“Nar” 22 İyul - Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini artıq ənənəvi olaraq təşkil olunan intellektual yarışda bir araya gətirib. 20-dən çox media orqanını təmsil edən jurnalistlər yeddi komandada biliklərini yarışdırıblar. Builki yarışda iştirakçılara yeddi tur boyunca milli və dünya mədəniyyətinə, tarixə, texnologiyaya aid müxtəlif çətinlikdə suallar verilib. Bununla yanaşı, komanda quruculuğu oyunları ilə media nümayəndələrinin bir-biri ilə daha yaxından tanış olmaq fürsəti yaranıb.
Qaliblərin seçimi zamanı həm intellekt yarışının xalları, həm də komanda quruculuğu oyununun nəticələri nəzərə alınıb. Nəticə etibarilə, yarışda qalibiyyəti “Ziya” komandası qazanıb, “Yeni Həyat” komandası ikinci, “Molla Nəsrəddin” komandası isə üçüncü yeri tutub. Qalib komandalara “Nar” tərəfindən xüsusi hədiyyələr təqdim edilib.
“Nar” maariflənməni təşviq etmək məqsədilə müxtəlif sosial layihələr həyata keçirir, eyni zamanda intellektual yarışların dəstəkçisi rolunda çıxış edir. Layihələr haqqında daha ətraflı məlumat üçün: https://www.nar.az/projects/.