Sərnişindaşımanın keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə uyğun təşkili və sərnişin məmnunluğunun artırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində artıq Xankəndi və Naxçıvan şəhərlərində fəaliyyət göstərən bütün müntəzəm marşrut xətləri "brutto müqavilə" modelinə keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Qeyd edilib ki, növbəti mərhələdə Gəncə şəhərindəki müntəzəm marşrut xətləri bu sistemə inteqrasiya olunacaq.
Yeni "brutto müqavilə" modelinə əsasən, bu daşıyıcılara qət edilən məsafəyə və xidmətin keyfiyyətinə görə ödənişlər ediləcək. Marşrut üzrə avtobusların sayı, hərəkət intervalı, qət ediləcək məsafə və digər xidmət göstəriciləri əvvəlcədən müəyyənləşdirilir. Daşıyıcı isə bu tələblərə uyğun göstərdiyi xidmətə görə ödəniş alır. Beləliklə, sərnişin sayının az olduğu saatlarda, o cümlədən axşam saatlarında da avtobusların sərnişinlərə xidmət göstərməsi və qrafikə riayət etməsi təmin olunur.
"Brutto müqavilə" modeli, həmçinin daşıyıcıların maliyyə dayanıqlığını və uzunmüddətli planlaşdırma imkanlarını artıracaq. Bu isə avtobus parkının yenilənməsinə, müasir və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına, texniki xidmətin yaxşılaşdırılmasına və xidmət keyfiyyətinə daha çox investisiya yatırılmasına imkan verir.
Yeni model daşıyıcıların fəaliyyətinə daha sistemli nəzarət imkanları da yaradır.
Qeyd edək ki, bütün bu məsələlər Nazirlər Kabinetinin 31 iyul 2026-cı il tarixli 250 nömrəli Qərarı ilə təsdiqlənən "Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılar tərəfindən məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin göstərilməsinə görə ödənilən subsidiyanın hesablanması və ödənilməsi Qaydası"nın tətbiqi istiqamətində görülür.