Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Cahangir Cahangirov – 93
Bu gün Azərbaycan Respublikasının xalq artisti, mərhum bəstəkar Cahangir Cahangirovun doğum günüdür.
Oxu.Az xəbər verir ki, Cahangir Şirgəşt oğlu Cahangirov 20 iyun 1921-ci ildə Balaxanıda anadan olub. A.Zeynallı adına Bakı Musiqi Məktəbində, Azərbaycan Dövlət Konservatoriyasında (1951, B.Zeydmanın bəstəkarlıq sinfi) təhsil alıb.
Cahangir Cahangirovun xor sahəsindəki yaradıcılığı əsası Üzeyir bəy tərəfindən qoyulan Azərbaycan xor sənətində zirvə sayılır. 1949-cu ildən başlayaraq bəstəkar Azərbaycan radiosunun nəzdində yaradılan xora rəhbərlik edərək 15 ildən artıq bu kollektivlə işləyib.
Müəllifin yazdığı mahnıların çoxu ilk dəfə həmin kollektivin ifasında səslənib. Habelə o, Azərbaycan Dövlət Filarmoniyası nəzdindəki Mahnı və Rəqs Ansamblının bədii rəhbəri vəzifəsində çalışıb.
Cahangir Cahangirovun yaradıcılığı öz çoxşaxəliyi ilə seçilir. Bəstəkarın xor və instrumental musiqiləri,operaları, bir-birindən gözəl mahnıları var. Bunlara misal olaraq bəstəkarın xor musiqisi sahəsində maraqlı əsərlərindən “Arazın o tayında” poemasını, 12 hissədən ibarət “Dostluq mahnısı” kompozisiyasını, “Azad” və “Xanəndənin taleyi” operalarının xor nömrələrini, “Füzuli”, “Nəsimi”, “Aşıq Alı” kantatalarını, “Sabir” oratoriyasını, Süleyman Ələsgərovla birlikdə yazdığı odanı, onlarca xor miniatürlərini göstərmək olar. Sadalanan əsərlərdən xüsusilə “Füzuli” kantatası Cahangir Cahangirova böyük şöhrət gətirib.
O, kantatada böyük şairin möhtəşəm obrazını, onun daxili aləminin özünəməxsus təsirli və qəlboxşayan musiqi dili ilə aça bilib. Kantatanın mətn əsasını Füzulinin üç qəzəli təşkil edir. Hər bir qəzəl isə öz növbəsində bir hissəni özündə birləşdirir.
1949-cu ildə “Arazın o tayında” vokal simfonik poemasını yaradır və bu əsərə görə SSRİ Dövlət mükafatı laureatı adına layiq görülür. 1950-ci ildə “Arazın o tayında” poeması Moskvanın Sütunlu Salonunda və Leninqradda ifa olunmuş, lent yazısı isə Ümumittifaq Radiosunun Qızıl fonduna daxil edilib.
1962-ci ildə - Mirzə Ələkbər Sabirin 100 illik yubileyi münasibətilə Xor və simfonik orkestr üçün “Sabir” oratoriyasını yazıb.
Canahgir Cahangirov “Azad” və “Xanəndənin taleyi” adlı iki operanın müəllifidir. Hər iki əsərində Cahangirov musiqi klassikamızın korifeyi Üzeyir Hacıbəyovun sənət ənənələrini davam etdirib.
“Xanəndənin taleyi” operası inqilabdan əvvəl Azərbaycanda yaşamış məşhur xanəndə Seyid Mirbabayevin acı taleyindən bəhs edir.
1957-ci ildə Xalq yazıçısı Mirzə İbrahimovun eyni adlı əsəri əsasında bəstələdiyi “Azad” operasında istismar olunan bir xalqın ağır işgəncələrlə dolu həyat tərzi, azadlıq yolunda mübarizəsi əks etdirilib. Librettonun müəllifi və tamaşanın quruluşçu rejissoru Kərim Kərimovdur.
Cahangir Cahangirovun böyük həcmli, mürəkkəb formalı görkəmli əsərlərilə yanaşı, musiqi xəzinəmizi zənginləşdirən çoxlu mahnıları da vardır. Onun “Ana”, “Aylı gecələr”, “Bakı”, “Dan ulduzu, bir də mən”, “Ay qız”, “Ala göz” və s. mahnıları dillər əzbəridir.
Cahangir Cahangirovun bəzi gözəl mahnıları məhz teatr tamaşalarından, ekrandan “ayrılaraq” xalq arasında yayılmışdır. Bu mənada “Yenilməz batalyon” filmindən “Teymurun mahnısı”nı, “Koroğlu” filmindən “Xanəndə qızın mahnısı”nı, “Dəli Kür” filmindən “Ana kür” və “Bayatılar” mahnılarını yada salmaq olar. Bu mahnılarda lirik ifadə çox güclüdür.
Cahangir Cahangirovun mahnılarında söz və musiqi üzvi surətdə müəlliflərin də əməyini və istedadını təqdir etməmək olmaz. Uzun müddət Canahgirov Zeynal Cabbarzadə, İslam Səfərli və Rəfiq Zəka ilə birlikdə çalışıb.
Cahangir Cahangirov klassiklərin yaradıcılığına da müraciət etmiş, ürəyəyatımlı mahnı və romanslar yazıb. Hələ 1947-ci ildə Nizaminin anadan olmasının 800 illik yubileyi günlərində bəstəkar şairin sözlərinə “Gül camalın” romansını və xor üçün “Qəzəl” əsərini yazıb.
Azərbaycanın mütəfəkkir şairi İmaməddin Nəsiminin 600 illik yubileyi günlərində şairin bir qəzəli əsasında mahnı-romans yazıb. “Ənəlhəq” adlanan həmin əsər Azərbaycan Teleradio Verilişləri Şirkətinin keçirdiyi müsabiqədə birinci mükafata layiq görülüb.
Füzuli dühası, Füzuli lirikası Cahangir Cahangirovun yaradıcılıq təxəyyülünə çox uyğundur. Məhz bunun nəticəsidir ki, bəstəkar vaxtaşırı Füzuli şeiriyyatından ilhamlanaraq ürəyəyatımlı əsərlər bəstələyib. Bu baxımdan onun Füzulinin qəzəllərinə bəstələdiyi vokal miniatürlərini qeyd etməliyik. Xüsusilə “Eşitməzdim” qəzəl-romansı cəlbedicidir.
Əməkdar incəsənət xadimi (1959), xalq artisti (1963), SSRİ dövlət mükafatı laureatı (1950) Cahangir Cahangirov 1992-ci ilin martında vəfat edib. Məzarı Fəxri Xiyabanda yerləşir.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
Rəylər