Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Yeni era: Dostunuzla bir saat söhbət üçün 12 manat ödəməyə hazırsınız?
Emilya Tağıyeva yazır...
Bu yaxınlarda öyrəndim ki, Yaponiyada qeyri-adi bir xidmət başlayıb - yaşlı insanlar söhbət eləmək, birgə gəzintilər, alış-veriş, balıq tutma və digər fəaliyyətlər üçün özlərini icarəyə verirlər. Belə bir ünsiyyətin bir saatı bizim pulla təxminən 12 manat təşkil edir. Burda iki tərəf də qazanır: Yaşlı insanlar darıxmaqdan xilas olurlar, boş vaxtlarını dəyərləndirir və qazanc əldə edirlər, qarşı tərəf isə unikal ünsiyyətə sahib olur. Xidmət dövlət tərəfindən tənzimlənir və "Ossann Rental" adlanır.
Bu, ilk baxışdan məzəli, düşünəndə isə çox miskin mənzərədir. Müasir cəmiyyətdə insanlar o qədər tənhalaşırlar ki, "dost"la adi gəzinti və ya məhrəmanə söhbət üçün pul ödəmək məcburiyyətində qalırlar.
Əslində bu, təkcə Yaponiyaya məxsus bir problem deyil. Dünyanın bir çox ölkələrində, cəmiyyətlərində insanlar arasında sosial təcrid və tənhalıq artmaqdadır. İroniya burasındadır ki, tendensiyaya səbəb elə tənhalıqdan qaçmaq üçün istifadə edilən texnologiyalar - sosial media, mesajlaşma proqramları, videozənglər və s.-dir. Bunlar ünsiyyəti asanlaşdırır, amma eyni zamanda, dərin sosial əlaqələrin qurulmasının qarşısını alır. Hazırda fiziki görüşlərin yerini virtual söhbətlər tutmağa başlayıb. Bir sözlə texnologiya - dərin tənhalıq yaradıb.
Əlbəttə, tək qalmaq, insanlardan uzaqlaşmaq hər kəsin həyatında ola biləcək bir vəziyyətdir. Hətta şəxsin özünün buna ehtiyacının yarandığı vaxtlar da olur.
Amma hər şey həddində gözəldir. Çünki uzunmüddətli tənhalıq bir sıra psixoloji, fiziki və sosial fəsadlara səbəb olur.
Belə ki, yalqız qalan insanlarda stress artır, depressiyaya düşür, özünə qapanır, beləliklə də özünə inam və dəyər hissi azalır, hətta intihara gətirir.
Tənhalığın fiziki təsirləri də az deyil - immun sisteminin zəifləməsindən tutmuş, yüksək təzyiq və ürək xəstəliklərinə, yuxusuzluğa (bu da öz növbəsində fiziki və zehni sağlamlığa) səbəb olur.
Belə vəziyyət nəinki onun psixologiyasına, sağlamlığına, iş həyatına, hətta cəmiyyətin inkişafına belə mənfi təsir göstərir.
Düzdür, Azərbaycanda hələ də dostluq və ailə bağları var, amma getdikcə bu münasibətlərin zəifləməsi təhlükəsi özünü göstərir. Bunu bilmək üçün uzağa yox, elə sosial şəbəkənin Azərbaycan seqmentində paylaşımlara və şərhlərə baxmaq kifayətdir.
Düşünürəm ki, Yaponiyada başlayan və bir çox inkişaf etmiş ölkələrdə potensial olan "Ossann Rental" bizə siqnal olmalıdır. Əlbəttə, müasir dövrdə rəqəmsal texnologiyadan istifadə etmədən yaşamaq qeyri-mümkündür. Ancaq orta yolu tutmaq və texnologiyadan balanslı istifadə etmək mümkündür. Unutmayaq ki, heç bir texnologiya səmimi insan münasibətlərini əvəz edə bilməz.
Buna görə də, Yaponiyadakı kimi, "dostla" bir saatlıq ünsiyyətə pul vermək məcburiyyətində qalmamaq üçün bəlkə "dosta zəng" imtiyazından elə indi istifadə edib görüş üçün vaxt təyin edək?
Rəylər