Azərbaycanda siyasi böhranın dərinləşdiyi, ölkədə xaos və qarşıdurma təhlükəsinin yarandığı bir dövrdə xalqın tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkəni ağır vəziyyətdən çıxardı, sabitliyin və dövlət quruculuğunun əsasını qoydu. Bununla da 15 İyun Azərbaycan tarixinə Milli Qurtuluş Gününü kimi həkk olundu.
Oxu.Az-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda elmi işlər üzrə direktor müavini, tarix elmlər direktoru Eynulla Mədətli deyib ki, Heydər Əliyevin vaxtilə Azərbaycana qayıtması heç də təsadüfi bir hal olmayıb.
O bildirib ki, vaxtilə ümummilli lider həlledici, təyinedici və müstəsna bir rol oynadı:
"Təəssüf ki, keçid dövrü dediyimiz mərhələdə - SSRİ-nin dağılması və onun tərkibindəki respublikaların öz müstəqilliyini elan etməsi dövründə - Azərbaycanın siyasi rəhbərliyində olanlar və ondan sonra xalq cəbhəsi dalğası ilə hakimiyyətə gələnlər Heydər Əliyevin oynayacağı rolu, həyata keçirəcəyi missiyanı başa düşməyən insanlar idi.
Onlar belə hesab edirdilər ki, Heydər Əliyev Azərbaycana Moskvadan qayıdarsa, onlar öz mövqelərini, vəzifələrini, bəlkə də heç olmayan nüfuzlarını itirəcəklər. Ona görə də buna çox qısqanclıqla yanaşır, xalqın və dövlətçiliyin taleyini düşünmürdülər. Bu səbəbdən biz totalitar rejimdən müstəqilliyə doğru gedən bu keçid mərhələsini çox ağır keçirdik. Azərbaycan digər keçmiş SSRİ respublikalarından daha böyük çətinliklərlə üzləşdi. Bax, məhz bu səbəbdən də ölkəmizdə müstəqil dövlətçiliyin formalaşması prosesi ləngidi.
Heydər Əliyev 1990-cı ilin Yanvar hadisələrinə Moskvada o məlum və məşhur siyasi qiyməti verdikdən sonra hər zaman Azərbaycana qayıtmaq istəyirdi. Lakin maneələr çox olduğuna görə bu qayıdış bir qədər yubandı. Amma yubansa da, bu qayıdışın o qədər böyük əhəmiyyəti oldu ki, o, həm Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının erməni işğalından qorunmasında həlledici rol oynadı, həm də sonradan xalqın və həmin dövrdəki hakimiyyətin təkidli tələbindən sonra gəlişi ilə bu xilaskarlıq missiyası bütün Azərbaycanı əhatə etdi.
Ona görə də "Heydər Əliyev hansı rolu oynadı, yaxud əhəmiyyəti nə idi?" sualına cavab olaraq deyə bilərəm ki, o, həlledici, təyinedici və müstəsna bir rol oynadı. Gec də olsa, o təkidlərlə Bakıya dəvət olunmasaydı, Azərbaycan dövlətçiliyi itirilmiş sayılacaq, müstəqillik əldən gedəcəkdi. Məlumdur ki, o zaman şimalda və cənubda separatçılar baş qaldırmışdı, hakimiyyətdaxili çəkişmələr var idi, həm şimaldan, həm də cənubdan xarici təsirlər mövcud idi. Heydər Əliyev bütün bu maneələrin hamısını dəf etdi. Nəinki dəf etdi, çox qısa bir müddət ərzində - 1993, 1994, 1995-ci illərdə Azərbaycanda tam daxili, siyasi sabitliyi bərqərar etdi. Xarici ölkələrin gözündə Azərbaycanı sabit, sakit, dayanıqlı inkişafameyilli və biznesin formalaşa biləcəyi bir coğrafiyaya çevirdi. Bax, Heydər Əliyevin ilk addımları bunlardan ibarət idi".

