2026-2027-ci tədris ili üzrə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbulu mərhələsi başa çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 15 aprel-5 iyun tarixlərini əhatə edən sənəd qəbulu mərhələsində Dövlət Proqramı çərçivəsində xaricdə təhsil üçün dünyanın 21 ölkəsinə aid 106 ali təhsil müəssisəsi üzrə 1221 namizəd müraciət edib. Müraciət edən namizədlərin 271 nəfəri dünya reytinq cədvəllərində ("Times Higher Education", "QS World University Rankings", "Academic Ranking of World Universities (Shanghai)") top 10-da yer tutan ali təhsil müəssisələrindən qəbul əldə edib. Namizədlər tərəfindən daha çox müraciət olunan ölkələr sırasında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı, Amerika Birləşmiş Ştatları, Türkiyə Respublikası, Avstraliya İttifaqı və Çin Xalq Respublikası yer alır. Namizədlərin seçimlərinə əsasən daha çox müraciət olunan ixtisas istiqamətləri isə informasiya texnologiyaları, mühəndislik, statistika və verilənlərin təhlili, fundamental və tətbiqi elmlər və dövlət idarəetməsidir.
Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlərlə bu gündən - 8 iyun tarixindən müsahibə mərhələsinə start verilib. Müsahibə mərhələsinə dair məlumatlar namizədlərin portal.edu.az platformasındakı şəxsi kabinetləri üzərindən təqdim ediləcək.
Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin 12 avqust 2024-cü il tarixli, 248 nömrəli Sərəncamı rəhbər tutularaq Dövlət Proqramına qəbul üzrə kvota sayı illik 500 nəfərədək müəyyən olunub. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat səviyyəsini, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.