"İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda "Böyük Qayıdış" proqramının icrası ilə bir çox sahədə ciddi dəyişikliklərin edilməsi zərurəti yaranıb. Artıq bölgədə tamamilə yeni reallıqlar formalaşır".
Bunu Oxu.Az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov deyib.
O bildirib ki, hazırkı reallıqların mərkəzində işğaldan azad edilmiş ərazilərdəki bərpa-quruculuq işləri və insanların doğma yurdlarına qaytarılması dayanır. Bu proses dövlətimiz üçün prioritet mövzulardan biridir:

"Uzun müddət Ermənistanın işğalçılıq siyasəti ucbatından bir milyona yaxın insanımız qaçqın və məcburi köçkün düşdü. O dövrün reallıqlarına uyğun olaraq, bu həssas kateqoriyadan olan vətəndaşların hüquqlarının qorunması məqsədilə "Qaçqınların və məcburi köçkünlərin statusu haqqında" və "Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında" qanunlar, həmçinin digər normativ aktlar qəbul edilmişdi. Həmin dönəm üçün bu, olduqca mühüm və aktual addım idi. Lakin indi şərait tamamilə dəyişib və köhnə qanunları qüvvədə saxlamaq öz aktuallığını itirib".
X.Bəşirov qeyd edib ki, hazırda ölkədə qanunvericilik sisteminin yenilənməsi prosesi gedir:
"Artıq Azərbaycan Mənzil Məcəlləsinə işğaldan azad edilmiş ərazilərdəki daimi mənzil fondu ilə bağlı müvafiq müddəalar daxil edilir. Normativ-hüquqi aktlar sistemindən "qaçqın" və ya "məcburi köçkün" ifadələrinin çıxarılması prosesi paralel olaraq həyata keçirilir. Onminlərlə soydaşımız artıq dədə-baba yurdlarında yaşayır və fəaliyyət göstərirlər. Ermənistanın işğal dövründə törətdiyi vəhşiliklərin miqyası və əraziləri minalarla zəhərləməsi səbəbindən bu qayıdış mərhələli şəkildə aparılır və zaman alır. Buna baxmayaraq, Azərbaycan dövləti öz daxili imkanları hesabına prosesi maksimum sürətləndirir".
Siyasi şərhçinin sözlərinə görə, qazanılan uğurların qanunvericilikdə də təsbit olunma vaxtı çatıb:
"Biz, bir tərəfdən, torpaqlarımızın azad olunduğunu, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edildiyini bəyan edirik. Artıq həmin ərazilərdə prezident, parlament və bələdiyyə seçkisi keçiririk. Eyni zamanda, Ermənistanla sülh prosesi gedir və de-fakto sülhə nail olunub. Belə bir şəraitdə hələ də "məcburi köçkün" ifadəsini işlətmək və keçmiş işğal dövrünə aid terminləri gündəmdə saxlamaq mövcud reallıqla ziddiyyət təşkil edir. Azərbaycan dövləti bu ziddiyyəti aradan qaldırmaq üçün hüquqi addımları da paralel atır. Ümid edirik ki, qısa müddətdə nə real həyatda bu statusda insanımız qalacaq, nə də qanunvericiliyimizdə həmin ifadələrə ehtiyac olacaq".