- Siz həm də onun siyasi irsi ilə bağlı araşdırmalar aparırsınız. Ümumiyyətlə, onun dövlətçilik fəlsəfəsinin əsas prinsipləri nələrdən ibarət idi?
- Heydər Əliyev hər zaman xalqa arxalanırdı və onun gücü xalqda idi. Xalqın etimadını isə o, illər boyu qazanmışdı. Həm sovetlər dönəmində Dövlət Təhlükəsizliyi Komitəsində (indiki Dövlət Təhlükəsizliyi Xidməti) işlədiyi dövrdə nə qədər milli, vətənpərvər adamlarımızı qorumuşdu, onlara qayğı göstərmişdi, həm də 1969-cu ildən başlayaraq 14 il ərzində Azərbaycan Respublikasına rəhbərlik etdiyi dövrdə xalqın elə bir etimadını qazanmışdı ki, xalq ona inanırdı, o da xalqa söykənirdi. Onun əsas gücü, əlbəttə ki, xalqın bu etimadında idi. Bunu da özü illər boyu əməyi, təcrübəsi və həyata keçirdiyi tədbirlərlə qazanmışdı.
Eyni zamanda, Heydər Əliyevin şəxsiyyəti ölçüyəgəlməz dərəcədə böyük idi. Yəni o, həm bilikli, savadlı, yüksək nitq qabiliyyətinə malik, insanları inandırmağı və xalqı arxasınca aparmağı bacaran dahi bir lider, həm də olduqca vətənpərvər, milli təfəkkürlü, milli düşüncəli əsl bir Azərbaycan oğlu idi. O, bu cür yetişmişdi. Ona görə də onun dövlətçiliyə münasibəti, bəlkə də, bütün müasirlərinin və yaşıdlarının münasibətindən fərqlənirdi. O, dövlətin içindən çıxmış, dövlətin mahiyyətinin nə olduğunu və dövləti necə idarə etmək lazım olduğunu hamıdan yaxşı bilən bir şəxsiyyət idi. Nahaq yerə xarici siyasətçilər, böyük diplomatlar onu "siyasət ustası" adlandırmırdılar.
Hakimiyyətə gəldiyi ilk gündən söylədiyi fikir bu oldu ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. Həqiqətən də, SSRİ dağılırdı, o proses gedirdi və ittifaqın tərkibindəki müxtəlif respublikalarda, eləcə də bizim respublikamızda xalq hərəkatı başlamışdı. Mövcud hakimiyyətə və erməni işğalına rəvac verdiyi üçün mərkəzi hökumətə, həmçinin mərkəzə tabe olub onun qulu kimi hərəkət edən Azərbaycan Kommunist Partiyasının liderlərinə qarşı xalqın təbii etirazı və həyəcanı yaranmışdı. SSRİ-nin dağılması, demək olar ki, sakit və qansız-qadasız baş verdi, respublikalar öz müstəqilliklərini elan etdilər. Amma bununla hər şey bitmirdi, əsas məsələ bu müstəqilliyi qoruyub saxlamaq idi.

1990-cı ildən onsuz da erməni təcavüzü güclənmişdi, 1991, 1992 və 1993-cü illərdə də bu təcavüzkar siyasət davam edirdi. Azərbaycan torpaqlarını itirə-itirə gedirdi. Mən deyərdim ki, Heydər Əliyevin dövlətçilik siyasətində atdığı ilk uzaqgörən addımlardan biri atəşkəsə nail olmaq idi. Atəşkəs işğalla barışmaq və ya təslimçilik deyildi. Atəşkəs o zaman yeganə yol idi ki, ən azı qoşunlar müharibənin hansı xəttindədirsə, orada da dursunlar, ondan sonra Azərbaycan öz iqtisadiyyatını yenidən qursun, ordusunu yaratsın, gücünü toparlasın və şərait yetişən kimi torpaqlarını geri alsın. O zaman Heydər Əliyevi atəşkəslə bağlı tənqid edənlər də var idi.
