Xalq artisti Xalidə Quliyeva uşaqlıq illəri və valideynlərini itirməsi ilə bağlı xatirələrini bölüşüb.
Oxu.Az xəbər verir ki, aktrisa bu barədə "Xəzər axşamı" verilişində danışıb.
X.Quliyeva 10 yaşında anasını, universitetə qəbul olduğu il isə atasını itirdiyini deyib. O bildirib ki, ali məktəbə qəbul olduğu xəbərini atasına çatdırmaq mümkün olmayıb:
"Tələbə olduğum vaxt artıq hər iki valideynimi itirmişdim. Universitetə qəbul olduğum il, sentyabrın 24-də ad günüm idi. Atam isə sentyabrın 21-də dünyasını dəyişdi. Ona bu sevincli xəbəri deyə bilmədim, çünki cavablar gec açıqlanmışdı.
Amma mənim ata-anamdan, hər şeydən üstün böyük Allahım var. O, mənə güc verdi. Ailədə uşaqların ən böyüyü mən idim. 11 yaşımda ana oldum. Ana kimi məsuliyyət daşımağa başladım. Mən uşaqlığımı yaşamadım. Hətta yeddi yaşımda bacımı məktəbə aparırdım. 3-4 yaşlı bacı-qardaşlarıma baxırdım. Bütün bunların öhdəsindən Tanrıdan aldığım güclə gəlirdim".