Paytaxt sakini üzərində möhür olan ABŞ dollarlarının banklarda qəbul edilməməsi və yüksək komissiya tələbindən şikayətçi olub.
Oxu.Az xəbər verir ki, bu məsələ sosial şəbəkədə müzakirə edilib.
Şikayətçi bildirib ki, filial əməkdaşları üzərində möhür olan əskinası qəbul etməyərək onu mərkəzi filiala yönləndiriblər. Mərkəzi filialda isə ona hər 100 dollar üçün 20% komissiya tutulacağı bildirilib.
Müzakirə zamanı yaranan əsas sual bu yöndə olub - banklar üzərində möhür olan və yaxud hər hansı zədəsi olan əskinasları qəbul etməyə, qəbul etdiyi halda isə ona komissiya təyin edə bilərmi?
İqtisadçı Rəşad Həsənov Oxu.Az-a məsələni bu şəkildə şərh edib.

O qeyd edib ki, əskinasların banklar tərəfindən qəbul edilməsi ilə bağlı məsələyə iki aspektdən baxmaq lazımdır:
"Burada ən mühüm məqam əskinasın mənşəyidir. Əgər Azərbaycan manatına münasibətdə olan əskinaslardan söhbət gedirsə, bununla bağlı qanunvericilikdə konkret hansı hallarda əskinasların yararsız hesab edilməsi ilə bağlı tələblər müəyyən olunub.
Yararsız hesab olunan əskinasların qəbul edilməməsi, kommersiya banklarının öz səlahiyyətləri daxilindədir. Qismən zədələnmiş amma yararlı hesab edilən və Mərkəzi Bank tərəfindən qəbul edilməyə uyğun əskinaslar kommersiya bankları tərəfindən qəbul edilirlər və onlar Mərkəzi Bankda yenilənirlər. Bu, sadə bir prosesdir və bu prosesi təşkil etmək nisbətən asandır.
Xarici valyutaya, xüsusən də ABŞ dollarına münasibətdə isə şərtlər daha mürəkkəbdir. Burada bir sıra hallarda tədavüldən çıxarılma prosesi ilə bağlı bir mexanizm formalaşır - banklar artıq tədavülünə icazə verilməyən, məsələn, üstünə hansısa möhür vurulmuş və ya zədələnmiş əskinasları toplamalıdırlar, öz vəsaitləri hesabına ABŞ-yə çatdırmalı və yenilənməsini təmin etməlidirlər. Bu da həm çox uzunmüddətli prosesdir, həm də pulun daşınması kifayət qədər xərc tələb edir. Çünki bunun üçün kifayət qədər komissiyalar ödənilməlidir. Bu vəsaitlərin toplanması isə banklar üçün zaman itkisi ilə nəticələnir. Çünki müəyyən miqdarda əskinas toplanmalıdır ki, onların ABŞ-yə göndərilməsi və dəyişdirilməsi səmərəli olsun. Bu müddət isə həmin vəsaitlərin dövriyyədən kənarda qalması deməkdir. Bank da pul işlədən bir institut olduğu üçün vəsaitin dövriyyədən kənarda qalması onun üçün itki deməkdir. Bu aspektdən müvafiq itkiləri nəzərə almaqla bəzi kommersiya bankları bu kateqoriyaya daxil olan əskinasların qəbul edilməsi ilə bağlı həm komissiyalar, həm daxili prosedurlar müəyyən edirlər. Bu baxımdan yalnız kommersiya banklarını ittiham etmək o qədər də asan deyil. Nəzərə almaq lazımdır ki, bu prosesdə Mərkəzi Bank heç bir məsuliyyət daşımır və eyni zamanda valyutaların yenilənməsi ilə bağlı hansısa mexanizm tətbiq etmir. Bu, hər bir ölkənin öz Mərkəzi Bankının həyata keçirdiyi siyasət çərçivəsində kommersiya bankları tərəfindən formalaşdırılan daxili prosedurlar hesabına həyata keçirilən bir üsuldur".
Azərbaycan Beynəlxalq Bankının (ABB) mətbuat katibi Yadigar Cəfərli Oxu.az-a açıqlamasında bildirib ki, əskinasda mövcud olan qüsurun səviyyəsi və təqdim olunan əskinasların sayı nəzərə alınmaqla bu cür əskinaslar müştəridən qəbul edilərək AZN-lə dəyişdirilə bilər:

"Vətəndaşın qeyd etdiyi kimi 100 dollara qarşılıq 20% komissiya tutulması məsələsinə gəlincə, bu cür əskinasların dəyişdirilməsi zamanı ABB-də komissiya haqqı tutulmur".
"Qüsurlu dollar və ya digər xarici əskinaslar necə dəyişilir, hansısa mütləq tələblər varmı" sualına gəlincə isə Y.Cəfərli qeyd edib ki, əgər qüsurun səviyyəsi, eyni vaxtda təqdim edilmiş əskinasların sayı imkan verirsə, əskinas müştəridən qəbul edilərək manata dəyişdirilir, yaxud müştərinin hesabına mədaxil edilir:
"Bu proses bankdaxili prosedurlar əsasında tənzimlənir".
Əzizə İsmayılova