Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
Şuşa-Ağdam magistral yolu ilə irəlilədikcə, 1993-cü ildə işğal edilən Ağdamın simasındakı faciə izləri aydın görünür. İşğaldan sonra xarici nəşrlər buranı əbəs yerə "Qafqazın Hirosiması", "Ruhlar şəhəri" adlandırmayıblar.
2020-ci ilin noyabrında - işğaldan azad ediləndən sonra rayonda minadan təmizləmə və kütləvi quruculuq işlərinə başlanıb. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunun yenidən qurulması işləri də bu layihələrdən biridir...
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Ağdamın yeni həyatı
"Əsgəranın ərazisi bitən kimi Ağdamın ərazisi başlayır. Bu ərazi Qarağacı qəbiristanlığından başlayır. Orada bir neçə tarixi qəbir, türbələr olub. Bütün Ağdam şəhərinin və bitişik kəndlərin əhalisi o qəbiristanlıqda dəfn edilib", - deyə səfər yoldaşımız, "Ağdam və mən" telelayihəsinin müəllifi Səadət Məmmədova Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Şuşada təşkil etdiyi "İdeoloji mübarizədə din amili: mediadan gözləntilər" adlı seminar iştirakçılarının Ağdama səfərləri zamanı məlumat verir.
"Şiddətli döyüşlər vaxtı tarixi qəbiristanlıq birbaşa təmas xətti olduğuna görə orada heç kəs əzizini dəfn edə bilmirdi. Təxminən 60 hektar ərazisi olan qəbiristanlıqdan bahalı mərmər daşları ermənilər yığıb aparıb. Köhnə, ucuz başdaşları isə yerindədir. Artıq insanlar xeyli məzarı tapıb üstündə qohum-əqrəbalarının kimliyini, doğum və ölüm tarixlərini yazıblar. O cümlədən, mənim atam, nənəm, atamın nənəsi və babası da bu qəbiristanlıqda dəfn olunub..."
S.Məmmədova Şelli kəndinə gedən yolu göstərir: "Baxın, Mantar dağını çapıblar, oradan çıxan daşdan və əhəngdən Ağdamın quruculuğunda istifadə edilir..."
İrəlilədikcə, "Ağdam" portveyni kimi məşhur olan "Şampan zavodu"nun binasının dağıntıları, Əhmədavar kəndinin ərazisində tarixi Qarabağ memarlığını özündə əks etdirən, şərti olaraq "bəy evləri" deyilən bir neçə böyük evin və ermənilərin viran qoyduğu digər evlərin yanından ötürük.
Ağdam Dram Teatrının tağlarının arxasından 1 nömrəli məktəbin və uşaq bağçasının tikintiləri görünür. Prezidentin Xüsusi Nümayəndəliyinin müvəqqəti düşərgəsinin, Konqres binasının və Ağdam hotelinin yaxınlığından keçib Cümə Məscidinə çatırıq...
Pənahəli xanın mülkü
Yolumuz yenicə ziyarətçilərə açılan Ağdam İmarət Kompleksinədir. Sentyabrın 19-da Prezident İlham Əliyev bərpadan sonra kompleksin açılışını edib.
Xan nəslinin ilk mülklərindən olan bu tarixi-memarlıq abidəsi XVIII əsrdə tikilib. Saray dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıdığından "Pənahəli xanın imarəti" adlandırılıb. Qarabağın sonuncu hakimi Mehdiqulu xanın qəbirüstü türbəsi, həmçinin xanın qızı, görkəmli şair Xurşidbanu Natəvanın məzarı İmarət kompleksində yerləşib. Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər buradakı qəbiristanlıqda dəfn ediliblər.
Ağdam şəhəri işğal edildikdən sonra digər tarixi-mədəni və dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən vandalizmə məruz qalıb. İbrahimxəlil xanın türbəsi və Xurşidbanu Natəvanın qəbirüstü abidəsi də dağıdılıb.
