Uşaqların maraq dairəsinin genişlənməsi 4 yaşından etibarən başlayır. Bu dövrdən sonra onların oynadığı oyunlara, oyuncaqlara, nəyi sevib- sevmədiyini izləməklə, artıq 10 yaşdan sonra uşaqların potensialını üzə çıxarmağa kömək etmiş oluruq. Təbii ki, bu məsələdə valideynlər daha çox diqqətli olmalıdır. Lakin bu diqqət heç bir tələb və təzyiq olmadan göstərilməlidir.
Hər bir uşaq unikal və istedadlıdır! Bir uşağın potensialını kəşf etmək üçün ilk olaraq onu yaxşı tanımaq lazımdır. Çünki hər uşağın zövq aldığı və maraq göstərdiyi dairələr özləri kimi fərqlidir. Bu maraq dairələrinin kəşfi üçün şərait yaratmaq valideynlərin boynuna düşür. Bəs uşaqların potensialını hansı şəkildə üzə çıxara bilərik? Ailələr bu mövzuda uşaqları necə istiqamətləndirməlidirlər? Sizin övladlarınızın istedadından xəbəriniz varmı? Valideyn olaraq bu potensialın üzə çıxarılmasında hansı şəkildə iştirak etmisiniz? Əgər övladınız iki gün rəsmə maraq göstərib divarlarınızı boyayırsa, iki günün sonunda boyaları atıb oyuncaqlarını söküb-incələyirsə və yaxud yenicə həvəslə başladığı rəqs dərslərinə artıq qatılmaq istəmirsə, bu, onun ətrafa olan marağının tez sönməsindən irəli gəlmir. Uşaqlar da bu dövrdə özlərini bu şəkildə kəşf edir və daha çox sevdikləri işlərlə məşğul olurlar. Müşahidə olunan kiçik hərəkətlər valideynlərə övladlarının potensialını üzə çıxarmaq üçün ipucu verir.
Ailələrin inkişafı üzrə maarifləndirmə ictimai birliyi və “Aktiv analar klubu” (“Active Moms Club”) bu dəfə hər ayın sonuncu şənbə günü ənənəvi faydalı səhər yeməyində daima aktuallığını qoruyan bu mövzunu ortaya qoydu.
Qeyd edək ki, bu dəfə faydalı səhər yeməyində analarla yanaşı, atalar da iştirak edirdi. Valideynlər bir araya gələrək kiçik yaşlardan uşaqlarının hansı peşəyə daha yaxın olduğunu necə öyərənə biləcəklərini müzakirə etdilər. Ənənəvi faydalı səhər yeməyinin budəfəki mütəxəssis qonağı müxtəlif ali və orta məktəblərdə çalışmış, təhsil üzrə ekspert Anar Məmmədov idi.
Müzakirə zamanı incə məqamlara toxunan Anar Məmmədov ailə daxilində oğlan və qız övladlarına yanaşmanın fərqləndiyini və hər birinin potensialının üzə çıxarılması zamanı valideynlərin hansı mərhələlərdə iştirak edə biləcəyindən bəhs etdi. Bu sahədə real həyatda yaşadığı təcrübələrini bölüşən mütəxəssislə qarşılıqlı sual-cavab şəklində davam edən seminarın sonunda özlərində qeydlər alan valideynlər xoş təəssüratla ayrıldılar. Artıq valideynlər qarşılıqlı mübadilədən sonra övladlarının gələcəyi üçün düzgün yol xəritəsini necə çəkməyin yollarının yeni istiqamətlərini kəşf etmiş oldular.
A.S.
www.oxu.az