“Acıbadem” Xəstəxanalar Qrupu və “Meqa Həyat Sıgorta” şirkəti arasında əməkdaşlıq müqaviləsi imzalanıb.
Bakıda baş tutan tədbirdə hər iki tərəfdən olan nümayəndələr – “ACIBADEM” Xəstəxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar direktoru Murat Pekmezoğlu, “Meqa Həyat Sığorta”nın İdarə Heyətinin sədri Uğur İbrahimli iştirak ediblər.
Tədbirdə “ACIBADEM” Xəstəxanalar Qrupunun Beynəlxalq Layihələrin İnkişafı və Əməliyyatlar direktoru Murat Pekmezoğlu əvvəlcə iştirakçıları təmsil etdiyi qurum barədə məlumatlandırıb.
O, qeyd edib ki, hazırda 25 ölkədə 50 əlaqələndirmə ofisləri və 5 ölkədə 24 xəstəxanaları var: “1991-ci ildə açılan xəstəxana adını İstanbulda yerləşən Acıbadem məhəlləsindən götürüb.
Xəstəxanaların sadəcə 16-sı Türkiyədə fəaliyyət göstərir. Xəstəxanalarımızda xərçəng və digər xəstəliklərin müalicəsi aparılır. Peşəkar kadrların yetişdirilməsi üçün “ACIBADEM” Universiteti də fəaliyyət göstərir”.
Daha sonra o, “ACIBADEM” Xəstəxanalar Qrupu “Meqa Həyat Sığorta” ilə birgə imzalanan əməkdaşlıq müqaviləsi barədə məlumat verib. Pekmezoğlu qeyd edib ki, “Acıbadem Health Point” fərdi sadiqlik kartları təqdim olunacaq. Kart sahibləri “ACIBADEM” Xəstəxanalarında bir çox tibbi xidmətlərdən güzəştli şərtlərlə istifadə edə biləcəklər. Belə ki, “Acıbadem Health Point” kartları vasitəsi ilə “Meqa Həyat” Sığortanın müştəriləri “Acıbadem” xəstəxanalarında tibbi xidmətlər zamanı 20%-ə qədər güzəştlər qazanmaqla yanaşı, klinikanın Bakı ofisinə müraciət etməklə “Acıbadem”in Türkiyədəki həkimləri tərəfindən ikinci tibbi rəyin alınması, İstanbula səfər zamanı bütün hava limanlarında “Health Point Welcome Lounge”a giriş, İstanbuldakı “Acıbadem” xəstəxanalarına gediş-gəliş üçün VIP transfer və digər güzəştlər əldə edəcəklər. Endirimlərdən kart sahibi ilə yanaşı onun birinci dərəcəli qohumları - ana, ata, həyat yoldaşı və övladları da yararlana biləcəklər.
Xəstəxana təmsilçisi vurğulayıb ki, kart sahiblərinin, həmçinin Türkiyənin hava limanlarında yerləşən “Health Point”lərdən (Sağlamlıq nöqtələri – red.) “ACIBADEM” Xəstəxanalarına ödənişsiz şəkildə transferi də həyata keçiriləcək.
Pekmezoğlu əlavə edib ki, “Meqa Həyat Sıgorta” ilk əməkdaşlıq etdikləri sığorta şirkətidir:
“Sığorta sağlamlıq üçün əhəmiyyətlidir. Azərbaycan xalqına xidmət etmək üçün burdayıq. Əməkdaşlığımız sadəcə xəstələri Türkiyəyə göndərmək deyil, onların müalicəsini burada da ən yüksək səviyyədə təşkil etməkdir. Məlumat üçün bildirək ki, bizim ən əhəmiyyətli fərqimiz isə artıq xəstələrimizin Bakıdakı “Acıbadem”də yoxlanışdan keçdikdən sonra Türkiyədəki həkimlərimizin də qəbuluna ikinci dəfə yazıla bilməsidir. Xidmətlərimiz və standartlarımız eynidir. Keyfiyyət yüksəkdir. “Yaşam sığortası”na qoşulan şəxslərə bu kartları təmənnasız təqdim edəcəyik”.
“Meqa Həyat Sığorta”nın İdarə Heyətinin sədri Uğur İbrahimli “Acıbadem Health Point” layihəsinin ilk mərhələsində bu imkandan “Həyatın Yaşam Sığortası”na yeni qoşulmuş müştərilərin istifadə edə biləcəyini, sözügedən kartların pasiyentlərə yazılı razılıq əsasında təqdim olunacağını və kartlara görə heç bir əlavə ödəniş tələb edilməyəcəyini deyib.