"Mənim babam 1927-ci ildə bu məhəllədə doğulub. O, bizə İmarətin əvvəlki formasının necə olduğunu danışmayıb, bu barədə daha çox bibilərimdən eşitmişəm", - deyə S.Məmmədova davam edir: "İmarətin əsasının Pənahəli xan tərəfindən qoyulduğu deyilir. İkinci günbəzin ortasında əzəmətli kişi skeletinin Pənah xanın olması ehtimal edilir. Amma Pənah xanın orda və ya Kərbəlada basdırılması xəbəri tam təsdiqini tapmayıb. Birinci günbəzdə dəfn olunan Mehdiqulu xan Vəfadır - bu dəqiqləşib. Mehdiqulu xanın sümükləri ilə tutuşdurulması, xüsusən də Pənah xanın skeletinin orda olub-olmadığını müəyyən edə bilmək üçün sərdabə tipli qəbirlərin hamısından DNT nümunələri götürülüb. İmarətdə üzərində 1321-ci il yazılan qəbir görmüşük. Daha qədim qəbirləri tapmaq üçün arxeoloji tədqiqatlar aparılanda iki metr dərinlikdə qazıntılar həyata keçirilib və skeletlər görünüb.
Hazırda kafe kimi fəaliyyət göstərən yerdən çıxan 19 qəbri köçürülmə qəbir adı ilə qıraq tərəfdə, hasarın yanında basdırıblar. Bu da bir daha sübut edir ki, bu ərazi qədim yaşayış məskəni və qəbiristanlıq ərazisidir".
Jurnalist danışır ki, çəkilişlər zamanı İmarətin dağıdılmış vəziyyətinin şahidi olub: "Bərpadan sonra Ağdamın ərazisindən toplanan müəyyən dövrə aid tarixi abidələri Tarix Diyarşünaslıq Muzeyində yığmışdılar. Onların bəziləri itib-batıb, bəzilərini tağlı otağın qabağında yumru dairənin içinə yığıblar. İşğaldan azad olunandan sonra ilk vaxtlar İmarətə getdiyimiz zaman oradakı otaqlarda peyin gördük, divarın dibində pəyə düzəltmişdilər. Natəvanın heykəli sındırılmışdı. Otaqlardan birində erməni ailə yaşayıb. Qadın dırnaq lakı, uşaq əmziyi, çöldə vanna və s. əşyalar vardı, təsərrüfatla məşğul olunmuşdu. Qəbir daşlarının hamısı dağıdılmışdı. Ermənilər bəzi qəbir daşlarını divara hörmüşdülər".
İmarətin zaman-zaman bərpası
"1951-ci ildə İmarət həm də "Qarabağ" futbol klubuna stadion olaraq ayrılıb. 1969-70-ci illərdə İmarətin bərpasına başlasalar da, bərpa işləri yarımçıq qalıb. Sadiq Murtuzayev rayonun partiya komitəsinin katibi olduğu illərdə Ağdamın intibah dövrü olub. Həm mədəni tədbirlərin, həm də futbol oyunlarının keçirilməsi üçün İmarəti təmir etmək qərara alınıb. 1965-ci ildə əraziyə qoruq statusu verilib".
80-ci illərin bərpasından sonra İmarətdə "Natəvan qızlar bayramı" və "Qarabağ" futbol klubunun oyunları keçirilib.
Tədqiqat işləri davam edir
Ölkə başçısının tapşırığına uyğun olaraq 2023-24-cü illərdə Ağdam İmarət Kompleksində yerli və xarici mütəxəssislərin iştirakı ilə bərpa və arxeoloji tədqiqat işlərinə başlanılıb. "Hazırda kompleksin ərazisindəki 6 min kvadratmetrlik sahədə yerləşən tarixi qəbiristanlıqda arxeoloji tədqiqat işləri ikinci mərhələdə davam etdirilir. Aparılan araşdırmalar nəticəsində yeni tarixi faktlar üzə çıxarılıb"- deyə Ağdam, Füzuli və Xocavənd üzrə Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Faiq Hacıyev məlumat verir: "Ağdam İmarət Kompleksi artıq ziyarətçilər üçün açıqdır..."
İmarət Kompleksinə gələn qonaqlar burada yaradılmış park, ziyarətçi mərkəzi, muzey və kafenin xidmətlərindən istifadə edə bilərlər. İnteraktiv muzey kompleksində müxtəlif zamanlarda Cavanşirlər sülaləsinə həsr olunmuş məlumatlar, Qarabağ xanlığı haqqında tarixi faktlar, Xurşidbanu Natəvanın əl işlərinə və poemalarına həsr olunmuş audiovizual təqdimat, İmarət Kompleksinin işğal dövründə və işğaldan azad olunduqdan sonrakı vəziyyətini əks etdirən fotomateriallar nümayiş olunur.
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənistanın zenit-raket kompleksi necə məhv edilmişdi? - Havada vurulan texnikadan GÖRÜNTÜLƏR
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır