“Bir müddət əvvəl mən təhsillə bağlı fikrimi bildirdim. Bir daha demək istəyirəm ki, biz elə etməliyik ki, gənclərimizin oxumaq üçün xaricə getmək zərurəti yaranmasın. Azərbaycanda təhsilin səviyyəsi elə olmalıdır ki, burada ən yüksək səviyyədə təhsil almaq mümkün olsun”.
İlham Əliyev
Yeni dərs ili və onunla bağlı bütün yeniliklər başlayır – çiyinlərində parlaq rəngli məktəbli çantaları, əllərində gül dəstələri olan sevincək və bir qədər qorxmuş 1-ci sinif şagirdləri, onların narahat valideynləri, müəllimlər, dərsliklər və dəftərxana ləvazimatları satan mağazalarda canlanma – hələ bir neçə həftə əvvəl yuxulu olan şəhərdə həyat canlanır.
İndiyədək birinci dəfə məktəbə getdiyim gün yadımdadır – həyəcandan hətta səhər yeməyini də yeyə bilmədim, əynimdə yeni forma və başımda böyük bant, əlimdə isə böyük gül dəstəsi tutaraq, valideynlərimin yanında tələsik addımlarla məktəbə getdim.
O zamanlar hər şey daha asan idi – bizlərin əksəriyyəti evimizə yaxın, bir vaxtlar atalarımız, analarımız, bibi və dayılarımızın oxuduu məktəblərə gedirdik, məktəbli forması onilliklər ərzində dəyişməmişdi (qəhvəyi rəngli don və adi günlərdə qara, bayram günlərində ağ fartuklu həmin dəhşətli forma haqqında xatirələr indi də yaddaşımda canlanır). Dərsliklər sinifdən sinifə ötürülürdü və bizə ciddi şəkildə tapşırılırdı ki, onları qoruyub-saxlayaraq. Dəftərxana ləvazimatları çatışmırdı və biz hardansa tapılmış dəftərlər və qələmlərlə birtəhər kifayətlənməli olurduq. Möcüzəli bir yolla xaricdən gətirilmiş məktəbli çantası isə dəbin ən yüksək pilləsi sayılırdı və xoşbəxt sahibinin statusunu xeyli yüksəldirdi.
Lakin zəmanə dəyişdi və kapitalizmin gətirdiyi bolluqla yanaşı biz, indiyədək həllini tapmayan problemlərlə qarşılaşdıq – bütöv dəsti minimal əməkhaqqına bərabər olan dərsliklərin bahalılığı (düzdür, bu gün bir çox məktəblərdə onları pulsuz verirlər, lakin bəzən bu dərsliklər elə bir vəziyyətdə olur ki, valideynlər yenilərini almağa məcbur olurlar); özlüyündə ucuz olmayan, keyfiyyəti isə bir qədər axsayan məktəbli forması (buna görə də, bir çox valideynlər məktəbli formasını sifarişlə tikdirirlər ki, bu da daha baha başa gəlir); dəftərxana ləvazimatlarının tam dəsti, çanta və sair məktəbli əşyaları da ucuz başa gəlmir və hər ailənin cibinə görə deyil. İki və daha artıq uşağı hazırlayıb məktəbə göndərmək isə ümumiyyətlə az qazanclı valideynlər üçün ağır yükə çevrilir. Bura bir çox məktəblərdə yayılmış “təmir işləri” üçün yığılan pulları da əlavə etdikdə biz, sadə ailənin aylıq büdcəsinə bərabər vəsait əldə edəcəyik.
Məktəblərin seçilməsi də problemə çevrilib. Təbii ki, hər bir valideyn öz övladı üçün ən yaxşı olanı istəyir, lakin yaxınlıqda yerləşən tədris müəssisələri çox vaxt nə şəraiti, nə də təhsil üzrə valideynlərin yüksək tələblərinə cavab vermirlər. Buna görə də, son illər belə bir vəziyyət yaranıb: şəhərin nüfuzlu mərkəzi məktəblərinə uşaqları az qala bir il əvvəldən yazdırırlar. Seçilmiş məktəbə düşmək hüququ az qala döyüşlə əldə olunur, bütün növ şəxsi əlaqələr işə salınır, uşaqları isə əsl qəbul imtahanlarından keçməyə məcbur edirlər ki, bu da bərkiməmiş uşaq psixikası üçün əsl stressə çevrilir.
