Xəzər televiziyası daxili işlər naziri, general-polkovnik Ramil Usubova müraciət edib.
Oxu.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, televiziyadan bildirilənə görə, Azərbaycan dövlətçiliyinə və Xəzər televiziyasına qarşı təxribat olub.
Belə ki, mart ayının 29-da “Xəzər Xəbər”də efirə gedən Böyük şor gölünün ekoloji bərpası ilə bağlı süjetin subtitrini öz mənəviyyatlarına uyğun olaraq təhrif edən şəxslər ötən gün bununla bağlı televiziyanın xəbərdarlığına məhəl qoymayaraq bu təxribatdan əl çəkməyiblər.
Xəzər televiziyası Azərbaycan Respublikasının qanunları çərçivəsində təxribatçıların cəzalandırılması üçün bütün hüquqi imkanlardan istifadə edəcəyini bir daha bəyan edir.
Qeyd edək ki, təxribatçılar sözügedən videonun subtitrinə əxlaqsız sözlər əlavə edərək sosial şəbəkələrdə yayıblar.