Bakıda səhər saatlarında ictimai nəqliyyatda yaranan sıxlıq sərnişin narazılığına səbəb olub.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) müraciət daxil olub.
Bildirilib ki, artıq bir neçə gündür sərnişinlər 17 nömrəli avtobus və M6 ekspres marşrutu ilə bağlı ciddi problemlə qarşılaşırlar:
"17 nömrəli avtobus uzun müddət gözləyirik, gəldikdə isə həddindən artıq dolu olur. M6 ekspres avtobusunda da sərnişin sıxlığı həddən artıq yüksək olur".
Şikayət edən sərnişin vurğulayıb ki, əvvəllər evə bir avtobus və ya metro ilə gedib. Hazırda metroda yaranan vəziyyət səbəbindən iki avtobus dəyişməli olur. Ekspres avtobusların metronun "Nərimanov" stansiyası istiqamətinə getməməsi isə gediş-gəlişi daha da çətinləşdirir.
"Əsas sualım budur: M6 marşrutu sərnişinlərlə bu qədər yüklənirsə, niyə avtobusların sayı və tutumu artırılmır, hərəkət intervalı azaldılmır?" - deyə sərnişin soruşub.
Oxu.Az-a açıqlama verən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, M6 marşrut xəttində avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir.

"Avtobusun keçdiyi küçə və prospektlərdə, xüsusilə də avtobus zolağının olmadığı ərazilərdə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur", - deyə T.Orucov bildirib.