Aqşin Yenisey yazır...
Türk siyasətinin dilində bürokratik “paslanmanı” ifadə edən belə bir söz var; “metal yorğunluğu”. Bu, bir bürokratın, yaxud bürokratik sistemin, iş prosesində baş verən sürtünmə və “paslanma” nəticəsində “qocalıb əldən düşən” metal bir mexanizmə bənzədilməsidir. Yəni hər bir mexaniki sistem kimi bürokratik sistemlər də tükənir, sıradan çıxırlar və gec-tez ya “xarab olan hissələr”, ya da ümumilikdə bütün sistem yenisi ilə əvəz olunmalıdır.
Azərbaycanda elə bürokratik təşkilatlar var ki, Stalindən iki-üç yaş balacadırlar və 1930-cu illərdən başlayaraq çox cüzi hissələri yenilənsə də, bir əsrə yaxındır ki, bu təşkilatlar eyni bürokratik prinsip və eyni mexaniki vərdişlərlə “işləyirlər”. Məsələn, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı və s. kimi yaradıcı sahələrə nəzarət edən bürokratik təşkilatların çoxu nəinki illərdir “metal yorğunluğu” içindədirlər, ümumiyyətlə, bu təşkilatları biz nəhəng bir metal mexanizmə bənzətsək, onların metallomluq olduğu üzə çıxar. Mədəniyyətə nəfəs verməli olan bu təşkilatlar bu gün mədəniyyətin özündən süni nəfəs aparatı kimi istifadə edirlər. Məsələn, Yazıçılar Biriyinin yorğun bürokratları ildə bir dəfə “ov sezonunda” ucuz kafelərə şair, yazıçı ovuna çıxırlar və s.
Şumer suvarma sistemlərinin qurulmasındakı uğurlarından başlayaraq üç min illik tarixə sahib olan bürokratiya anlayışı dövlətlərin çiçəklənməsində olduğu kimi, tükənməsində də böyük xidmətlər göstərib. Məsələn, Avropanın əksər ölkələri sürətlə sənayeləşmə çağına qədəm qoyanda İspaniya kimi qədim tarixi olan bir Qərb ölkəsi məhz bürokratik “paslanma” ucbatından feodalizm dövründə ilişib qaldı. Müstəmləkəçilik və inkvizisiya dövründən başlayaraq get-gedə kəmiyyət olaraq böyüyən bu sistemin təmsilçilərinin sayı İspaniyada o qədər çox idi ki, onlar artıq ölkənin orta təbəqəsini təşkil edirdilər, yəni dövlətin təkcə üstü deyil, altı da bürokratlardan ibarət idi. Büdcədən qidalanan bu bürokratik kütlə, demək olar ki, istehsalatla məşğul olmurdu, hətta bəlkə, sistemin işi pozulmasın deyə istehsalatla məşğul olmaq istəyənləri də əzirdi. Buna görə də bürokrat İspaniyasında İngiltərədən, Fransadan, Almaniyadan fərqli olaraq istehsal münasibətləri inkişaf etmədi, feodal ənənələri kapitalist yenilikləri ölkəyə buraxmadı. Bunun nəticəsində İspaniya bu gün belə İsrail, Yaponiya kimi “mühacir kapitalizm” ölkələrindən xeyli geri qalır.
Bürokratların orta təbəqəyə çevrildiyi İspaniyanın “qızıl çağı”ndan yüz il sonra, Madriddəki Venesiya səfiri yazırdı: “Əli başına çatan hər kəs dövlətin cibindən yeyir. Məmur vəzifələrinin sayı-hesabı yoxdur. Təkcə, dövlət büdcəsində 40 mindən çox məmur çalışır; bu məmurların əksəriyyəti onlara verilən əməkhaqqının iki qatını çırpışdırırlar. Maliyyə hesabatları qarma-qarışıq, hətta zərərli bir şəkildə qeyri-müəyyəndir; onların işindən hər hansı bir sistem və ya nəticə əldə etmək mümkün deyil. Eyni vaxtda vergi yığan 24 min, inkvizisiya xidmətinə məsul 20 min məmur var”.
