Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirak etmək üçün ölkəmizə səfər edən xarici qonaqlar "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, qonaqlar arasında Suriyanın ictimai işlər və mənzil inşaatı naziri, Dəməşq şəhərinin qubernatoru və Ruandanın paytaxtı Kiqali şəhərinin meri yer alıb.
Qonaqları salamlayan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış "ASAN xidmət" mərkəzlərinin fəaliyyət konsepsiyası və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə ətraflı məlumat verib. Görüşdə Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanın beynəlxalq brendinə çevrilmiş "ASAN xidmət" modelini ən yaxşı təcrübə kimi dəyərləndirdiyi və dörd qitədə təşviq etdiyi vurğulanıb.
Suriya nümayəndə heyəti "ASAN xidmət" təcrübəsinin qısa müddətdə Suriya Ərəb Respublikasında tətbiqində maraqlı olduqlarını bildirərək, bu istiqamətdə Azərbaycanın dəstəyini xahiş edib.
Ruanda rəsmiləri ilə görüşdə isə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılmasına dair imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti diqqətə çatdırılıb.
Sonda qonaqlar INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi, "Səyyar ASAN xidmət", ABAD publik hüquqi şəxs və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə yaxından tanış olublar.
Mayın 18-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak məqsədilə ölkəmizə səfər edən Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyinin və BMT-nin Cənub-Cənub Əməkdaşlıq Ofisinin rəhbərləri "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olublar.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və dövlət xidmətlərində tətbiq olunan innovativ həllər barədə məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 30-dan çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.
Həmçinin vurğulanıb ki, BMT Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş "ASAN xidmət" konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Görüş zamanı ötən il Kolumbiyanın müvafiq qurumu ilə imzalanmış Anlaşma Memorandumu və "ASAN xidmət" təcrübəsinin qarşı tərəflə paylaşılması istiqamətində aparılan işlər barədə müzakirə aparılıb.
Qonaqlar INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzinin, "Səyyar ASAN xidmət"in, ABAD publik hüquqi şəxsin və "Bilim Bakı" mərkəzinin fəaliyyəti ilə də tanış olublar.