10 
Sen
2018
10:02
93
20
10815
Virtual karabakh

Sonluqları dəyişdirilən filmlərimiz

10 Sen, 2018
10:02
10815

Sonluqları dəyişdirilən filmlərimiz

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yeddi oğul istərəm”, “Dəli Kür” və “Axırıncı aşırım”.

Hər üç film sovetlər dövründə, 1969-71-ci illər arasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” tərəfindən istehsal olunan və ilk efir-ekran həyatından populyarlıq, geniş izləyici kütləsi qazanan uğurlu Azərbaycan filmlərindəndir.

Hər üç filmdə də sovet (kommunist) ideologiyasının izləri hiss olunsa da, - xüsusilə, böyük şairimiz Səməd Vurğunun  məşhur “Komsomol” poeması əsasında çəkilən “Yeddi oğlu istərəm”  filmində, - bu kino əsərlərində gizli sətirlərlə olsa belə, Azərbaycanın zadəgan sinfinin, bəyzadəliyin müsbət tərənnümü özünü açıq-aşkar büruzə verirdi.

Hər üç əsərin müəllifi-böyük ədiblərimiz Səməd Vurğun, İstiqlalçı millət vəkili İsmayıl Şıxlı və çox erkən yaşlarında həyatdan köçən Fərman Kərimzadə uzun illər ərzində sovetlərin beyinlərə “həkk etdirdiyi” zadəganlar təbəqəsinin, bəylərin, ağaların və ya qolçomaq kimi adlandırılan zümrədən olan insanların heç də xalqına, dövlətinə qarşı asi kəsilmədiyini, əksinə, onun mənliyi, istiqlaliyyəti uğrunda mübarizə apardığını bədii boylarla, bədi çalarla oxucuların, izləyicilərin yaddaşlarına hopdurmağa çalışıblar.

Hər üç əsərdə, hər üç filmdə müxtəlif adlarla da olsa belə (Gəray bəy, Çahandar ağa və qolçomaq Kərbəlayı İsmayıl), əsasən bəyliyin-bəyzadəliyin bu millətin ruhuna yaxın olduğu, onun ruhu-mənəvi dünyası ilə çulğalaşdığı  fikri aşılanır.

Çox maraqlıdır ki, müxtəlif illərdə çəkilmələrinə baxmayaraq, hər üç film eyni taleyi yaşamalı olur. Hər üç film Azərbaycanda senzuradan, Bədii  Şuradan keçsə də, dövlət rəhbərliyi tərəfindən də heç bir etiraz olmasa da, Moskva-keçmiş Mərkəz tərəfindən dərhal qəzəblə, süngü ilə qarşılanır.

Hər üç filmin bütün məqamlarını, detallarını az qala “zərrəbin dəqiqliyi” ilə yoxlayan Moskva axırda “çepe” tapır.

Yəni, hər üç əsərin, hər üç filmin sonunda Gəray bəyin, Çahandar ağanın, o cümlədən, sovetlərin tərəfdarı olsa da, bəy nəslindən olan Abbasqulu bəy Şadlinskini öldürən Qəmlonu  gülləyən Kərbəlayı İsmayılın filmin müsbət qəhrəmanı kimi təqdim olunmasına, onların müsbət cizgilərlə verilməsinə qəti etirazını bildirir və hər üç filmin sonluğunun dəyişdirilməsini tələb edir. Və bu tələb Azərbaycan tərəfindən etirazla qarşılansa da, sonda qəbul etməkdən başqa yol qalmır.

Belə ki, “Dəli Kür” filmində (əsərin özündə isə belə qalıb) Cahandar ağanı kazakların öldürdüyü səhnəsi yer alsa da, dəyişiklik edilən variantda onun guya şəxsi düşməni olan Allahyar tərəfindən güllə ilə vurularaq, öldürdüldüyü göstərilir.

Və yaxud, uzun illər bir-biriləri gözəl münasibətləri olan Abbasqulu bəy Şadlinski ilə qolçomaq Kərbəlayı İsmayıl sonradan sovetlərin hakimiyyətə gəlməsi, milyonlarla insan qanının axıdılması, sürgünlərdə çürüdülməsi hesabına  mümkünləşən  bədnam “sovetləşmə, kolxozlaşma” siyasəti ilə bağlı əks-cəbhələrdə üz-üzə gəlməli olurlar.

Kərbəlayi İsmayıl sovetləri heç cür qəbul etməsə də, onun üstünə elçi kimi göndərilən köhnə dostu Şadlinskinin sözünü eşitməsə də, amma ən yaxın tərəfdarı və “vuran əli” olan Qəmlo tərəfindən Abbasqulu bəyin güllələnməsini özünə, bəyliyinə sığışdıra bilmir və Qəmlonu gülləyir.

Filmdə də ilk variantda məhz bu səhnələr yer alır. Ancaq filmin dəyişdirilən variantının sonunda guya Qəmlonun sovet əsgərlərindən biri tərəfindən qətlə yetirdiyi göstərilir. Hansı ki,  filmin sonluğu nə qədər senzuraya uğrasa da, kəndlilərin “Kərbəlayi İsmayıl Qəmlonu öldürdü” sözləri Moskvadakıların gözlərindən qaçır və filmdə də məhz bu sözlər qalmaqdadır. 

Eyni zamanda, “Yeddi oğul istərəm filminin sonunda Gəray bəyin öldürülməsi səhnəsi də dəyişdirilir. Yəni, filmdə Gəray bəyin “havalanması”, əslində isə sovet quruluşuna meydan oxuması səhnəsi yer alsa da, efirlərdə, ekranlarda gedən variantda Gəray bəyin özünü güllələməsi və bir qədər aciz durumda olması səhnəsi yer alır...

Onu da qeyd edək ki, hər üç filmdə aktyor heyətinin 90-95 faizi azərbaycanlı aktyorlardır, “Dəli Kür”dəki bəzi obrazları çıxmaq şərti ilə.

Xatırlatmaq yerinə düşər ki, Cənubi Qafqaz ölkələri arasında ən çox başqa respublikalardan və başqa millətlərdən olan aktyorlar məhz qəsdli-məqsədli şəkildə Azərbaycan kinolarında yer alıblar, bir çox hallarda da baş rolları ifa ediblər.

Buna misal kimi, “Romeo mənim qonşumdur”, “Mehman” (Mehman obrazı), “Tütək səsi”( kolxoz sədri Cəbrayıl) filmini və sair filmləri qeyd etmək olar.

Hansı ki, sovetlər dövründə ermənilər və gürcülərin ekranlaşdırdığı filmlərdə demək olar ki, başqa xalqlardan olan aktyorlar çəkilməyib, çəkilibsə də, nəzərə çarpmayacaq dərəcədə...

Bəzi  azərbaycanlı aktyorların açıqlamalarından da məlum olur ki, Azərbaycanın özündə bu məsələ heç də  rahatlıqla qarşılanmayıb, böyük təpkilər göstərilib, hətta, qadın rollarının ifaçıları olan  yerli və kənardan dəvət edilən aktrisalar arasında dava-dalaşa qədər gedib çıxan qalmaqallar yaşanıb...

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri