Sakinlər Abşeron rayonu, Xırdalan şəhərində kanalizasiya suyunun küçəyə axmasından şikayətçidirlər.
Bu barədə Oxu.Az-ın qaynar xəttinə (055-224-12-12) sakinlərdən müraciət daxil olub.
Onların sözlərinə görə, Mehdi Hüseynzadə küçəsində kanalizasiya suyu küçəyə axır və natəmiz vəziyyət yaradır.
Məsələ ilə bağlı Abşeron Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə kanalizasiya xəttində yaranmış tutulma ilə əlaqədar qurumun mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib və problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb:
"Görülən tədbirlər nəticəsində problemin böyük bir hissəsi aradan qaldırılıb. Hazırda ərazidə işlər davam etdirilir və problemin ən qısa müddətdə tam həll olunması nəzərdə tutulur".