1950-ci illərdə amerikalı alimlər Ceym Olds və Peter Milner siçovullar üzərində maraqlı bir təcrübə apardılar. Onlar beynin mükafat sistemini stimullaşdıran mexanizmə bir düymə bağladılar. Siçovullar düyməni basdıqca mükafat hissi yaşayırdılar. Nəticədə heyvanlar yeməkdən və digər ehtiyaclarından belə imtina edib düyməni basmağa davam edirdilər.
Bu təcrübənin ən qorxulu tərəfi budur: beyin mükafatın haradan gəldiyi ilə maraqlanmır. Sadəcə mükafat istəyir.
Bunu makedoniyalı İsgəndər nümunəsində düşünmək daha maraqlıdır.
Makedoniyalı İsgəndərin addım-addım bir ömür ərzində qarşısına qoyduğu bütün məqsədlərə çatması və nəhayət, ortada daha böyük bir hədəf qalmayana qədər irəliləməsi bəşər tarixində istisnadır. Bəlkə də ondan başqa heç kim bu qədər mümkünsüz görünən bir məqsədə çatmayıb.
Belə bir insanın bütün zamanların ən böyük uğur həzzini yaşadığını düşünmək olar.
Amma limbik sistemin necə işlədiyini anlayanda mənzərə dəyişir.
Bu gün şəkərli şirniyyata, mobil telefona, sosial mediaya, oyunlara, "reels"lərə çıxışı olan istənilən insan müəyyən mənada makedoniyalı İsgəndərin yaşadığı mükafat hissinə çata bilir.
Çünki limbik sistem üçün mükafatın səbəbi o qədər də vacib deyil. Ən böyük düşməni məğlub etmək, bütün qələbələri qazanmaq və tarixdə ən böyük sərkərdə kimi tanınmaqla kompüter oyununda qalib gəlmək arasında bioloji baxımdan düşündüyümüz qədər böyük fərq yoxdur. Limbik sistem bir simulyasiyadır.
Üstəlik, bu sistemin də bir həddi var. Bir ölkəni fəth etmək, marafonda qalib gəlmək və ya imtahandan keçmək nəticəsində yaşanan həzzin kimyəvi baxımdan sonsuz artımı mümkün deyil. Limbik sistem daha çox nə qədər mükafat aldığınla yox, əvvəlki vəziyyətlə müqayisədə nə qədər dəyişiklik baş verdiyi ilə maraqlanır.
Yəni makedoniyalı İsgəndər 20-ci müharibəsini qazandıqda, ilk dəfə paylaşdığı şəklə 50 bəyənmə gələn insan qədər xoşbəxt olmamış ola bilər.
Burada daha qəribə bir ehtimal ortaya çıxır: bəlkə də eyni dövrdə bir çoban makedoniyalı İsgəndərdən daha xoşbəxt idi.
Çünki bizim xoşbəxtlik gətirdiyini düşündüyümüz uğurların arxasında bəzən məhz narazılıq dayanır. Hədəf bitdikcə yeni hədəf yaranır. İmkansız olan mümkün olduqca, daha böyük mümkünsüzlük axtarılır.
Bəlkə də makedoniyalı İsgəndəri irəli aparan şey xoşbəxtlikdən çox, əldə etdiklərindən sonra yaranan narazılıq idi.
Çünki hər uğurdan sonra hedonik adaptasiya başlayır: dünən möhtəşəm görünən şey bu gün adiləşir. Və insan yenidən daha böyük bir mükafat axtarır.
Bu, "reels"in mexanizmini də izah edir.
Bir videonu bitirirsən, qarşısına dərhal başqası çıxır. Sonra biri, sonra biri... Nə başlanğıcı var, nə də sonu. Hər sürüşdürmədə yeni stimul, yeni görüntü, yeni informasiya. İnsan beyninin "bəsdir" deməsi üçün lazım olan fasilə isə aradan qalxır.
Əvvəllər nəfsini idarə edə bilməyən insanlara "ayağı sürüşkən" deyərdilər. Müasir dövrdə bunu "əli sürüşkən" ilə əvəzləsək, yəqin ki, yerinə düşər.
