"İnnovasiyanın uğurlu olması üçün güclü ekosistemin formalaşdırılması kritik əhəmiyyət daşıyır".
Oxu.Az xəbər verir ki, bunu Bakıda keçirilən "Plug and Play × İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi - Sahə üzrə innovasiya çağırışı" innovasiya vörkşopunda "Plug and Play"in açıq innovasiya istiqaməti üzrə direktoru Fabiola Gulli deyib.
O qeyd edib ki, "Plug and Play" Azərbaycanda innovasiyanın inkişafına qlobal təcrübə və qabaqcıl beynəlxalq yanaşmaları təqdim etməklə, eyni zamanda onları yerli ekosistemin xüsusiyyətlərinə uyğunlaşdırmaqla dəstək verməyi planlaşdırır.
F.Gullinin sözlərinə görə, innovasiya yalnız bir iştirakçının fəaliyyəti ilə uğurlu ola bilməz və bunun üçün müxtəlif tərəflərin vahid ekosistemdə bir araya gətirilməsi zəruridir:
"Fəaliyyətə başladığımız hər bir məkanda ilk gündən ekosistemin qurulmasına başlayırıq. Çünki innovasiya tək bir iştirakçı ilə işləyə bilməz. Buna görə də həm qlobal, həm də yerli səviyyədə bütün tərəfləri bir-biri ilə əlaqələndirməyə çalışırıq".
F.Gulli qeyd edib ki, "Plug and Play"in innovasiya platformalarının qurulmasına dəstəyi üç əsas istiqaməti əhatə edir: innovasiya ekosisteminin inkişaf etdirilməsi, korporativ innovasiya və vençur kapitalı:
"Biz konkret çağırışlar üzərində işləyəcək, onları daha aydın və praktik formaya gətirməyə çalışacaq və innovasiyadan biznesin inkişafı üçün vasitə kimi istifadə etməyin yollarını müəyyənləşdirəcəyik".
O əlavə edib ki, açıq innovasiya yanaşması korporasiyaların startaplarla əməkdaşlığının qurulmasına, yeni texnologiyaların tətbiqinə və innovativ həllərin biznes proseslərinə inteqrasiyasına imkan yaradır.
Qeyd edək ki, "Plug and Play × IDDA - Industry Challenges" tədbiri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "Plug and Play" şirkətinin birgə təşkilatçılığı, "AZCON Holding"in portfel şirkətlərinin iştirakı ilə keçirilir. Tədbirin məqsədi Azərbaycanın əsas nəqliyyat və infrastruktur qurumlarının qarşılaşdığı çağırışların innovativ texnologiyalar və startap həlləri vasitəsilə aradan qaldırılması imkanlarını müzakirə etmək, həmçinin innovasiya üzrə yol xəritələrinin formalaşdırılmasıdır.