Biz bu mənzərəni bu gün bürokratik nəzarət hesabına gələcəyə can atan bütün ölkələrin həyatında görə bilərik. Qərbdə 1883-cü ildə güclənən sosializmə qarşı Bismarkın qəbul etdiyi tibbi sığorta qanunu ilə təməli qoyulan “Rifah dövləti” sistemi uğursuzluğa düçar olandan sonra ortaya belə bir ideya atıldı ki, dövlət bürokratiyanın həcmini azaldıb onun yerini özəl firma və şirkətlərə, qeyri-hökumət təşkilatlarına versin. Belə də etdilər və bu gün Qərb ölkələrində büdcələri dünyanın bir çox dövlətlərinin büdcələrindən böyük olan transmilli şirkətlər mövcuddur ki, hətta öz ölkələrinin siyasi strategiyalarına belə təsir edə bilirlər. Çağdaş fransız filosofu Liotar hətta bu şirkətləri gələcəyin dövlətləri kimi görür. Bu qüdrət, əlbəttə ki, bürokratik əngəllərin aradan qaldırılması ilə mümkün olub. Məsələn, bu gün siz Yeni Zelandiyada şirkət qurmaq istəsəniz, sənədləşmələrə yarım gün vaxtınız gedəcək, bu şirkəti Türkiyədə bir həftəyə, Venesuelada isə yarım ilə qura bilərsiniz. Bürokratik marşrut xətləri sıxlaşdıqca iş yubanır, bu isə təşəbbüskarlıq həvəsinin ölməsi, ya da bəri başdan yaranmaması deməkdir. Yeni Zelandiyanın rifahı ilə Venesuelanın rifahı arasındakı fərq də bu zaman yaranır.
Bürokratiya hər hansı bir siyasi sistemin mexaniki işinin məhsuludur. Odur ki, onu daha çox sistemin məhsuldarlığındakı kəmiyyət maraqlandırır. Çünki bürokratiya sözlərlə yox, rəqəmlərlə düşünür. Bir bürokrat ən yaxşı halda, öz işini asanlaşdıran qanunların çoxluğuna çalışır, hiss etdiyi boşluqları qanunlarla doldurur. Amma praktika göstərir ki, qanunların effekti müvəqqəti xarakter daşıyır. Ən sərt qanunların üzərində qurulan keçmiş sovet sistemində cəmi iyirmi-otuz ildən sonra hər kəs rüşvət alırdı, dövlət əmlakını oğurlayırdı, hətta məşhur lətifədə olduğu kimi, zavoddan oğurlamağa bir şey tapmayan sovet fəhləsi bir vedrə sement oğurlamışdı ki, o da evə çatana kimi bərkiyib yararsız hala düşmüşdü.
Yaxud bu gün dünyanın ən qalın konstitusiyalarından biri Hindistana məxsusdur; 78 min sözdən ibarət. İngiltərənin isə, ümumiyyətlə, yazılı konstitusiyası yoxdur. İntellektual potensiala, işlək mədəniyyətə sərmayə qoyulmadıqca əlavə inzibati resurslara tələbat artır; qanunların sayında və sərtliyində kəllə-çarxa çıxmağa ehtiyac yaranır. Cəmiyyətin mədəni səviyyəsindəki yüksəliş isə bürokratik canfəşanlığa və qanunlara tələbatı azaldır. Hətta bir çox hallarda bürokratlar onlara olan tələbat sıfırlanmasın deyə öz ölkələrində mədəniyyətin, təhsilin inkişafına əngəllər yaradırlar.
Cəmiyyət bütünlüklə bürokratların əlinə keçdikdə isə təşəbbüskarlıq ruhunu “oblomov”luq tənbəlliyi əvəzləyir. Qonçarovun bu obrazı, əslində, çar Rusiyasını bürümüş “metal yorğunluğu”nu ifşa edirdi. Avropanın sənayeləşdiyi bir dövrdə orta təbəqəsi büdcədən qidalan məmurlardan ibarət olan Rusiya bu yorğunluq sayəsində İspaniya kimi feodalizmdə ilişib qalmışdı və yerindən qalxmağa belə heyi, həvəsi yox idi. Oblomov bu yorğunluğun simvolu idi.
Bu milli “oblomov”luğun nəticəsi isə bu oldu ki, romanının nəşrindən qırx altı il sonra bapbalaca Yaponiya 1905-ci ildə rus-yapon müharibəsində yerindən qalxmağa heyi olmayan nəhəng Rusiyanı diz çökdürdü.