Türkiyə serialları son illərdə Latın Amerikasının analoji məhsullarını geridə qoymaqdadır. Bu, yaxşı biznes gəlirindən savayı, həm də yumşaq güc deməkdir. İnsanlar sırf serial qəhrəmanlarından ilhamlanaraq türk dilini öyrənir, serialın çəkildiyi məkanlara səyahət edir, serialda istifadə olunan geyim və bəzək əşyalarını alırlar.
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin başçısı Fahrettin Altun özü də qeyd edib ki, bu gün dünyada bir milyard insan Türkiyə seriallarına baxır: "Son üç il ərzində dünyada Türkiyə seriallarını almağa maraq 183 faiz artıb".
Bəzi mənbələrdə qeyd olunur ki, bu hal Türkiyə büdcəsinə əlavə 500 milyon dollar gəlir gətirib.
Ən azı, Türkiyə seriallarının baş rol ifaçılarının qazandığı pulları məndən yaxşı bilirsiniz. Çünki onların Azərbaycanda olan heyranları həddindən artıq çoxdur və artmaqda davam edir. Böyük izləyici ordusuna azyaşlı, məktəbli uşaqlar da qoşulublar.
Ana nəyə baxırsa, uşaq da ondan geri qalmır: Təhlil və təhlükə
Uşaqların bir çox məsələlərdə valideynlərini təkrarladıqları bəllidir. Necə deyərlər, övladını yaxşı tərbiyə etmək istəyirsənsə, özündən başla. Serial məsələsi də istisna deyil. Bunun bariz sübutu bu günlərdə qarşıma çıxan videosorğu oldu. "Təhsil TV"nin hazırladığı qısa videosorğuda ibtidai sinif şagirdləri Türkiyə istehsalı olan "Eşref Rüya", "Sahibsizlər" və s. serialların adını çəkirlər. Biri isə: "Anam baxanda mən də baxıram", - deyir.
Yeddi-səkkiz yaşlı uşaqların böyüklər üçün nəzərdə tutulan film və məzmunlara baxması doğru deyil. Çünki uşaqlar o yaşda hələ nəyin düz, nəyin əyri olduğunu tam anlaya bilmirlər. Təhlil və analiz bacarıqları da çox məhduddur.
Üstəlik, serialların əksəriyyətinin ssenarisi mənfi yüklü elementlərlə zəngindir:
- qışqırıq, dava-dalaş, hay-küy;
- silah-sursat, mafiya, kriminal;
- xəyanət, oğurluq və s.
Serialların "lokomotivi" isə yalandır - əksər qəhrəmanlar bir-birinə yalan danışır, xəyanət edir, həqiqəti gizlədir, yaxud kiminsə sirrini faş edirlər.
Şəxsən bizə uşaq vaxtı televizora baxmağa icazə vermirdilər. Həftədə bir dəfə, o da gərək həftəboyu əlaçı olaydıq ki, istirahət günü cizgi filmi izləyə biləydik. O zaman da teleefirlərdə seriallar yayımlanırdı - Braziliya, Meksika, İtaliya istehsalı. "Kölə İzaura", "Sadəcə, Mariya", "Qvadelupe", "Sprut" və s. Lakin bizim onları izləməyimizdən söhbət belə gedə bilməzdi. Heç özümüz də can atmırdıq.

Bu gün isə uşaqlar boş vaxtlarında, əsasən, Türkiyə seriallarına baxırlar. Vur, as-kəs, öldür, dağıt, silahla təhdid et, qışqır-bağır - daha çox bu məzmunu müntəzəm olaraq izləyən uşaqlarda hansı dəyərlər sistemi formalaşacaq? Onların davranış modeli nə olacaq? Qabalıq, aqressiya, vecsizlik kimi xüsusiyyətləri əxz edəcəklər, yoxsa ağlaşma, ah-zar, qarğış tökməyin müəyyən məsələlərin həllində daha asan yol olduğunu sanacaqlar? Heç biri ümidverici deyil.
Mənəviyyatı aşındıran daha bir problem: Azərbaycan dili "əriyib gedəcək"?
Məsələnin mənəvi və psixoloji tərəfləri ürəkaçan deyil. Bir də dil problemi var.
Diqqət etsək, görərik ki, artıq uşaqların da, gənclərin də, hətta yaşlı nəslin də əksəriyyəti danışığında Türkiyə türkcəsindən gen-bol bəhrələnir. "Aşko", "abi", "bitanem" kimi müraciət formalarını da eşitməmiş deyilsiniz.
