Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Avtobus sürücüləri xüsusi zolaqlardan niyə istifadə etmirlər?
Bakının bəzi küçələrində sərnişin avtobuslarının onlara ayrılan xüsusi zolaqdan kənar hərəkət etmələri digər hərəkət iştirakçılarının narazılığına səbəb olub.
Oxu.Az xəbər verir ki, bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
"199 nömrəli avtobus öz yolunu qoyub keçir avtomobillərin yoluna və qəza şəraiti yaranır. Biz avtobus zolağına keçəndə 100 manat cərimələnirik, üstünə də 2 cərimə balı gəlirlər. Bəs avtobuslar niyə öz zolaqlarından çıxanda cərimə olunmurlar?"- deyə şikayətçi yazıb.
Xüsusi zolaqla bağlı avtobus sürücülərinə 40 manatlıq cərimə
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinə sorğu ünvanladıq.
İdarənin inspektoru, polis leytenantı Elvin Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, avtobus zolağından kənara çıxan avtobus sürücüləri cərimə olunurlar.
"Nəzərə almaq lazımdır ki, avtobus zolaqları 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılır. Avtobusun digər zolağa keçməsi isə 1.1 üfüqi nişanlama xəttinin tələbinin pozulması deməkdir. Belə olan halda sürücülər İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilirlər.
Digər nəqliyyat vasitələrinin avtobus zolağına keçməsinə gəldikdə isə İXM-nin 327.1-1 maddəsinə əsasən, "Yol hərəkəti haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla, 5.9 nişanları ilə işarələnmiş, ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş hərəkət zolağı olan yollarda hərəkət edən digər nəqliyyat vasitələrinin sürücüləri avtobus zolağında hərəkət etməyə görə yüz manat məbləğində və iki cərimə balı dəyərində cərimə edilirlər", - deyə E.Hacıyev vurğulayıb.
Bəs avtobuslar niyə onlara ayrılan zolaqlardan çıxmaq məcburiyyətində qalırlar?
Sualımızı 199 nömrəli avtobusun da məxsus olduğu daşıyıcı "Xaliq Faiqoğlu" şirkətinə ünvanladıq.
Şirkətin mətbuat katibi Nizam Rzayev Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib və problemdən xəbərdar olduqlarını bildirib.
"Əslində heç bir sürücü öz istəyi ilə zolağı dəyişmir. Şəhərin mərkəzi ilə hərəkət edən avtobuslar, o cümlədən də 199 nömrəli avtobus hündür olduğu üçün bir çox yollarda iri ağacların budaqları hərəkətə mane olur.
Məsələn, Cəfər Cabbarlı, Zivərbəy Əhmədbəyov, Abbas Mirzə Şərifzadə, Səməd Vurğun küçələrində, Moskva prospektində, "Şamaxinka" deyilən yer ilə "20 Yanvar" metro stansiyası arasında olan yol və s. bu kimi yollarda biz eyni problemi yaşayırıq.
Sürücü istəsə də, avtobus üçün ayrılan zolaqla hərəkət edə bilmir, çünki hərəkət hissəsinə əyilmiş budaqlar bir tərəfdən görünüş məsafəsini yox səviyyəsinə endirir, digər tərəfdən iri budaqlar avtobusa ciddi ziyan vurur.
Sözügedən Şərifzadə küçəsində də vəziyyət eynidir. Bir tərəfdən yolu kəsən budaqlar, digər tərəfdən isə hər tərəf ictimai iaşə yerləridir və cərimə olmasına baxmayaraq, hələ də bəzi sürücülər avtomobili saxlayıb ya kimisə gözləyir, ya da sadəcə park edib harasa gedirlər. Belə olan halda da avtobus sürücüsündən öz zolağı ilə getməyi tələb etmək mümkünsüz olur. Əgər yolda heç bir maneə olmasa, sürücü zolağı dəyişmək məcburiyyətində qalmaz ", - deyə N.Rzayev vurğulayıb.
Yol kənarında avtobusların hərəkətinə mane olan budaqların aqibəti necə olacaq?
Sualımızı Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ünvanladıq.
Birlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri ərazisindəki avtobus zolaqlarında budama prosesi mütəmadi olaraq aparılır:
"Lakin nəzərə almaq lazımdır ki, ağaclar canlı olduğundan budaqlar bir müddətdən sonra artır və bəzi yerlərdə yenidən belə mənzərə yarana bilir".
Bəs sərnişin avtobuslarının qarşılaşdığı bu problemdən çıxış yolunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) nədə görür?
Qurumun Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, paytaxtın küçə və prospektlərində AYNA tərəfindən təhlillər aparılır:
"Ağacların avtobusların hərəkətinə mane olduğu aşkarlandıqda Bakı şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ərizə ilə müraciət olunur. Ağacların budanması ilə mövcud problemlər aradan qaldırılır".
Əzizə İsmayılova
"Avtobus zolağı" teqi üzrə xəbərlər
- Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı yollardan birində xüsusi avtobus zolaqlarında hərəkət vaxtı dəyişdi
- Bakının əsas prospektlərindən birində avtobus zolağının təşkilində DƏYİŞİKLİK
- Sürücülərə ŞAD XƏBƏR: COP29 zolaqları QÜVVƏDƏN DÜŞDÜ
- Avtobus və velosiped zolaqları taksi sürücüləri üçün problemə çevrilib
- AYNA-dan COP29 zolaqları ilə bağlı XƏBƏRDARLIQ
Rəylər