Biləsuvarda toyda bıçaqlanan 49 yaşlı kişinin vəziyyəti ağırdır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, dünən saat 22 radələrində 1977-ci il təvəllüdlü şəxs (kişi) xəsarət alması səbəbi ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsinin açıq yarası diaqnozu təyin edilib.
Pasiyent üzərində əməliyyat icra edilib, zəruri tibbi xidmətlər göstərilib. Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır qiymətləndirilir.
Biləsuvar rayonunda toyda bıçaqlanma hadisəsi olub.
Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki şadlıq sarayında keçirilən mərasimdə baş verib.
Toyda qonaq olan 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyevlə 1994-cü il təvəllüdlü Ülvi Qurbanov mübahisə edib. Mübahisə nəticəsində Ü.Qurbanov E.Vəliyevi bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ü.Qurbanov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.