Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Baş redaktor həbs olundu – RƏSMİ+YENİLƏNİB
Ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində milli mətbuatımızın inkişafı, azad söz və media mühitinin formalaşdırılması, kütləvi informasiya azadlığının, eləcə də müstəqil jurnalistikanın miqyas və keyfiyyət göstəricilərinin artırılması istiqamətində mühüm irəliləyişlərə müvəffəq olunub.
Bununla yanaşı, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən kütləvi informasiya azadlığı və jurnalist hüquqlarından sui-istifadə edilərək ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli və rüsvayedici məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib dayandırılması müqabilində vətəndaşlardan pul tələb edilməsi, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılması kimi hallara rast gəlinməkdədir.
Prokurorluq orqanları tərəfindən qeyd olunan qanunsuz hallara qarşı qanunamüvafiq tədbirlər davam etdirilir.
Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Baş Prokurorluğundan məlumat verilib.
Belə ki, “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
İstintaq-əməliyyat tədbirləri nəticəsində Əfqan Sadıqovun “Xəbərfakt.az” internet xəbər portalının baş redaktoru Sakit Muradovla qabaqcadan əlbir olaraq barələrində rüsvayedici məlumatları silsilə məqalələrlə kütləvi informasiya vasitələrində yayacaqları hədəsi ilə cari il mayın 9-da Sumqayıt Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri ilə görüşərək həmin məlumatların yayımlanmaması müqabilində 15 min manat məbləğində pul vəsaitini tələb etdikləri müəyyən olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən məhkəmə qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 may 2020-ci il tarixdə cinayətkar niyyətlərini həyata keçirərək vəzifəli şəxslərdən tələb etdikləri pulun 10 min manatını paytaxtın Xətai rayonu ərazisində alarkən hər iki şəxs cinayət başında yaxalanıb və cinayətin predmeti olan 10 min manat pul vəsaiti aşkar olunaraq götürülüb.
Əfqan Sadıqov törətdiyi cinayət əməli ilə bağlı ifadə verməkdən imtina etsə də, digər şübhəli şəxs Sakit Muradov törətdikləri əməli tam etiraf edib, bundan başqa onların törətdikləri cinayət əməllərinə dair əməliyyat-texniki tədbirlər nəticəsində sübutlar əldə edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda əmlakı hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.
Əfqan Sadıqov və Sakit Muradov təqsirləndirilən şəxs qismində cəlb edilərək Ə.Sadıqovun barəsində məhkəmənin qərarı ilə həbs, S.Muradovun barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin dairəsinin tam müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
12:11
Baş Prokurorluq “Azel TV” xəbər portalının baş redaktoru Əfqan Sadıqovun hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması ilə bağlı məlumata münasibət bildirib.
Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Oxu.Az-a açıqlamasında bildirib ki, Əfqan Sadıqovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işinə başlanılıb:
“İş üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Əfqan Sadıqov Cinayət Məcəlləsinin konkret maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq, istintaqa cəlb edilib.
Təfərrüat barədə tərəfimizdən ictimaiyyətə əlavə məlumat veriləcək”.
"Baş Prokurorluq" teqi üzrə xəbərlər
- Üç hərbçini öldürərək ömürlük cəza alan şəxs Ali Məhkəməyə müraciət etdi
- Dövlət xidmətinin üç vəzifəli şəxsi işdən çıxarıldı
- Kamran Əliyev rusiyalı həmkarı ilə ətraf mühitin mühafizəsini müzakirə etdi
- Azərbaycanda tutulan cinayətkar aylar sonra Tacikistana təhvil verildi
- Heydər Məmmədov: "Ali hüquq təhsili alan gənclərin çoxu prokurorluq əməkdaşı olmaq istəyir"
Rəylər