Əvvəllər internetdə nəyisə axtarırdıq. İndi isə informasiya qarşımıza çıxır.
Burada sosial şəbəkələrlə xəbər mediası arasındakı fundamental fərq ortaya çıxır.
Deyilir ki, gələcəkdə xəbər saytları öz yerini sosial şəbəkələrə verəcək. Çünki insanlar artıq xəbəri saytlardan deyil, "Instagram", "TikTok", "YouTube" və digər platformalardan öyrənirlər.
Amma bir sual var: xəbəri xəbər edən nədir?
Xəbərin özəyində yenilik dayanır. "İlk", "son", "indi baş verən" hadisə xəbərdir. Reklam isə başqa məntiq üzərində qurulur. Bir şey "ən yaxşı", "ən böyük", "ən gözəl"dirsə, bu, reklamın dilidir. "İlk", "tək", "son" və "indi"dirsə, artıq xəbər dilinə yaxınlaşır. Hətta ən yaxşı reklamın xəbər olmaq olduğu deyilir.
Sosial media isə informasiyanı reklam məntiqi ilə sıralayır: ən yeni olanı yox, ən çox diqqət çəkəni önə çıxarır.
Bu, xəbər üçün ciddi problemdir.
Çünki hadisənin baş verməsindən beş dəqiqə sonra yayılan, amma yanlış olan məlumat operativ görünə bilər, lakin xəbər deyil. Dəqiqləşdirilməmiş iddia, kontekstdən çıxarılmış görüntü, köhnə hadisənin yeni hadisə kimi təqdim edilməsi sosial şəbəkədə saniyələr içində milyonlarla insana çata bilər.
Xəbər mediasının işi yalnız "birinci olmaq" deyil. Birinci olmaqla yanaşı, doğru olmaqdır. Hadisəni yoxlamaq, mənbəni müəyyənləşdirmək, qarşı tərəfin mövqeyini almaq, kontekst vermək və oxucuya "nə baş verdi?" sualından daha artığını izah etməkdir.
Sosial şəbəkə xəbəri sürətləndirə bilər. Amma sürət jurnalistikanın bütün funksiyalarını əvəz etmir.
Problem təkcə xəbərlə də bitmir.
Əvvəllər bütöv albom dinləyirdik. Sonra bir mahnıya keçdik. Daha sonra mahnının bir neçə dəqiqəsinə, indi isə 15-20 saniyəlik hissəsinə.
Eyni şey videoya da oldu: film → sənədli film → uzun "YouTube" videosu → 5 dəqiqəlik video → 59 saniyəlik "reels".
Biz artıq informasiya qəbul etmirik, informasiya qırıntılarını uduruq.
"Facebook"un ilk illərində sosial şəbəkə insanların real həyatının internetdəki əksi idi. İnsanlar nə etdiklərini, harada olduqlarını, nə düşündüklərini paylaşırdılar. İndi isə sosial media getdikcə həyatın əksi olmaqdan çıxıb, həyatın özünü təqlid edən bir sistemə çevrilir.
Burada satılan məhsul təkcə reklam deyil. Diqqətin özüdür.
Sən nə qədər uzun baxırsansa, platforma üçün bir o qədər dəyərlisən. Buna görə də sistem sənin dayanmağını deyil, növbəti videoya keçməyini istəyir.
Sənaye inqilabında insan əməyinin əmtəəyə çevrilməsi kimi, rəqəmsal dövrdə insanın diqqəti əmtəəyə çevrilib.
Süni intellekt isə bu prosesi daha da irəli apara bilər. Artıq real həyatdan maraqlı anları seçib göstərmək yox, mövcud olmayan "maraqlı həyatları" yaratmaq da mümkün olacaq.
Onda sosial media həyatın virtual yansıması olmayacaq.
Virtual həyatın özü olacaq.
Ən təhlükəlisi isə budur: biz bunun baş verdiyini hiss etməyəcəyik.
Çünki həyatımızı yaşamaq əvəzinə, başqalarının həyatına baxacağıq. Özümüzün xatirələrini yaratmaq əvəzinə, başqalarının xatirələrini izləyəcəyik.
Bir video.
Bir sürüşdürmə.
Bir video daha.