Bundan əlavə, son illər ingilis və digər Avropa dillərinin təsiri də getdikcə güclənir. Özü də buna el içində "plaza dili" deyirlər. Məsələn: "faylı "save" elədin?", "meyli "forward" elə", "görüşü "cancel" edin", "confirmation mail"i almısınız?", "pardon", "arrivederçi", "what?" və s. Bunların da çoxu seriallar, məzmunlar vasitəsilə leksikonumuza sızanlardır. Təbii ki, əcnəbi dilləri bilməyənlər bu ifadələri tam anlaya bilməyəcəklər. Amma bu sözlər artıq kök salmağa başlayıb.
İndi kimsə deyəcək ki, rus sözləri olanda yaxşı idi, türk, ingilis, fransız olanda pis?
Hər iki halda pisdir.
Nəzərə alsaq ki, Türkiyə türkcəsi ilə Azərbaycan dili bir-birinə çox yaxındır, bu hal bir qədər də davam etsə, Azərbaycan dili böyük təsir gücünə malik türk dilinin içində əriyib gedəcək. Rus dili struktur, üslub və s. cəhətdən tam yad olduğu üçün 70 illik sovet dövrü, ondan əvvəl də Çar Rusiyasının təzyiqinə baxmayaraq, Azərbaycan dilini məhv edə bilmədi. Dil müasir günümüzə gəlib çıxdı.
Görünən odur ki, ölkə başçısı da bu problemin qarşısını almaq üçün çağırış edir. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı görün nə dedi:
"Azərbaycan dilinin saflığının qorunması hər bir Azərbaycan vətəndaşının işi olmalıdır".
"Dövlət, alimlər, dilçilər, yazıçılar, şairlər, jurnalistlər, siyasətlə məşğul olanlar bu məsələyə çox böyük diqqət verməlidirlər", - deyə Prezident vurğulayıb.
Məncə, bundan gözəl çağırış və motivasiya ola bilməz.
Nostalji və nəticə: Uşaqlarımıza Səməd Vurğunu xatırladaq

Gəlin öz uşaqlıq illərimizi xatırlayaq. Biz Azərbaycan dilində bədii ədəbiyyat oxuyardıq, "sinifdənxaric oxu" kimi tapşırıqlarımız olardı.
Valideynlərimiz bizə xalq nağılları danışardılar. Təbii ki, bütün bunlar da bizim ilkin dünyagörüşümüzü formalaşdırır, müsbət və mənfi qəhrəmanları tanımamıza səbəb olurdu. Hətta xəyallarımızda özümüzü müsbət personajlara oxşadırdıq.
Yadınızda ilk əzbərlədiyimiz şeir? Səməd Vurğunun "Azərbaycan" şeiri. Hər kəs bu cümlələri əzbər bilirdi:
El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən,
Anam, doğma vətənimsən!
Ayrılarmı könül candan?
Azərbaycan, Azərbaycan!
Sadə və gözəl dildə yazılmış şeir.
Çox istərdim ki, valideynlər uşaqlarının nə izlədiklərinə diqqət etsinlər. Onsuz da, böyüyüb, bu həyatın hər üzünü görəcəklər. Lakin onlar böyük yaşla, böyük başla təhlil edə biləcəklər olanları. Amma uşaq elə bilir ki, "Eşref Rüya" nəsə dəyərli bir şeydir...
Məktəblilərin Türkiyə seriallarına, internetdə fərqli dillərdə qısa videolara baxması yalnız əyləncədən ibarət deyil. Bu, onların psixoloji və sosial inkişafına da təsir edir. Seriallardakı şiddət, yalan, mənfi qəhrəman davranışları, qısa videolarda təbliğ olunan yad mədəniyyət, bəzən təhlükəli tendensiyalar uşaqlarda aqressivlik və yanlış dəyərlər sistemi yarada bilər. Həmçinin uşaqlar bu serialları, məzmunları izləyərkən dil baxımından da zərər çəkə bilərlər.
İndi öz milli uşaq seriallarımız yoxdur, bunu bildik. Kinomuzu, film sənayemizi çoxdan itirmişik. Heç olmasa, uşaqlarımızın düşüncəsini və dilini itirməyək. Heç olmasa, internetdən köhnə filmlərimizi tapın, baxsınlar.
Kubra Məhərrəmova