Dünən “Bakı Metropoliteni”nin binası qarşısında “Nəriman Nərimanov” metrostansiyasında fəaliyyət göstərmiş ticarət obyektlərinin sahibləri onlara vurulan ziyana görə təzminat tələb etmək məqsədilə qurum rəhbərliyi ilə görüşüblər.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, ticarət obyektlərinin sahiblərindən bildirilənə görə, işləmədikləri aya görə öncədən ödədikləri vəsaiti geri almaq niyyətində olublar. Bu məqsədlə “Bakı Metropoliteni”nin rəhbərliyinin qəbuluna gəliblər.
Qəbulda olan iki ticarət obyektinin sahibi bildirib ki, görüş zamanı qurum rəhbərliyi onlara iddiaları və tələbləri ilə bağlı Baş Prokurorluğa müraciət etməyi tövsiyə edib.
Ticarət obyektlərinin sahibləri əlavə ediblər ki, “Bakı Metropoliteni”nin keçmiş rəhbəri Tağı Əhmədov onların bir ay öncədən ödədikləri vəsaiti geri qaytarmaq üçün Fəqan adlı şəxsə verib. Lakin həmin şəxs bu vəsaiti ticarət obyektlərinin sahiblərinə verməyərək, onları mənimsəyib.
“Bakı Metropoliteni”nin mətbuat xidmətindən isə bildiriblər ki, yeni yaradılan “Bakı Metropoliteni” QSC heç bir sahibkardan pul almayıb. Bu məsələ artıq qurtarıb, əgər sahibkarların şikayəti varsa, hüquq-mühafizə orqanlarına müraciət edə bilərlər.