Filippində - Mindanao adası akvatoriyasında 6.4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 13:19-da qeydə alınan yeraltı təkanların episentri Davao şəhərindən 145 km cənub-şərqdə yerləşib.
Episentrdəki təkanın intensivliyinə əsasən seysmik hadisə "güclü" kimi qiymətləndirilib.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6.2 bal olaraq qiymətləndirib. Zəlzələnin ocağı 111.9 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, təxminən bir həftə əvvəl Filippinin cənub bölgəsində 7.8 bal gücündə zəlzələ baş verib. Güclü seysmik hadisə zamanı azı 65 nəfərin öldüyü barədə məlumatlar yayılıb.