Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Torpaqdan təyinatdan kənar istifadə halları üçün cərimələrin məbləğləri nəzərdən keçiriləcək
Azərbaycanda torpaqdan təyinatdan kənar istifadə hallarında İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələrin məbləği daha ədalətli və təsirli olması üçün yenidən nəzərdən keçiriləcək.
Oxu.Az xəbər verir ki, bu sözləri Torpaq Məcəlləsinə edilmiş dəyişiklərə dair brifinqdə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin şöbə müdiri İlqar Həbiyev deyib.
O bildirib ki, burada əsas məqsəd torpaqdan düzgün istifadənin təmin edilməsi və torpaq sərvətinin qorunmasıdır:
"Bu dəyişikliklər torpaq sahələrinin qorunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi və iqtisadi səmərəliliyin artırılması üçün vacib hesab edilir. Dövlət orqanları və aidiyyəti qurumlar islahatları şəffaf və səmərəli şəkildə həyata keçirmək üçün yeni prosedurlar tətbiq edəcəklər. Cərimələr İnzibati Xətalar Məcəlləsində torpaqların təyinatdan kənar istifadəsi, mülkiyyət hüquqlarının pozulması və qanunsuz istifadəsi ilə bağlı müxtəlif bəndlərdə nəzərdə tutulur. Mövcud protokollara əsasən tətbiq edilən cərimələr kifayət qədər azdır. Təsəvvür edin ki, bir şəxs kənd təsərrüfatı torpağını qanunsuz istifadə edərək əkin sahəsi yaradırsa, 600-700 manat cərimə ödəməklə məsuliyyətdən yayına bilir. Bu isə çox aşağı məbləğdir. Yaxın ölkələrdə torpaq milli sərvət hesab olunur və ciddi qorunur. Azərbaycan üçün də torpaq həm iqtisadi, həm də strateji sərvət sayılır".
Şöbə müdiri, həmçinin vurğulayıb ki, Azərbaycanda bir şəxsə orta hesabla 16-18 sot əkin torpağı, kənd təsərrüfatı sahələrində isə 35-40 sot torpaq sahəsi düşür ki, bu da ölkə üçün ərzaq təhlükəsizliyi baxımından vacibdir.
"Ona görə də torpaqdan təyinatı üzrə istifadəyə nəzarətin gücləndirilməsi əsas prioritetlərdən biridir", - deyə o əlavə edib.
Aygün Mirakif
Rəylər