Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Ermənilərin məhkəməsində zərərçəkən: “Uşaqları gətirib deyirdilər ki, bunlar türkdür, sizi öldürərlər”
Bakı Hərbi Məhkəməsinin mühakimə etdiyi Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın məhkəməsində təqsirləndirilən şəxslərin və zərərçəkənlərin ifadələri dinlənilib.
Oxu.Az-ın məlumatına görə, dövlət ittihamçısı Mahir Abbasovun suallarını cavablandıran Qərib Rövşənoğlu bildirib ki, ibtidai istintaqda Lüdvik Mkrtçyan onu tanıyıb:
“Lüdvik Mkrtiçyan məni bir gün axşama qədər döydü, işgəncələr verdi. 1999-cu ildə girov götürülmüşəm. Tapqaraqoyunlu kəndi istiqamətində heyvan otararkən erməni hərbçiləri tərəfindən girov götürüldüm. Məni Şuşa həbsxanasına apardılar. Orada ayrı-ayrı şəxslər mənə ağır işgəncələr verdilər. Lüdvik Mkrtiçyanı Laçın rayonu ərazisində hərbi formada görmüşəm. O, mənim dediklərimi erməni dilinə tərcümə edirdi”, - deyə Q.Rövşənoğlu əlavə edib.
Zərərçəkənin sözlərinə görə, ermənilər ona hərbçi olduğunu deməsi üçün işgəncələr veriblər.
“Mkrtiçyan bizdən yaxınlıqdakı hərbi hissənin yerini soruşurdu və tələb edirdi ki, mən kəşfiyyatçı olduğumu boynuma alım. Azərbaycan dilində təmiz danışa bilir, çünki o bizimlə Azərbaycan dilində danışırdı. 2 ay əsirlikdə qaldım. Beynəlxalq Qırmızı Xaç Komitəsi məni nəzarətə götürəndən sonra işgəncələr dayandı. Qayıdandan sonra 1 ay müddətinə müalicə olunmuşam”.
Q.Rövşənoğlu bildirib ki, Mkrtiçyanın ibtidai istintaqı zamanı üzləşmə keçirilib və təqsirləndirilən erməni onu tanıyıb.
“Salam verdim, o məni tanıdı. Amma ikinci üzləşmə zamanı məni tanıdığını inkar etdi. Mən isə onu görünüşündən və səsindən tanıdım”.
Digər zərərçəkmiş Cavid Hüseyn isə bildirib ki, təqsirləndirilən şəxslər məhkəmədə özlərini məzlum göstərsə də, azərbaycanlı əsirlərlə cəllad kimi davranıblar:
“Hər ikisi Azərbaycan dilini bilirlər. Mən 1994-cü ildə Ağdamın Güllücə kəndi uğrunda gedən döyüşlərdə əsir düşmüşəm. Həmin gün bizi Ağdamda saxladılar, orada bizi öldürmək istəyirdilər. Sonradan onlara məlumat gəldi ki, bizi dəyişəcəklər. Bizi əvvəlcə Xankəndiyə aparıb döydülər, daha sonra Şuşa həbsxanasına apardılar. Orada dəmir boru ilə başımıza vururdular. Şuşa həbsxanasının qarşısı buz bağlamışdı, oranı bizə təmizlətdirdilər, məni orda dəmir parçası ilə döyüb qarın altında basdırdılar. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları gəlmişdi, onlar mənim vəziyyətimi görməsin deyə məni qalaya atdılar. Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan mənim əllərimi bağladı, həbsxananın rəis müavini məni döyməyə başladı. Mənə sual verdilər ki, Qarabağ bizimdir yoxsa sizin? Mən cavab verdim ki, Qarabağ bizimdir. Məni dubinka ilə elə döydülər ki, gözüm çıxdı. Sonra Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri gəldi bizə baş çəkməyə. Yenə də mənim bu vəziyyətimi görməmək üçün karsa saldılar. Biz Şuşa həbsxanasında olanda uşaq bağçalarından uşaqları gətirirdilər. Bizi onlara göstərib dedilər ki, bunlar türkdür, bizim düşmənlərimizdir, onlara yaxın getməyin, sizi öldürərlər. Onlar uşaqları nasist kimi böyüdürlər. Bizi müxtəlif alətlərlə döyürdülər. Həbsxanada olanda bunlar türməyə qız gətirirdilər. Qızların gözləri qarşısında bizi döyürdülər və bu hərəkətlərini qızlara göstərməklə fəxr edirdilər. Mkrtçyanın əlinin üstündə LMN yazısı – döymə var idi”.
Sonra prokurorun tələbi ilə Mkrtiçyanın yazı olan nahiyəsinə baxış keçirilib və C.Hüseynin dediyi təsdiqini tapıb.
Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələrlə ittiham olunurlar.
Bildirilir ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Lüdvik Mkrtiçyan Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib. Onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girib. 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürdükləri Azərbaycan vətəndaşına işgəncələr verib.
Həmçinin 1999-cu ilin sentyabrın 13-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək, İrəvana gətirilən və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə işgəncə verib.
İstintaq materiallarına görə, Lüdvik Mkrtiçyan tərəfindən əsir götürülmüş 11 nəfər Azərbaycan vətəndaşı müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və İrəvanda qanunsuz saxlanıldığı yerlərdə döyülüb, müxtəlif xarakterli işgəncələrə məruz qoyulub. Eyni zamanda Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu avtomat silahdan atəş açılaraq öldürülüb.
Lüdvik Mkrtiçyanın 20 oktyabr 2020-ci ildə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanıldığı bildirilir.
İstintaq müəyyən edib ki, 1967-ci il təvəllüdlü Alyoşa Xosrovyan isə 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verib, onlarla qəddar və qeyri-insani rəftar edib:
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının “müdafiə naziri” Samvel Babayan üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib, ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirib. Onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Məlumatda deyilir ki, Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazilərində kəşfiyyat xarakterli hərəkətlər apararkən 2020-ci ilin oktyabrında Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən saxlanılıb.
Aqşin Kərimov
"Ağdam" teqi üzrə xəbərlər
- Postmüharibə dövrü Ağdam: Minalar əvəzinə üzüm bağları
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Rəylər