Yaponiya və Azərbaycan arasında uzun tarixə malik dostluq münasibətləri qarşılıqlı hörmət və anlaşma əsasında ildən-ilə möhkəmlənməkdədir. Ölkələri bir-birinə bağlayan ortaq dəyərlər və maraqlar sıx diplomatik, mədəni və iqtisadi əlaqələrin inkişafına öz töhfəsini verir.
Həm Azərbaycanda, həm də Yaponiyada dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, biomüxtəlifliyin qorunması və ətraf mühitə qayğı məsələləri aktualdır. Hər iki ölkə ərzaq təhlükəsizliyinin və yüksəkkeyfiyyətli məhsulların təminatına böyük əhəmiyyət verir.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) himayəsi altında “Azerbaijan Fish Farm” şirkəti tərəfindən istehsal olunan “Baku Caviar” kürüsü Yaponiyanın ən böyük illik qida və içki məhsulları sərgisi olan “Foodex Japan”da təqdim olunub. Qeyd edək ki, sözügedən sərgi Asiya-Sakit Okean regionunda bu sahədə 1 nömrəli sərgi hesab olunur.
“Baku Caviar” kürüsü ekoloji dayanıqlılıq və ətraf mühitə mənfi təsirlərin minimuma endirilməsi prinsipləri nəzərə alınmaqla istehsal olunur. “Baku Caviar” brendinin əsas missiyası Xəzər dənizi üçün endemik nərə balıqlarının vəhşi populyasiyasını bərpa etməkdir. Satılan hər kürü bankasının əvəzinə dənizə 10 nərə balığının buraxılması bunun əyani sübutudur.
“Foodex Japan” sərgisində “Baku Caviar” qara kürüsü təkcə keyfiyyətinə görə deyil, həm də “Azerbaijan Fish Farm” şirkətinin öz qarşısına qoyduğu ekoloji missiyaya görə yaponiyalı ekspertlər tərəfindən yüksək qiymətləndirilib. Bütün bunlar məhsulun oxşar prinsiplərə sadiq Yaponiya auditoriyası arasında uğur qazanmasını şərtləndirib. Sərgi zamanı aparıcı distribütorlar, pərakəndə satış şəbəkələrinin nümayəndələri və şef-aşpazlarla uğurlu görüşlərin keçirilməsi Yaponiya bazarında bu əfsanəvi Azərbaycan məhsuluna böyük marağın olmasından və “Baku Caviar” qara kürüsünün keyfiyyətinin yüksək qiymətləndirilməsindən xəbər verir.
“Baku Caviar” təkcə qızıl keyfiyyət standartı və misilsiz dad deyil, həm də məhsullarını təbiətə qayğı prinsipini əsas götürməklə istehsal edən yeganə kürü brendidir. “Azerbaijan Fish Farm” şirkəti təkcə kürü istehsal etmir, həm də ənənəvi Azərbaycan məhsullarını qoruyub saxlamaqla və Xəzər dənizində biomüxtəlifliyi bərpa etməklə gələcək nəsillər üçün daha yaxşı sabah formalaşdırır. Bunun nəticəsidir ki, “Baku Caviar” Yaponiyada keçirilən “FoodEx” sərgisində öz üstünlüyünü müvəffəqiyyətlə təsdiqləyərək dünya bazarında layiqli şəkildə lider mövqe tutur.
“Azerbaijan Fish Farm” nərə balıqlarının yetişdirilməsi üzrə müasir texnologiyalar sahəsində novator şirkətdir. Belə ki, şirkətin Neftçalada yerləşən müəssisəsi Qlobal Dəniz Məhsulları Alyansının (The Global Seafood Alliance) “Best Aquaculture Practices” (BAP) sertifikatını alan nərə balıqlarının yetişdirilməsi üzrə dünyada ilk ferma kimi tarixə düşüb. Bu nüfuzlu sertifikat AFF-nin dayanıqlı inkişafa sadiqliyini təsdiq etməklə yanaşı, həm də şirkətin dəniz məhsullarının məsuliyyətli istehsalının ətraf mühitin mühafizəsi, sosial məsuliyyət, qida təhlükəsizliyi və heyvan sağlamlığı kimi 4 əsas istiqaməti üzrə ən qabaqcıl təcrübələrə sadiqliyini göstərir. Bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına, o cümlədən ekoloji standartlara uyğun istehsal olunur. Ciddi ekoloji təşəbbüslər sayəsində “Baku Caviar” müasir cəmiyyətin tələblərinə cavab verir. Bu cəmiyyətdə istehlakçılar təkcə məhsulların dadına və keyfiyyətinə deyil, həm də planetimizin gələcəyinə hərtərəfli qayğıya qiymət verir.
Qeyd edək ki, “Azerbaijan Fish Farm” şirkətinin əsas missiyası 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və ən mötəbər beynəlxalq tədbirlərdən olan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) bu ilin noyabr ayında Azərbaycanda keçirilməsi ilə ifadə olunan ekologiya və biomüxtəlifliyin qorunması üzrə dövlətin gündəliyi ilə birbaşa uzlaşır.
“Baku Caviar” sadəcə kürü deyil, Azərbaycanın ruhunun hər bir xırda kürü dənəsində təcəssüm tapmış bir parçasıdır. Bu, bizə gündəlik və bayram həyatımızın hər bir sahəsində ənənələrin və ətraf mühitə qayğının vacibliyini xatırladır.