Həmçinin Heydər Əliyevin dövlətçilik siyasətində həm İranla, həm də Rusiya ilə münasibətləri sahmana salıb, normal qonşuluq münasibətləri səviyyəsində Azərbaycanı inkişaf etdirmək məsələsi dururdu. Bunu da yanlış anlayanlar var idi. Amma ən doğru yol bu idi. Çünki o zaman şimaldan və cənubdan bölücülük hərəkatlarına rəvac verilirdi və təhlükələr çox idi. Azərbaycanın isə o vaxt gücü az, ordusu, maliyyəsi yox idi. Heydər Əliyevə 1993-cü ilin iyununda Milli Məclisə, sonra isə oktyabrda ölkə rəhbərliyinə gələndə çox kasıb və yoxsul büdcəli bir Azərbaycan mirası qalmışdı.

Onun dövlətçilik fəlsəfəsinə gəlincə, bu fəlsəfədə öncə milli maraqların qorunub saxlanması durur ki, bu da birbaşa milli dövlətçiliyin qorunmasından asılıdır. İkincisi isə, ətrafdakı ölkələrin də milli maraqları nəzərə alınmalıdır. İzolyasiya olunmuş şəkildə bir ölkə yalnız öz milli maraqlarını güdərsə, uğur qazana bilməz. Bax, həmin siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev də davam etdirir. Mütləq qonşuların da maraqları nəzərə alınmalıdır. Ona görə də Heydər Əliyev həm Rusiya, həm də İranla münasibətləri sahmana saldı. Türkiyə ilə münasibətlər isə aydındır - bu, əbədi olan qardaşlıq münasibətləridir, orada bizim heç bir çətinliyimiz yox idi. Amma Heydər Əliyev Türkiyə ilə münasibətləri də xalis dövlətçilik müstəvisinə gətirdi; sentimental hissiyyata əsaslanan mövqedən qarşılıqlı maraq, iqtisadi, mənəvi və siyasi əməkdaşlıq müstəvisinə keçirdi. Təbii ki, biz Türkiyə ilə qardaşıq, amma bu amillər həmin qardaşlığı möhkəmləndirən vasitələrdir. Heydər Əliyevin dövlətçilik fəlsəfəsi olduqca zəngin və çoxşaxəlidir, mən sadəcə onun bir neçə elementinə toxundum.

- Bu gün Azərbaycanın əldə etdiyi uğurların təməlində Heydər Əliyevin formalaşdırdığı siyasi kursun hansı elementləri dayanır?
- Əvvəla, Heydər Əliyev öz zamanında - prezidentlik etdiyi dövr ərzində dünyanın müxtəlif ölkələri ilə, xüsusilə də aparıcı dövlətlərlə (ABŞ, Fransa, Böyük Britaniya, Çin və s.) çox normal diplomatik və siyasi münasibətlər yarada bildi. Onları Azərbaycanın dövlətçiliyinə və bu dövlətçiliyin perspektivinə inandıra bildi. 1994-cü ildə imzalanan neft müqavilələri və onun ardınca imzalanan digər sənədlərlə həmin saydığım ölkələrin və digər dövlətlərin Azərbaycanda iqtisadi maraqlarını formalaşdırdı.
Bu siyasət bu gün çox uğurla davam etdirilir. Azərbaycan hər il neft-qaz üzrə beynəlxalq forumlar keçirir. Ölkəmiz artıq dəfələrlə beynəlxalq iqtisadi və humanitar forumlara, çox genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi edib. Hamısının son illərdə şahidi olduq, həm iqlimlə bağlı böyük konfransın (COP) keçirilməsi, həm də şəhərsalma və urbanizasiya ilə bağlı forumlar. Təfərrüata varmadan sadəcə iki nümunə göstərmək olar ki, bu iki böyük beynəlxalq tədbir Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olduğunu göstərir.
