"TƏBİB-in "2025-2027-ci illər üzrə Strateji Planı" çərçivəsində regionlarda tibbi xidmətlərin əlçatanlığını artırmaq üçün "Mentor Klinika" layihəsinə start verilib".
Oxu.Az-ın Şəmkirə ezam olunan müxbiri xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təşkil olunan mediatur zamanı TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova deyib.
O qeyd edib ki, layihənin məqsədi paytaxt və böyük şəhərlərdəki tibbi potensialı regional xəstəxanalara yönləndirməklə xidmətlərin keyfiyyətini yüksəltmək, eləcə də Bakı şəhərinə olan pasiyent axınını azaltmaqdır:
"Bu çərçivədə mentor klinika statusu alan tibb müəssisələri region xəstəxanalarına həkim dəstəyi, tibb bacılarının təlimi, xidmət çeşidinin artırılması və idarəetmə üzrə məsləhətçi funksiyalarını yerinə yetirəcəklər.
Hazırda göstərilən tibbi xidmətlərin 55%-i Bakı, Sumqayıt və Abşeron üzrə, 45%-i isə regionlar üzrə həyata keçirilir. Layihənin pilot mərhələsinin 1 il ərzində icra olunması nəzərdə tutulur. Hesab edirik ki, bu təşəbbüs regionlarda səhiyyə xidmətlərinin balanslı inkişafına mühüm töhfə verəcək".
Əzizə İsmayılova