Kubra Məhərrəmova yazır...
İki gündür içimdə ağır kədər və üzüntü ilə 14 yaşlı qızın ərə getməyinə baxıram. Özü də məsumcasına deyir ki, "oğlan məni 18 yaşına qədər gözləyəcəkdi".
Ay qızım, axı bilirik bu erkən nikahların sonunu. Bapbalaca qız ərə gedir, uşaq doğur, ya da doğa bilmir, axırda da ər atıb gedir. Sonra da kömək üçün düşür qapılara. Özü də uşaq, qucağındakı da.
Kimsə bu uşaqlara anlatsın ki, belə "toyların", "hə"lərin hüququ gücü yoxdur. "Hə" dedikləri mərasimlər el arasında bir kəllə qənd, bir molla, bir də kəbindir. Gələcəyi dumanlı, şaxtalı, səfalətli...
Amma kim anlatsın? Dövlət? Məktəb? Qonşu? Valideyn?
Məktəb deyir ki, VI sinifdən dərsə gəlmir. Qonşu deyir ki, "mənə nə?" Valideyn də deyir ki, "evdən bir yeyən ağız azalsın".
Haradan baxsan qapqara həyat...

O evin gününə baxdım, o ananın halına baxdım. Dağılıb-tökülən, soyuq, işığı-qazı olmayan evdə uşaq böyütmək asandırmı? Deyil əlbəttə. Hər səhər buz kimi soyuq suda əl-üz, qab-qacaq yumaq, ocaqda çay qaynatmaq zülmdür... Hələ bunun kitab-dəftəri, geyim-kecimi, qarlı hava üçün ayaqqabı-çəkməsi...
Lakin 14 yaşında qızı ərə vermək çıxış yolu deyil. Yetkinlik yaşına çatmayan qızın qaçışı ölüm olur - doğumda ölüm, hamiləlikdə ölüm.
Bir uşaq da doğsa, çətinliyi ikiyə vurulur, çoxalır. Hələ xəstə uşaq doğulsa... Zillətdən qaçmağa çalışdıqları halda, düşdükləri yer daha da qaralır, zülmət olur.
Hələ bir cümlənin işığına, sözün məsumiyyətinə bax...
14 yaşlı "gəlin" deyir ki, polislər gəlib qarşısını aldılar "hə" deməyimin.
Elə xiffətli, kədərli deyir ki, sanki bu "hə" ağ qoç kimi onu qaranlıq, soyuq evindən götürüb işıqlı dünyaya aparacaqdı. Allaha and olsun zülmətə aparacaqdı səni, balaca.
Bir bilsən ki, bu gün hirsləndiyin, qarğış tökdüyün o insanlar səni necə böyük səhvdən qoruyublar...
Amma mütləq bil ki, deyib-yaza bilmədiyim, başına gələcək nələrdən-nələrdən, qoruyublar səni.
Bu, bizə məlum olan faktdır. İctimailəşən, polisin xəbərdar olduğu, mediada işıqlanan fakt.
Bir də düşünün ki, nə qədər belə "hə" altında gözdən-könüldən uzaq kəndlərdə qız uşaqları əjdahaya "qurban" verilir. Başlarına "şal" atılır, sonra da ər evinə yola salınır. 14 yaşlı uşaq gələcək müqəddəratını necə müəyyən edə bilər axı? Ana-ata ona nə "nağıl" danışırsa, o da inanır.
Ana-ataya da nə deyim... Aclıq-səfalət olsa da, bu uşaqlardan imtina etməyin, məhv etməyin onları. Onsuz da yazıqlar səfalət, soyuq içində bir gün görməyiblər. Bu yaşlarında ər qapazı yeməklərinə də zəmin yaratmayın. Verin dövlətin uşaq evinə, qoy dövlət baxsın, 18 yaşına çatdırsın. Siz də hər həftəsonu gedin yoxlayın uşaqları. Amma bədbəxt etməyin, Vallah yazıqdılar.
Aldatmayın qızları nağıllarla. Bu nağılların sonu heç vaxt xoşbəxt sonluqla bitmir. Göydən də üç alma düşmür. 14 yaşlı "gəlin"lərin tilsimi isə qırılmır.