Heydər Əliyev hələ Naxçıvanda işləyəndə, Naxçıvanı həm təcavüzdən qoruyub saxlayanda, həm də onun iqtisadi problemlərini həll edəndə Amerikanın yeni seçilmiş prezidenti Bill Klintona həm təbrik məktubu göndərmiş, həm də ona Azərbaycanın düşdüyü vəziyyəti şərh etmişdi. Təsəvvür edin, həmin məktubdan az sonra ABŞ-nin humanitar yardımı xüsusi təyyarə ilə Naxçıvana göndərildi. Yəni Heydər Əliyev elə bir şəxsiyyət idi ki, onunla bircə dəfə görüşən şəxs - istər adi insan olsun, istərsə də böyük bir dövlətin başçısı, fərqi yoxdur - ömürlük yaddaşında onun obrazı, şəxsiyyətinin böyüklüyü qalırdı və onlar bunu həmişə dəyərləndirirdilər.
Yadımdadır, İlham Əliyevin prezidentliyinin ilk illərində hansı ölkəyə səfər edirdisə, mütləq söhbət Heydər Əliyevdən düşürdü. "Sizin atanız Heydər Əliyev..." deyə hər kəs onu çox böyük ehtiramla xatırlayırdı. Təbii ki, bu gün də Heydər Əliyevin irsi bizim üçün qiymətlidir.

Mənim çalışdığım Fəlsəfə və Sosiologiya İnstitutunda ayrıca bir şöbə var. Bu şöbə Elmlər Akademiyasının prezidenti (o zaman vitse-prezident idi) İsa Həbibbəylinin təşəbbüsü ilə yaradılıb. Şöbənin adı belədir: "Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq fəlsəfəsi". Şöbədə mənimlə bərabər çalışan əməkdaşlarla birgə fəxr edirik ki, birbaşa Heydər Əliyevin irsinin tədqiqi ilə məşğuluq. Bugünkü Azərbaycanın zəfəri həmin azərbaycançılıq siyasətinin təməlidir. Mənə qaldıqda isə, mənim üçün ulu öndərin xatirəsi çox əzizdir. Təkcə əlamətdar günlərdə - yəni doğum günündə yaxud Qurtuluş Günündə yox, hər gün əzizdir. Çünki mən 1991-1993-cü illərdə Naxçıvan Ali Məclisinin deputatı olaraq Heydər Əliyevin rəhbərliyi altında işləmişəm.
1996-cı ilin fevralında o, məni Azərbaycan Respublikasının Təbrizdəki baş konsulu vəzifəsinə təyin etdi. Sonra 2002-ci ildə məni Pakistana Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin etdi. Həm təyinatlar zamanı, həm də cürbəcür səfərlər zamanı görüşlərimiz olub. Amma xüsusilə Naxçıvanda yaşadığı və işlədiyi dövrdə daha tez-tez ulu öndərin yanında oldum, görüşlərdə iştirak etdim, söhbətlərini dinlədim. Biz ilk həyat məktəbini ondan öyrəndik. Məsələn, mən universitetdən siyasətə birbaşa keçid etmişdim. Biz Naxçıvan Ali Məclisinə deputat seçilmişdik, amma deputatlığın nə olduğunu, dövlətçiliyin nə demək olduğunu nəzəri biliklərdən başqa dərindən anlamırdıq. Heydər Əliyev o illərdə Naxçıvan Ali Məclisinə rəhbərlik etməklə bərabər, həm də bizə müəllimlik etdi.

- Onunla bağlı maraqlı, hafizənizdə iz qoyan bir xatirəniz varmı?
