Xaçmaz rayonunun Niyazabad kəndindən olan əkiz bacılar - Selcan və Nurcan Əkbərovalar ali məktəbə qəbul zamanı eyni ixtisası seçərək tələbə adını qazanıblar.
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, əkiz bacılar 2015-ci ildə Niyazabad kənd tam orta məktəbinin birinci sinfinə gediblər. Təhsil müddətində eyni sinifdə oxuyan bacılar bu il həmin məktəbi bitiriblər.
Qəbul imtahanlarında II ixtisas qrupu üzrə iştirak edən Selcan 322 bal, Nurcan isə 317 bal toplayıb. Hər iki bacı Sumqayıt Dövlət Universitetinin Sosiologiya ixtisasına qəbul olub.
Əkizlərin anası Rəna Əkbərova bu hadisənin ailəni çox sevindirdiyini bildirib:
"Məncə, bunun heç bir mənfi tərəfi yoxdur. Əksinə, müsbət tərəfləri çoxdur. Birinci sinifdən məktəbə bir yerdə gediblər, bir sinifdə oxuyub, bir məktəbi bitiriblər. İndi də eyni universitetdə bir yerdə olmaları bizim üçün ən yaxşı hadisədir. Özləri də bir-birilərinin həm bacısı, həm də rəfiqəsidirlər. Hər məsələdə eyni fikirdədirlər. Ona görə də eyni universitetə qəbul olmaları, bir yerdə eyni ixtisasda təhsil almaları ailəmiz üçün çox sevindirici haldır".
Qeyd edək ki, ailədə dörd övlad var. Əkiz bacılar ailənin sonbeşikləridir. Onların anası Rəna Əkbərova xalçaçı, atası isə balıqçıdır.
Xatırladaq ki, dünən ali məktəblərə qəbulun nəticələri açıqlanıb.