Vahid məktəbli formasının tətbiqi ətrafında son günlər yaranan müzakirələr bəzi qüvvələr tərəfindən fərqli müstəviyə yönəldilir. Təhsil və məktəbdaxili nizam-intizamla bağlı məsələni dini qarşıdurma kimi təqdim etmək cəhdləri cəmiyyətdə süni gərginlik yaratmağa xidmət edir. Bəzi xarici media resursları da bu mövzudan Azərbaycan əleyhinə istifadə edərək məsələni birtərəfli şəkildə işıqlandırır. Halbuki vahid məktəbli formasının əsas məqsədi dini inancları hədəfə almaq deyil, təhsil müəssisələrində ümumi geyim standartlarını təmin etməkdir.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli bildirib ki, Azərbaycanda vahid məktəbli geyimi ilə bağlı qərar bəzi xarici media resursları tərəfindən informasiya savaşı alətinə çevrilib.
O vurğulayıb ki, onlar məktəbli geyimi məsələsini kontekstindən çıxararaq, guya Azərbaycanda hicabın qadağan edilməsi və ya islami dəyərlərə qarşı münasibətin pisləşməsi kimi təqdim edirlər:

"Mövzunu manipulyasiya edərək, onun üzərindən insanların dini heysiyyətinə toxunan emosional çərçivə yaradılır. Azərbaycan dövlət ilə vətəndaşlar arasında etimadın zəiflədilməsinə yönəlik təşəbbüslər göstərilir. Proses bir çox ölkələrin üzərindən həyata keçirilsə də, İran mediasında və sosial şəbəkələrin İran seqmentində daha sistemli şəkildə idarə olunur. Nəzərə almaq lazımdır ki, İran mediası azad, müstəqil deyil. Hər bir media subyektinin arxasında hansısa hərbi-siyasi mərkəz və qurumlar dayanır. Bu mənada onların istinad etdikləri mənbələr, faktların təqdimat üsulu və təkrarladıqları mesajlar ayrıca araşdırılmalıdır. Sadə bir təhlil kifayət edir ki, İran mediasının, xüsusilə "Sahar Azəri" TV-nin və sosial şəbəkə hesablarının yaydıqları məlumatların kampaniya xarakteri daşıdığı, informasiya savaşı elementi olduğu üzə çıxsın".
Ekspert əlavə edib ki, Azərbaycan xalqı İran mediasının Qarabağ məsələsində tutduğu mövqeyi yaxşı xatırlayır:
"Onlar həmin dövrdə bizim - dindaşlarının yanında deyil, düşmən cəbhədə yer tutdular. Ermənistana qarşı deyil, Azərbaycana qarşı təbliğat apardılar. Sual yaranır ki, Azərbaycan xalqı üçün taleyüklü məsələ olan Qarabağ mövzusunda düşmən düşərgədə, Ermənistanın tərəfində yer tutan İran mediası indi Azərbaycan xalqının xeyrinə danışarmı? Təbii ki, yox. Onlar bütün məsələləri kontekstdən çıxarıb manipulyasiya etdikləri ki, vahid məktəbli geyimi qərarını da təhrif olunmuş qaydada təqdim edirlər. Azərbaycan cəmiyyəti bu cür materialları emosional reaksiyalarla deyil, faktların yoxlanılması, hüquqi çərçivənin öyrənilməsi və mənbələrin etibarlılığının qiymətləndirilməsi əsasında dəyərləndirməlidir. İran media təmsilçiləri isə nəzərə almalıdırlar ki, Azərbaycan mediasının İrandan yaza biləcəyi mövzuların sayı daha çox, çeşidi daha zəngindir".