Filippinin cənubunda baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 41 nəfərə çatıb.
Oxu.Az AFP-yə istinadən xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 479 nəfərə yüksəlib.
Yerli hökumət orqanlarının məlumatına görə, 20 mindən çox sakin evsiz qalıb. Bundan başqa, 9 körpü və 19 avtomobil yolu zədələnib. Dəyən zərər 900 milyon pesodan (təxminən 14.6 milyon ABŞ dolları) çox qiymətləndirilir.
Ümumilikdə 1 889 evə ziyan dəyib. Onların təxminən 1 500-ü tamamilə dağılıb. Əmlaka dəyən zərərin həcmi isə 15 milyon peso (təxminən 243 607 ABŞ dolları) həcmində qiymətləndirilib.
İlkin hesablamalara əsasən, beş regionda yerləşən 231 dövlət məktəbində 1 159 sinif otağı zədələnib.
Filippinin cənubunda qeydə alınan 7.8 maqnitudalı zəlzələ nəticəsində ölənlərin sayı 32-dən 37-yə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "GMA News" telekanalı məlumat yayıb.
Məlumata görə, seysmik hadisə zamanı ümumilikdə 456 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, daha dörd şəxs isə itkin düşmüş hesab olunur.
Yerli rəsmilər bildirirlər ki, Mindanao adasında təxminən 1 900 bina, o cümlədən məktəblər, xəstəxanalar və yaşayış evləri ziyan çəkib. Bunlardan 1 500-ə yaxını təbii fəlakət nəticəsində tamamilə dağılıb.
Xeneral-Santos şəhərinin beynəlxalq hava limanına ziyan dəyməsi uçuşların təxirə salınmasına səbəb olub. Filippin Mülki Aviasiya İdarəsi yeraltı təkanların fəsadlarının aradan qaldırılması məqsədilə limandan yalnız hərbi, hökumət və humanitar təyyarələrin istifadə etməsinə icazə verib. Xeneral-Santos şəhərində isə fövqəladə vəziyyət rejimi elan edilib.