Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
YARAT Müasir İncəsənət Məktəbinin tələbələri yekun sərgini təqdim ediblər
YARAT-ın XX-XXI əsrlər Rəssamlıq Muzeyində Müasir İncəsənət Məktəbinin ikinci buraxılışının tələbələrinin "Sonsuzluğun sonu" adlı yekun sərgisi açılıb.
Oxu.Az bildirir ki, Müasir İncəsənət Məktəbinin müəllifi və kuratoru Azərbaycanın Əməkdar rəssamı Səbinə Şixlinskayadır. Burada rəssamlar, kuratorlar və incəsənət menecerləri təhsil alırlar. Tələbələrin nəzəri və praktiki biliklər əldə etdiyi illik proqramın sonunda 4 kurator layihəsi hazırlanıb:
"Sonsuzluğun sonu"
Kurator: Sofiya Frank
Art menecer: Tunar Amirov
Rəssamlar: Ellada Ağayeva, Xəyalə Əkbər, Aliya The Mushroom
Dəyişkən kimliklər
Kurator: Mənsurə Məmmədəliyeva
Art-menecer: Nigar Nağdıyeva
Rəssamlar: Ramil Aliev, Fidan Əbilova, Sabina Jafar, Lemontin, Aytac Məcnun, Darya Safarova, Nara Safarova, Valentido
"Utopiyanın fraqmentləri"
Kurator: Murad Mir-Zadə
Art-menecer: Aqnessa Tariverdiyeva
Rəssamlar: Aliya Bayramova, Jalə Əzizova, Leyla İsayeva, Zərifə Ramazanova, Kamran Vəlizadə, Məryəm Yusifəliyeva, Timur Zaripov (xylith)
"3-ün dairəsindən azadlığa bir nəfər"
Kuratorlar: Elçin Hüseyn və Əminə Manafova
Art-menecer: İbrahim Mirzəyev
Rəssamlar Nurlan Babazadə, BAXO (Bəxtiyar Zaidzadə), Lamia Kamilova
YARAT Müasir İncəsənət Məktəbinin final sərgisi, birillik nəzəri kursun uğurlu nəticəsini qeyd edərək, tamaşaçıları unikal və rəngarəng multimedia şousuna dəvət edir. Bu sərgi tələbə art-menecerlərinin təşkilatçılığı ilə tələbə kuratorların və rəssamların bədii ifadələrini bir araya gətirir. Ekspozisiyanı formalaşdıran dörd kurator layihəsinin mərkəzində bu məktəbin rəhbəri Sabina Şıxlinskayanın "sonluğu sonsuzluğa çevirmək cəhdi ilə üfüqə doğru hərəkət" konsepsiyası dayanır.
Hegel fəlsəfəsinin dialektik arqumentasiya metoduna görə, hərəkət bizi qaçılmaz olaraq başladığımız nöqtəyə gətirib çıxarır. Beləliklə, biz "sonsuz sayda sonluqlar" ilə qarşılaşırıq. Lakin sonluqlar bu sərhəddə daim qeyb olurlar. Həqiqi sonsuzluq özündə iki əsas aspekti birləşdirir: sonsuzluğun özü və daim formalaşan sonluq. Bu sonsuzluqda sonluq yox olur və yalnız həqiqi sonsuzluq, yəni öz-özlüyündə mövcud olan varlıq qalır, çünki artıq başqa heç nə mövcud olmur.
Hegelin "sonluq yalnız öz təbiəti vasitəsilə sonsuzluğa çevrilməkdən ibarətdir" dünyagörüşü paradiqmasının mahiyyəti müasir dövrün fəlsəfi meyilləri ilə bir çox cəhətdən uyğunluq təşkil edir.
Metamodernizmin praqmatik romantizmi, sonsuzca uzaqlaşan üfüqü izləməyə cəhd göstərərkən, bir-birinə zidd keyfiyyətləri eyni anda birləşdirir: məntiqi ardıcıl və absurd, ciddi və uğursuzluğa məhkum, lakin yenə də nikbin və ümidlərlə dolu... anlayaraq ki, titrəmələr təbii dünya nizamıdır, məhdudiyyətlər isə hər bir hərəkətə və qavrayışa xasdır. Müasir texnologiyaların imkanları isə bizə dünyanı müxtəlif baxış bucaqlarından görməyə şərait yaradaraq, eyni anda həm futurist, həm də keçmişə nostalji ilə baxan bir mövqedə dayanmağa imkan verir.
Müasir insanın aktual mövcudluğu, özünün həqiqi mənasında, iki qütb arasındakı gərginlikdən - dünyəvi və ilahi, mükəmməl və natamam, həqiqət və yalan, nizam və xaosdan qaynaqlanan bir vəziyyət kimi açılır. Bu mövcudluq, "indinin sərhədlərini gələcəyin imkanlarına doğru dəyişməklə" öz ifadəsini tapır. Sonsuzca uzaqlaşan üfüqün ardınca qaçmaq isə, məhz müasir insanın qismətidir.
Sərgi 2 fevral tarixinədək davam edəcək.
İş saatları: çərşənbə axşamı-bazar günü 12:00-20:00.
Giriş sərbəstdir.
Rəylər