Bakının Qaradağ rayonunda içməli su təchizatında yaranan problemin aradan qaldırılması məqsədilə aparılan qazıntı işlərindən sonra ərazidə xəbərdaredici yol nişanlarının qoyulmaması sürücülər üçün təhlükəli vəziyyət yaradıb.
Oxu.Az-ın qaynar xəttinə müraciət edən sürücülərin sözlərinə görə, Lökbatan-Qobu avtomobil yolunda qazıntı işləri yekunlaşsa da, qazılan hissəyə hələ də asfalt örtüyü çəkilməyib.
Onların sözlərinə görə, ərazidə qazıntı işləri ilə bağlı xəbərdaredici yol nişanlarının olmaması isə xüsusilə axşam saatlarında sürücülərin hərəkətini çətinləşdirir və qəza riskini artırır:
"Qazıntı işləri hazırda yekunlaşıb. Lakin hələ də qazılan hissəyə asfalt qatı çəkilməyib. Buna görə də sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Yolda qazıntı işlərinin görüldüyünü göstərən hər hansı xəbərdaredici yol nişanının qoyulmaması da sürücülərin hərəkətini çətinləşdirib. Axşam saatlarında ərazidə hərəkət edəndə xəbərdaredici nişanın olmaması səbəbindən vəziyyətdən xəbərdar olmayan vətəndaşlar qazılan hissəyə girirlər, bu da qəza riskini artırır".
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə su xətti təmir olunub və qazıntı sahəsi müvafiq qaydalara uyğun olaraq doldurulub:
"Ümumiyyətlə, qəza-bərpa işləri zamanı ərazidə mövcud olan örtük növü nəzərə alınır və işlər başa çatdıqdan sonra həmin hissənin örtüyünün bərpası təmin edilir.
Hazırda asfaltın bərpası ilə bağlı müvafiq olaraq müraciət edilib. Qazıntı sahəsinin üzəri doldurulduqdan sonra dəmir lövhələrin ərazidə saxlanılması effektiv olmur. Belə ki, lövhələr naməlum şəxslər tərəfindən oğurlanır və ya hər hansı avtomobilin hərəkəti zamanı kənara atılır. Həmçinin, bərpa olunmuş hissənin yolun mərkəzində yerləşməsi səbəbindən nişanların qoyulması yolun daralmasına və nəqliyyatın hərəkətində çətinlik yaranmasına səbəb olur. Buna baxmayaraq, sukanal idarəsi vəziyyətdən məlumatlıdır və müvafiq tədbilər görüləcək", - məlumatda deyilir.