- Əlbəttə, çoxdur. Yadımdadır, Prezident Tehrandan Bakıya qayıdırdı. Mənim övladlarım Bakıda idilər, təhsil alırdılar. Xanımımı təcili Bakıya göndərmək lazım idi, lakin o zaman müntəzəm təyyarə reysləri yox idi. Mən Heydər Əliyevin köməkçisinə və mühafizə xidmətinin rəisinə dedim ki: "Sizcə, mənim xanımım Prezidentin təyyarəsi ilə Bakıya gedə bilər, yoxsa yox? Çünki çox vacibdir, onu yola salmalıyam". Dedi ki: "Mən o saat soruşub deyərəm". Bir an keçmədi, gəlib dedi ki, əlbəttə, olar. Təyyarədə mənim xanımım da getdi. Heydər Əliyev isə salona gəlib mütləq maraqlanardı. Adətən o, salona gələr, özünü müşayiət edən heyətlə, jurnalistlərlə mütləq salamlaşar, qeyri-rəsmi söhbətlər edərdi. Hamının diqqətini həmişə cəlb etməyi bacarırdı. Salonda köməkçisindən soruşmuşdu ki, "Eynullanın yoldaşı da burada olmalıdır". Gəlib yaxınlaşıb, salamlaşmışdı. Çünki biz Naxçıvanda onunla dəfələrlə görüşmüşdük. Özü də necə görüşmüşdük - təkcə rəsmi yox; bazarda rastlaşmışdıq, küçədə rastlaşmışdıq, əl tutub görüşmüşdük, övladlarımı da tədbirlərdən tanıyırdı. Heydər Əliyev çox əlçatan adam idi. Kənardan elə görünə bilərdi ki, çox zəhmlidir, ona yaxınlaşmaq olmaz, elə deyildi. Olduqca ünsiyyətcil idi və hər kəslə öz dilində danışmağa üstünlük verirdi. Bilirdi ki, kiminlə, hansı dildə, necə danışmaq lazımdır və həmin dəqiqədə danışdığı adamın məhəbbətini qazanırdı.

- Heydər Əliyevin siyasi və dövlətçilik irsindən gələcək nəsillərin öyrənməli olduğu ən vacib məsələ nədir?
- Əslində, bu, asan sual deyil. Amma əgər vacib məsələləri saysaq, məncə, ilk növbədə vətənpərvərlikdir. Heydər Əliyevin hər zaman aşıladığı hiss bu idi ki, hər bir azərbaycanlı dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycanla fəxr etməli, vətənini sevməlidir. Onun uğrunda mübarizə aparmalı, lazım gəlsə, özünü qurban verməyi də bacarmalıdır. Necə ki, Heydər Əliyev dəfələrlə deyirdi: "Mən də, ailəm də Azərbaycan üçün özümüzü qurban verməyə hazırıq". O, Moskvadan Azərbaycana gələndə bilirdi ki, asan olmayacaq, onu öldürə də bilərlər, sui-qəsd edə bilərlər. Dəfələrlə müxtəlif qüvvələr tərəfindən belə cəhdlər də oldu. Amma o, fədakar bir insan idi və vətən üçün fədakarlığı da həmişə təbliğ edirdi.

Mən deyərdim ki, ilk növbədə vətənpərvərlik, ondan sonra isə bütün müsbət insani keyfiyyətlər gəlir. Onun çox gözəl insani keyfiyyətləri var idi. Göründüyü kimi sərt, zəhmli deyildi, çox incə qəlbi var idi, kimsəni nahaq yerə incitməzdi. Hətta iş prosesində kiminsə incidiyini görəndə, mütləq onun hansısa bir şəkildə könlünü almağı bacarırdı. Genişqəlbli, hövsələli, çox səbirli idi. Tələsik qərarlar qəbul etməzdi. Bunlar hamısı bir rəhbər üçün vacib keyfiyyətlərdir və hər bir nəsil üçün lazımdır. Tək gənc nəsil üçün yox, hər kəs üçün çox faydalıdır. Mən düşünürəm ki, vətənpərvərlik, vətəni sevmək, yaxşı vətəndaş olmaq ən başlıca prinsiplərdir.