Mən özüm də mərkəzi məktəblərdən birinin direktorunun qəbuluna düşməyin tamamilə qeyri-mümkün olduğu vəziyyətlə qarşılaşmışam – hər gün mühafizə xidməti deyirdi ki, direktor bax elə indicə çıxıb yaxud da gəlib, artıq iclasdadır, məzuniyyətdədir, xəstədir və s. Məndə belə təəssürat yarandı ki, prezidentin qəbuluna düşmək daha asan olardı. Bununla yanaşı, bu nüfuzlu məktəblərin hər bir sinifində 35-40 şagird oxuyur ki, bu da mənim fikrimcə xüsusilə də başlanğıc siniflərdə keyfiyyətli təhsil prosesini təmin edə bilməz.
Yuxarı siniflərə gəldikdə isə, orada vəziyyət tamamilə başqa cürdür – bir çoxları sadəcə məktəbdən pulla yayınır ki, repetitorun yanına rahat gedə bilsin. Əlbəttə ki, bunun özü də normal hal deyil.
Əlbəttə, çoxlu sayda özəl məktəblər var və onların sayı ildən ilə artır. Lakin təəssüf ki, bu məktəblərdə təhsil almağa hər ailənin büdcəsi imkan vermir, digər tərəfdən təhsil heç də yaxşı tərəfdən fərqlənmir.
Ali məktəblər haqqında saatlarla danışmaq olar, buna görə də, mən yalnız bəzi əsas məqamların üzərində dayanacağam – yaxşı vəziyyətdə olmayan məktəb təhsili ona gətirxib çıxarıb ki, ali məktəblərə çox az keçid balı toplamış məzunlar qəbul olunurlar, istedadlı və ağıllı gənclər isə xaricdə təhsil almağa gedir, çox vaxtı elə həmin xarici dövlətlərdə iş taparaq, birdəfəlik orada qalır – nəticədə isə, Azərbaycan qiymətli mütəxəssisləri itirmiş olur. Və əlbəttə, bir çox ali məktəblərdə hələ də geniş yayılmış korrupsiya – bu, ümumilikdə cəmiyyətimizin ağrılı yeridir.
Lakin hər şey dəyişir və bizim təhsilimizdə dəyişikliklər küləyi 19 aprel 2013-cü il tarixli Prezident Fərmanı ilə təhsil naziri təyin edilmiş Mikayıl Cabbarovun simasında əsdi. Cəmiyyətimiz ölkədə təhsil sahəsində vəziyyətin köklü surətdə dəyişməsinə olan ümidlərini məhz yeni, gənc və enerjili nazirlə bağlayır.
Nazir vəzifəsinə keçdiyi qısa bir müddət ərzində Mikayıl Cabbarov demək olar ki, respublikanın bütün rayonlarında vətəndaşları şəxsən qəbul etdi, xarici ölkələrin səfirləri ilə görüşdü, nazirliyin özündə bəzi struktur dəyişiklikləri apardı. Düzdür, çoxları nazirdən hansısa kəskin hərəkətlər gözləsələr də, onun mərhələli islahatçılıq siyasəti kifayət qədər düşünülmüş və nəticəverən kimi görünür.
Bununla belə, naziri hansısa konkret addımlar atmamaqda günahlandırmaq olmaz – hələ yay aylarında paytaxtda və bölgələrdə bir neçə məktəbin direktorları işdən azad edildi, 23 saylı orta məktəbin direktorunun işdən azad edilməsi haqqında cəmiyyətdə geniş rezonans doğrumuş qərar isə hələ bu gün də forumlarda və sosial şəbəkələrdə müzakirə olunur. Güman etmək lazımdır ki, bu hadisə digərləri üçün də nümunə olacaq və məktəblərdə qanunsuz pul yığımlarına son qoyacaq.
Sentyabrın 12-də Azərbaycan Tibbi Universitetinin Tədris-cərrahiyyə klinikasının açılışında Azərbaycan prezidenti İlham Əliyev qeyd etdi ki, ölkəmizdə elə şərait və təhsil keyfiyyəti yaradılmalıdır ki, məzunların xarici ölkələrdə təhsil almaq zərurəti yaranmasın.
Əlbəttə, Moskva birdən qurulmayıb, lakin inanmaq istəyirəm ki, bir neçə ildən sonra biz uşaqlarımızın layiqli gələcəyini təmin etmək üçün onları oxumağa hara göndərmək barədə düşünməyəcək, sadəcə ölkəmizə savadlı mütəxəssislər verən yerli ali məktəblərimizin məzunları ilə fəxr edəcəyik.
Yeni dərs iliniz mübarək!
Aliyə İsmayılzadə
www.oxu.az