olunur. COVID-19 virusunun mutasiyası nəticəsində ortaya çıxan "Omicron" ştamı və onun alt növləri hesabına xəstəlik daha yüngül keçir. Buna görə də real statistikanı müəyyən edə bilmərik. Çünki COVID-19-a yoluxma halını müəyyən etmək üçün mütləq laborator müayinə lazımdır.
Hazırda bu virus yüngül keçdiyinə görə əhali digər respirator infeksiyalara bənzər simptomlarla qarşılaşır. Yalnız ağır gedişat - xəstəxanaya yerləşmə halı baş verərsə, yoxlamalar nəticəsində diaqnoz bəlli olur. Demək olar ki, bu hallara indi çox az rast gəlinir. Ümumiyyətlə, qeyd etməliyəm ki, hansısa respirator virus infeksiyası digər eynitipli virusla paralel yayılırsa və onun yayılma səviyyəsi aşağıdırsa, mövsümi xəstəliklərə, eləcə də digər respirator infeksiyalara heç bir təsir göstərə bilməz.
Xatırlayırsınızsa, pandemiya dövründə digər respirator infeksiyalara yoluxma sayı azalmışdı. Buna bir neçə səbəb var idi. Pandemiya vaxtı müəyyən qoruyucu tədbirlərin görülməsi, maska taxmaq, o cümlədən əl gigiyenası qaydalarına əməl etmək digər respirator infeksiyalara yoluxma sayını azaltmışdı.
- Bəs ölkədə qızılcaya yoluxma ilə bağlı vəziyyət necədir?
- Ötən il qızılcaya yoluxma sayı yüksək idi. Həmin dönəmdə əvvəlcə peyvənd olunmamış uşaqlar vaksinasiyaya cəlb olunmuşdu. Daha sonra yetkinlərin vaksinasiya olunması üçün ölkəyə başqa növ peyvəndlər gətirildi. Bütün bu proseslərin nəticəsində hazırda yoluxma sayının kəskin azaldığını müşahidə edirik. Soyuq aylarda yoluxma göstəricisinin belə aşağı olması qızılca infeksiyasını nəzarətə götürə bildiyimizin sübutudur.
- İstər qrip, istər qızılca, istərsə də digər infeksiyalar üçün Azərbaycanda vaksin ehtiyatı kifayət qədərdirmi?
- Bir neçə infeksiya var ki, onların yayılma səviyyəsi peyvəndlərlə idarə oluna bilir. Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da Peyvəndlərin Milli Təqvimi mövcuddur. Həmin təqvimdə peyvəndin hansı müddətlərdə vurulması, dozası və s. haqqında məlumatlar və qaydalar əks olunub. Həmin qaydalar yeni doğulan körpədən altı yaşadək uşaqlara şamil olunub. Doğuş sayı da daxil olmaqla digər rəqəmlər nəzərə alınaraq ölkəyə daim peyvəndlər gətirilir.
Daha öncə qeyd etdiyim kimi, qızılca infeksiyası yayılan dönəmdə yetkinlərin vaksinasiya olunması üçün ölkəyə başqa növ peyvəndlər gətirildi. Bu kimi məqamlarda operativ şəkildə vaksin ehtiyatı məsələsi həll olunur. Hazırda buna tələbat yoxdur, Azərbaycanda lazım olan peyvənd ehtiyatı mövcuddur. Ehtiyac olduqda vaksinlər yenidən əldə olunur.
- Son illərdə ölkədə hansısa yeni mövsümi xəstəliklər ortaya çıxıbmı?
- Ayrı-ayrı illərdə qrip virusunun müxtəlif ştamları ortaya çıxır. Onlar da bir-birindən müəyyən qədər fərqlənir. Bundan başqa, digər respirator virusların təxminən 200 növü var. Növlər müəyyən zamanlarda bir-birini əvəz edir. Lakin bunlar yeni yayılmış viruslar deyil. 2024-cü ildə ölkədə hansısa yeni mövsümi xəstəlik ortaya çıxmayıb. Bildiyimiz kimi, dekabr, yanvar, fevral qripin yayılması üçün münbit şəraitin olduğu aylardır. Hazırda dekabr ayının sonları olmasına baxmayaraq, fəsli qripin kəskin artımını müşahidə etmirik. Ola bilsin ki, bir müddət sonra virus baş qaldırar. Lakin ötən illərlə müqayisədə bu il sözügedən artım müşahidə olunmur.
Rəylər